RU

Şahin Mustafayev: İrandakı Cənub Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir

BAKI, 13 oktyabr. TELEQRAF

"Üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında təşviqi zəruridir".

Teleqraf xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə Baş nazirin müavini Şahin Mustafayev deyib.

"Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı il 8 avqust tarixli Bəyannaməsinin və 2017-ci il 1 noyabr tarixli Birgə Bəyanatının iqtisadi əməkdaşlıq, təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və energetika sahəsində layihələrin həyata keçirilməsi baxımından müstəsna rolu var", - Baş nazirin müavini deyib.

Tədbirdə Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın böyük önəm kəsb etdiyi bildirilib.

Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb:

"Müvafiq dəmir yolu infrastrukturunun modernləşdirilməsindən sonra Azərbaycan ərazisindən hər il daşınmalı olan yüklərin təmin edilmiş həcminin 2028-ci il yanvarın 1-dən etibarən ildə azı 5 milyon ton müəyyən edilib. Bu həcmin tərəflərin müvafiq qərar qəbul etdikdən sonra isə azı 15 milyon tona qədər artırılması planlaşdırılır".

Ş.Mustafayev 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini xatırladıb:

"Eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisi yekunlaşmaq üzrədir".

Избранный
27
teleqraf.com

1Источники