RU

Avropanı Asiya ilə birləşdirən strateji layihə -Orta Dəhliz

Bu gün regional lider və qlobal aktor kimi mövqeyini getdikcə möhkəmləndirən, söz sahibinə çevirlən Azərbaycan hazırda Qərblə Qlobal Cənub arasında bütün sahələrdə etibarlı və əvəzsiz körpü rolunu oynayır. Əlverişli coğrafi mövqeyi, zəngin enerji ehtiyatları, müasir nəqliyyat-logistika infrastrukturu, milli maraqlara, çoxtərəfli əməkdaşlığa əsaslanan uğurlu xarici siyasəti, ölkəmizin ayrı-ayrı güc mərkəzləri arasında strateji rolunu getdikcə gücləndirir.

Dünyada baş verən geosiyasi proseslər də Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında strateji önəmini artırıb. Bu, özünü ölkəmiz üzərindən daşınan yüklərin həcmində də göstərib. Bu gün, həmçinin Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan həm Avropa, həm də Qlobal Cənub dövlətləri üçün enerji şaxələndirilməsində strateji rol oynayır. Azərbaycanın yerləşdiyi coğrafiya- Cənubi Qafqaz, Xəzər hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında təbii tranzit məkanıdır. Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Bakını Çindən Avropaya uzanan logistika şəbəkəsinin ayrılmaz hissəsinə çevirir.  Azərbaycan həm Qərb, həm də Qlobal Cənub dövlətləri ilə əməkdaşlıq edir. Çinlə strateji tərəfdaşlıq, Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə dərin inteqrasiya, eyni zamanda, Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlıq Azərbaycanın balanslı siyasətini sübut edir.

Hazırda Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhliziləri layihələrinin fəal iştirakçısı olaraq Şimal-Qərb, Cənub-Qərb marşrutları üzərində fəal iş aparan Azərbaycanda son illər beynəlxalq yükdaşımalarının inkiaşaf etdirilməsi istiqamətində mühüm layihələr, Dövlət proqramları həyata keçirilib, modern infrasturktur, müasir standartlara cavab verən idarəetmə sistemi yaradılıb. Azərbaycanın nəqliyyat dəhlizlərində rolunun artırılması baxımından 2023- cü il noyabrın 23-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” bunun əyani təsdiqidir. Sənəddə qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirildikdən sonra Orta Dəhlizin potensial imkanları uğurla reallaşacaq, ölkəmizin beynəlxalq daşınmalardan daha çox gəlir əldə erməsinə geniş imkanlar yaranacaq. Ekspertlərin də bildirdikləri kimi, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək. Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır.

  Prezident İlham Əliyev 2025-ci il sentyabrın 24-də Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində bildirib ki, Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur: “Azərbaycanın əlverişli coğrafi mövqeyi - iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir”.

Orta Dəhlizin inkişaf etdirilməsi sahəsində xüsusilə Azərbaycan və Qazaxıstanın birgə səyləri nəticəsində Çindən dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması müddəti 53 gündən hazırda 18 günə qədər azaldılıb. Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat-Logistika Mərkəzi tərəfindən konteyner qatarı vasitəsilə daşımaların həyata keçirilməsi Orta Dəhlizin bütün iştirakçı dövlətləri, eyni zamanda, Avropa bazarları üçün böyük əhəmiyyət kəsb edir. Mərkəz hesab edir ki, Siandakı Qazaxıstan terminalından başlayaraq Aktau və Abşeron stansiyasiyalarından keçən və uzunluğu 7 min kilometr olan marşrutu 11 günə qət edən qatar nəqliyyatı Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaqla, multimodal daşıma sahəsində ölkələr arasında ticarət, gömrük və sair sahələrdə regional inteqrasiya təşəbbüslərini sürətləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Xəzər yük donanması Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.

Hazırda Azərbaycan qlobal iqtisadiytada mühüm rol oynayan Çinin “Bir kəmər, bir yol” layihəsinin reallşamasında mühüm iştirakçılardan birinə çevrilib. Bu mənada Çin-Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanan Orta Dəhlizə maraq getdikcə daha da artır. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək. Bu dəhliz yalnız Azərbaycan üçün deyil, ölkəmizin ərazisindən keçən bütün dövlətlər üçün əhəmiyyətlidir. Orta Dəhliz ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradacaq. 

Zahid Rza, “İki sahil”

Избранный
28
ikisahil.az

1Источники