RU

Nəqliyyat-tranzit xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində işlər genişləndirilir

Müasir dövrdə rəqəmsallaşma çevikliyin, rəqabət qabiliyyətliliyinin və əlçatanlığın əsas şərtlərindən birinə çevrilib. Bu baxımdan ölkəmizdə nəqliyyat-tranzit xidmətlərinin rəqəmsal müstəviyə keçidi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır.

Azərbaycanın nəqliyyat sistemində bütün mümkün sənədləşmələrin elektron formata keçirilməsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Dövlət Gömrük Komitəsi (DGK) və digər aidiyyəti qurumlar tərəfindən rəqəmsal logistika platformasının formalaşdırılması üzrə işlər yekun mərhələyə çatır. Yeni sistem tranzit daşımalarının daha çevik və şəffaf şəkildə təşkilinə imkan yaratmaqla, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizlərinin cəlbediciliyini artıracaq.

Rəqəmsal logistika platforması sənədləşmə prosesini sadələşdirəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birgə hazırladığı “Tranzit icmalı”nda qeyd olunub ki, hazırlanmaqda olan rəqəmsal logistika platforması bütün mümkün elektron sənədləşmə proseslərini birləşdirəcək və sənədlərin elektron qaydada göndərilməsini təmin edəcək.

Beynəlxalq təcrübəyə əsasən, avtomobil nəqliyyatı üçün e-CMR, dəmir yolu daşımaları üçün isə e-CIM/SMGS elektron qaimələrindən istifadə edilir. Hazırda Azərbaycanda da e-CIM/SMGS dəmir yolu elektron qaiməsi, e-CMR avtomobil nəqliyyatı qaiməsi, elektron konosament (eBL) dəniz daşımaları üçün, eləcə də elektron hava yük qaiməsi (e-AWB) üzərində işlər aparılır. Bundan başqa, elektron baytarlıq sertifikatları və elektron fitosanitar sənədlərin (e-Phytos) tətbiqi istiqamətində də layihələr reallaşdırılır.

Ekspert qiymətləndirmələrinə görə, sənədlərin rəqəmsallaşdırılması nəticəsində bir yük partiyası üzrə vaxt qənaəti 5–20 dəqiqə, inzibati və əməliyyat xərclərinə qənaət isə 2–13 avro təşkil edir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) məlumatına əsasən, yalnız Avropa regionunda potensial e-CMR sənədlərinin illik sayı 145–210 milyon arasında dəyişir. Bu göstəricilər əsasında aparılan hesablamalar illik ümumi qənaətin 290 milyon avrodan 2,73 milyard avroyadək arta biləcəyini göstərir.

UNECE və UN/CEFACT-ın dəstəyi ilə pilot layihələr həyata keçirilir

İİTKM-nin Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birgə hazırladığı “Tranzit icmalı”nda bildirilir ki, hazırda rəqəmsal logistika platforması layihəsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və Ticarətin Asanlaşdırılması və Elektron Ticarət üzrə BMT Mütəxəssislər Qrupunun (UN/CEFACT) dəstəyi ilə Azərbaycan və Rusiya, eləcə də Azərbaycan və Türkiyə arasında elektron əmtəə-nəqliyyat qaiməsinin (e-CMR) tətbiqi üzrə pilot layihələr reallaşdırılır.

Bundan əlavə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında e-CIM/SMGS elektron yük sənədlərinin tətbiqinə dair pilot layihə üzrə işlər aparılır.

Bu təşəbbüslər beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması, sənəd dövriyyəsinin sadələşdirilməsi və nəqliyyat-logistika əməliyyatlarının səmərəliliyinin artırılması məqsədi daşıyır. Pilot layihələr çərçivəsində əldə ediləcək nəticələr gələcəkdə bu sistemlərin genişmiqyaslı tətbiqi üçün əsas baza rolunu oynayacaq.

Rəqəmsallaşma logistika sektorunda səmərəliliyi artırır

Beynəlxalq təcrübə göstərir ki, rəqəmsallaşma yükdaşıma sektorunu köklü şəkildə dəyişdirir, logistika əməliyyatlarının şəffaflığını, sürətini və proqnozlaşdırıla bilənliyini artırır. Məsələn, Almaniyada tətbiq edilən rəqəmsal vaqon izləmə sistemləri (Digital Freight Train) nəticəsində vaqonların dayanma müddəti 25 faiz, vaqonların ümumi dövriyyəsi isə 15–20 faiz azalıb. Bu da öz növbəsində ildə milyonlarla avro həcmində qənaətlə nəticələnib.

Orxan Vahidoğlu, “İki sahil”

Избранный
17
ikisahil.az

1Источники