Azərbaycan regionda çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlığı təşviq edən etibarlı tərəfdaş kimi - Heydər Əsədov
Oktyabrın 9-da Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbəyə səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycanın regional təşkilatlar çərçivəsində oynadığı fəal rolu bir daha nümayiş etdirib. Növbəti gün baş tutan məhdud tərkibli iclasda dövlətimizin başçısı çıxış edərək birliyin fəaliyyətində strateji istiqamətləri müəyyən edən mühüm fikirlər səsləndirib, MDB məkanında qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və humanitar inteqrasiyanın əhəmiyyətinə diqqət çəkib.
Müzakirələr zamanı səsləndirilən ümumi fikirlər göstərdi ki, birliyin əsas məqsədi üzv dövlətlər arasında bərabərhüquqlu münasibətlərin qorunması, qarşılıqlı maraqların təmin olunması və humanitar, iqtisadi, siyasi sahələrdə inteqrasiyanın dərinləşdirilməsidir. Bu yanaşma MDB-nin gələcək fəaliyyətində dayanıqlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir.
İclas zamanı Prezident İlham Əliyev Tacikistan ilə Azərbaycan arasında münasibətlərin müsbət dinamikasına diqqət çəkərək, bu əlaqələrin ardıcıl inkişaf etdiyini qeyd edib. İki ölkə arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanan münasibətlər formalaşıb. Bu münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmır, həm də iqtisadi, ticari, mədəniyyət, təhsil və enerji kimi sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq sisteminə çevrilib.
Azərbaycan ilə Tacikistanı birləşdirən ortaq tarixi köklər, mədəni yaxınlıq və qarşılıqlı hörmət ənənələri münasibətlərin təməlini təşkil edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanmış sənədlər və həyata keçirilən birgə layihələr bu əlaqələrin daha da genişlənməsini təmin edir. İki ölkə arasında qarşılıqlı investisiya təşəbbüsləri, nəqliyyat-kommunikasiya əlaqələrinin gücləndirilməsi və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər MDB çərçivəsində regional inteqrasiyanın möhkəmlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında MDB dövlət başçılarına Azərbaycanın Şərqi Zəngəzur bölgəsində yerləşən Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Həmin qərar təkcə Laçının qədim tarixi və zəngin mədəni irsinin tanınması deyil, həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinə verilən beynəlxalq dəyərin təzahürüdür.
Bu ilin iyununda Laçında keçirilmiş “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimi şəhərin dirçəlişini nümayiş etdirən mühüm tarixi məqam kimi dəyərləndirilib. Mərasim iştirakçıları Laçının tarix boyu formalaşmış mədəni irsi, memarlıq ənənələri və təbiət gözəllikləri ilə tanış olublar. Eyni zamanda, onlar 30 illik işğal dövründə tamamilə dağıdılmış şəhərin bir neçə il ərzində müasir infrastruktur, ekoloji standartlara uyğun planlaşdırma və sosial obyektlərlə bərpa olunmasının şahidi olublar.
Laçının belə qısa müddətdə müasir şəhərə çevrilməsi Azərbaycanın güclü dövlət idarəçiliyi və məqsədyönlü siyasətin nəticəsidir. Həmin şəhərin MDB mədəniyyət paytaxtı elan edilməsi, həmçinin təşkilat çərçivəsində mədəni diplomatiyanın güclənməsinə, xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və ortaq dəyərlərin təbliğinə mühüm töhfə verib. Bu əlamətdar hadisə MDB məkanında mədəni həmrəyliyin, bərabərhüquqlu əməkdaşlığın və inteqrasiya proseslərinin səmərəli nümunəsinə çevrilib.
Prezident İlham Əliyev MDB məkanında humanitar əməkdaşlığın əhəmiyyətini vurğulamaqla, sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində keçirilən III MDB Oyunlarının uğurlu təşkilini yüksək qiymətləndirib. Oyunlar Nizami Gəncəvinin doğma şəhəri Gəncə ilə yanaşı, Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəki şəhərlərində keçirilib. 13 ölkədən – həm MDB üzvləri, həm də qonaq dövlətlərdən gələn 1600-dən çox idmançı bu yarışlarda iştirak edib.
Bu mötəbər idman tədbiri həm yarış meydanlarında qazanılan uğurlarla, həm də xalqlar arasında dostluq və həmrəylik ruhunun təbliği ilə yadda qalıb. Oyunların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi ölkənin idman infrastrukturunun yüksək səviyyəsini və beynəlxalq tədbirləri peşəkar şəkildə təşkil etmək potensialını nümayiş etdirir.
Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası bir daha təsdiqləyib ki, Azərbaycan birliyin ən fəal və etibarlı üzvlərindən biridir. Prezident İlham Əliyevin çıxışı birliyin gələcək fəaliyyətinə strateji istiqamət verən, MDB məkanında əməkdaşlıq, sabitlik və mədəni inteqrasiyanın dərinləşdirilməsinə yönəlmiş prinsipial mövqenin ifadəsi olub.