RU

Bu şəxslər faizsiz kreditdən yararlana biləcəklər — Ekspert AÇIQLADI

"Azərbaycanda Mərkəzi Bankın 2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasında İslam bankçılığı sisteminin formalaşdırılması nəzərdə tutulub. İslam bankçılığı sistemi əsasən şəriətə uyğun maliyyə alətlərinin hüquqi və digər istiqamətlərdə tənzimlənməsini əhatə edir". 

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.

O, bildirib ki, ən vacib məqam ondan ibarətdir ki, İslam bankçılığına qoşulan banklar faizdən azad olunur və kreditlər üzrə faiz nəzərdə tutulmur:

"Ümumiyyətlə, faiz verən və faizdən gəlir əldə edən fiziki və hüquqi şəxslərə belə təminatlar verilməyəcək. Bir neçə bank İslam şəriət qaydaları ilə İslam bankçılığı sisteminə qoşulmaq təşəbbüsləri irəli sürüb. Rabitabank və Turanbank vaxtilə İslam İnkişaf Bankı ilə maliyyə korporasiyası memorandumu və niyyət protokolu imzalamışdılar. Bu bankların İslam bankçılığına qoşulması nəzərdə tutulurdu".

Ekspertin sözlərinə görə, bu sistemdən yalnız konkret biznes layihəsi olan və gəlir əldə etmək imkanları olan şəxslər yararlana biləcəklər:

"Burada risklər analiz olunur və fəaliyyətin şəriət prinsiplərinə uyğun olub-olmadığı müəyyənləşdirilir. Eyni zamanda, kreditin veriləcəyi şəxsin fiziki aktivlərinin və digər təminatların olması vacib şərtdir. Bundan başqa, ənənəvi banklarda olduğu kimi fiziki şəxslərə bəzi güzəşli kreditlər də təklif edilə bilər. Bu zaman şəriət prinsiplərinə uyğun olaraq mənfəət paylaşımı və ya icarət tipli modellər tətbiq olunacaq".

O, bildirib ki, ilkin mərhələdə nəzərdə tutulub ki, bu il üçün sistem bankların içində bir şöbə kimi fəaliyyət göstərsin:

"Bu, dünya təcrübəsində “Windows modeli” adlanır və mövcud bankın içərisində xüsusiləşmiş bölmələr vasitəsilə kredit məhsulları təqdim olunur. Hal-hazırda hüquqi baza yekunlaşmaq üzrədir və qanunvericiliyə uyğun dəyişikliklər müzakirə olunur. Banklar haqqında qanunvericilik və digər baza qanunvericilik sisteminin formalaşdırılması həyata keçirilir".

İqtisadçı bildirib ki, proseslər yekunlaşdıqdan sonra Azərbaycanda bəzi bankların İslam bankçılığı sisteminə şəriət qaydaları ilə qoşulması mümkün olacaq:

"Belə olduğu halda, hər kəs bu kreditlərdən istifadə edə biləcək və faizsiz kreditlərlə təminat məsələsi vacib şərt kimi nəzərə alınacaq".

Əfsanə Kamal
Demokrat.az
Избранный
7
1
demokrat.az

2Источники