RU

Almaniyada iflas edən şirkətlərin sayı son on ildə ən yüksək həddə çatır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Berlin, 13 oktyabr, AZƏRTAC

Almaniyada iflas edən şirkətlərin sayının artaraq son on ilin ən yüksək göstəricisinə çatacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) ilkin məlumatına görə, sentyabrda təqdim olunan iflas ərizələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. İyulda isə 2197 şirkət haqqında iflas işi açılıb ki, bu da ötən ilə nisbətən 13,4 faiz çoxdur. İyulda iflası qeydə alınan şirkətlərə kreditorların tələblərinin ümumi məbləği 3,7 milyard avro təşkil edib. Ötən ilin iyulunda bu göstərici 3,2 milyard avro olub.

Bu ilin iyulunda Almaniyada 10 min şirkətə orta hesabla 6,3 iflas halı düşüb. İflas hallarına ən çox daşıma və anbar sektorlarında rast gəlinib. Bu sektorlarda hər 10 min şirkətə 12,7 iflas halı qeydə alınıb. Sonrakı yerlərdə iaşə və müxtəlif iqtisadi xidmətlərin göstərilməsi (hər ikisi üzrə 10 min şirkətə 9,9 müflisləşmə) qərarlaşıb.

Qeyd edək ki, pandemiya dövründəki dövlət dəstəyinin bitməsi, zəif ixrac göstəriciləri və sənaye istehsalındakı azalma iflas vəziyyətini daha da ağırlaşdırır. İflas hallarının əsas səbəbləri arasında maliyyə axınının zəifləməsi, çevik biznes modellərinin olmaması və strateji qərar səhvləri də qeyd olunur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
1
azertag.az

2Источники