RU

Binalarla bağlı yeni tələb: enerji pasportu olmasa, satılmayacaq!

Azərbaycanda yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Məsələ artıq Milli Məclisin plenar iclasında müzakirə edilib və birinci oxunuşda qəbul olunub.

 

Qanuna görə, pasportlaşdırma qanun qüvvəyə mindikdən sonra yalnız yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan binalara şamil ediləcək. Mövcud, yəni istismarda olan binalar bu tələbdən kənarda qalacaq. Qayda və mexanizmlər Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

 

Qanun dəyişikliyinə niyə ehtiyac yaranıb?

 

Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, bu dəyişiklik həm iqtisadi, həm də ekoloji baxımdan zəruridir.

 

“Dünya əhalisinin sayı durmadan artır, eləcə də sənayenin inkişafı və insanların gündəlik tələbatı enerji istehlakını hər keçən gün artırır. Enerji istehlakının artması isə ənənəvi enerji mənbələrinin sürətlə tükənməsi və onların yaratdığı ekoloji problemlər səbəbindən enerji istehlakına nəzarət və idarəetmənin vacibliyini artırır,” – deyə deputat qeyd edib.

 

Rövşən Muradovun sözlərinə görə, enerjiyə qənaət və ekosistemə zərərin azaldılması hazırda dünya gündəminin əsas məsələlərindəndir.

 

“Ümumiyyətlə, dünyada enerjinin son istehlakı sənaye, nəqliyyat və tikinti kimi böyük sektorların payına düşür. Xüsusilə əhalisi çox olan şəhərlərdə yerləşən binalardakı enerji istehlakı istixana qazı emissiyalarının əhəmiyyətli hissəsinin yaranmasına səbəb olur”, – deputat vurğulayıb.

 

Deputat Beynəlxalq Enerji Agentliyinin məlumatına istinad edərək deyib ki, 2022-ci ilə görə, binaların istismarı zamanı istehlak olunan enerji qlobal səviyyədə ümumi enerji istehlakının 30 faizini, karbon emissiyalarının isə 26 faizini təşkil edir.

 

O əlavə edib ki, Azərbaycanda da vəziyyət oxşardır:

 

“Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə enerji sərfiyyatında ən böyük pay ev təsərrüfatı sektoruna aiddir. 2023-cü ildə bu göstərici 38 faiz olub. Qeyri-yaşayış binalarını əhatə edən kommersiya və ictimai xidmət sektorunun payı isə 13 faiz təşkil edib. Hər iki sektorda ən çox istifadə olunan enerji resursu, o cümlədən təbii qaz, 78,4 faiz təşkil edir”.

 

“Layihələndirmə mərhələsində qənaət təmin olunacaq”

 

Rövşən Muradov hesab edir ki, enerji effektivliyinin təminində əsas mərhələ layihələndirmədir:

 

“Bir binada enerji effektivliyini təmin etmək üçün ilk növbədə layihələndirmə zamanı istehlak göstəricisini hesablamaq lazımdır. Binanın tikintisindən öncə onun enerji istehlak göstəricisini müəyyən etməklə enerjiyə qənaət etmək və karbon emissiyasını minimuma endirmək mümkündür.”

 

Onun sözlərinə görə, bu yanaşma nəticəsində binalarda səmərəsiz enerji istifadəsinin qarşısı alınacaq və enerji effektivliyi pasportu binanın enerji, istilik texnikası və həndəsi göstəricilərinin normativlərə uyğunluğunu təsdiqləyən sənəd olacaq.

 

 

Pasportun hazırlanması və qiymət prinsipi

 

Deputat bildirib ki, pasport bina layihəsinin proqram təminatına daxil edilməsi yolu ilə hazırlanacaq və bu proses beynəlxalq təcrübədə iqtisadi baxımdan sərfəli hesab olunur:

 

“Tərtibatçı binanın enerji effektivliyi pasportunu tikinti norma və qaydaları, o cümlədən standartlar əsasında hazırlanmış metodologiyaya uyğun olaraq, bina layihəsini proqram təminatına köçürərək əldə edir. Proqram binanın enerji səmərəliliyi sinfini hesablayır və pasport tərtib olunur”.

 

Rövşən Muradov qeyd edib ki, pasport qiymətləri bazar tərəfindən müəyyən ediləcək və bina sahəsi böyüdükcə kvadratmetr üzrə qiymət azalacaq.

 

“Böyük Britaniyada 100 kvadratmetrə qədər olan binalarda 1 kvadratmetr üçün qiymət 10 manat 11 qəpikdir. 750–1000 kvadratmetr arasında bu rəqəm 1 manat 32 qəpiyə enir. Türkiyədə isə sahəsi 600 kvadratmetrə qədər olan binalarda qiymət 22 qəpik, 10–20 min kvadratmetr aralığında isə 6 qəpik təşkil edir”.

 

Deputatın fikrincə, qiymətin aşağı olması nəticəsində mövcud binaların sahibləri də könüllü şəkildə pasportlaşdırmada maraqlı olacaq.

 

“Çünki bu proses həm enerji səmərəliliyinin izlənməsinə, həm də ölkə üzrə enerji strategiyasının icrasına kömək edəcək”.

 

“İzolyasiya tədbirləri ilə enerji sərfiyyatını 50% azaltmaq mümkündür”

 

O bildirib ki, 2023–2024-cü illərdə həyata keçirilən enerji səmərəliliyi və iqlim dəyişiklikliyi layihələri göstərib ki, təkcə izolyasiya tədbirləri sayəsində mövcud binalarda enerji sərfiyyatını 50 faizə qədər azaltmaq mümkündür.

 

“Hazırda ölkədəki köhnə binaların əksəriyyətinin enerji effektivliyi çox aşağı səviyyədədir. Ekspertlərin hesablamalarına əsasən, paytaxtda olan 1000 kvadratmetr yaşayış binasının qızdırılmasına ildə 250 kilovat/saat enerji sərf olunur”, – deputat deyib.

 

Deputat əlavə edib ki, enerji effektivliyinə çəkilən xərclər binanın təyinatından asılı olaraq dəyişir:

“Yüksək enerji tələbatı olan otel və xəstəxana kimi binalarda bu xərclər yaşayış binalarına nisbətən fərqli olur. Lakin ortalama olaraq 5–7 il ərzində qoyulan bütün xərclər geri qayıdır”.

 

 

“Pasport həm vətəndaş, həm də iqtisadiyyat üçün faydalıdır”

 

Deputat hesab edir ki, qanuna edilən dəyişikliklər enerji qənaəti, karbon emissiyasının azaldılması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək:

 

“Qanunda müvafiq dəyişikliklərin edilməsi Azərbaycanda enerji effektivliyi üzrə pasportlaşdırılma və vətəndaşların həm sağlamlığının, həm həyat keyfiyyətinin yaxşılaşdırılmasına, eyni zamanda enerjiyə qənaətə, həmçinin karbon emissiyasının azaldılmasına, nəticədə isə iqtisadiyyata və cəmiyyətə əlavə faydalar gətirəcək”.

 

Onun sözlərinə görə, pasportlaşdırma binalarda yeni kommunikasiya xətlərinin çəkilməsini və onların keyfiyyətli saxlanmasını təmin edəcək:

 

“Yeni tikilən binalar təhvil veriləndə bütün bu kommunikasiya xətləri artıq hazır olacaq və sonradan vətəndaşlara satılacaq. Köhnə binalar isə bu prosesə daxil deyil. Digər binalardakı mənzil-müştərək cəmiyyətləri və ya idarəçilər pasportlaşmadan sonra enerjiyə az pul ödənildiyini və evlərin daha tez istiləndiyini gördükdə, bu prosesi öz binalarında da tətbiq etməyə çalışacaqlar. Yeni binalarda isə bu tələb məcburi olacaq və insanlar pasportlaşdırılmış, enerji qənaətli binalara üstünlük verəcəklər. Məsələn, bu gün kvadratmetrini 2500 manata aldıqları evi 2700 manata alacaqlar, amma çəkilən xərci 5–7 il ərzində geri qazanacaqlar”.

Избранный
4
2
modern.az

3Источники