"Gücümüz çatan və çatmayan qədər oynadıq".
Bunu Azərbaycan milli komandasının yarımmüdafiəçisi Abdulla Xaybullayev Sportal.az saytına müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Azərbaycan Fransa ilə görüşdə 0:3 hesabı ilə məğlub oldu. Hər halda, rəqibin gücünü nəzərə alsaq, hesab daha da böyük ola bilərdi. Matçdan əvvəl nə düşünürdünüz?
- Bəli, həqiqətən də çox ağır matç idi. Hər halda, dünya çempionuna qarşı oynayırdıq. Düzünü desəm, matçdan əvvəl 1 xal qazana biləcəyimzlə bağlı inam var idi. Amma necə alındı, hamımız gördük. Biz sona qədər mübarizə aparırdıq.
- Çoxları düşünür ki, Fransa ilə görüşdə Azərbaycan millisinin heyətində ən yaxşı oyunçu məhz sən idin. Sənə motivasiya verən nə idi?
- Bu cür görüşdə bir nəfəri seçmək doğru olmazdı. Biz bütün uşaqlarla birlikdə sona qədər mübarizə apardıq. Gücümüz çatan və çatmayan qədər oynadıq. Təəssüf ki, sonda uduzduq.
- Səncə, ilk hissənin son dəqiqələrində qol buraxmasaydınız, daha yaxşı nəticə qeydə alına bilərdi?
- Qol buraxmasaydıq, ikinci hissədə nə baş verərdi, onu deyə bilmərəm. Amma ilk hissənin son dəqiqəsində qol buraxmaq həqiqətən də üzücü idi. Çünki hissənin bitməsinə çox az qalmışdı.
- Qrupdakı artıq üç rəqibə qarşı da oynadınız. Hansı komandaya qarşı oynamaq daha çətin idi?
- Hansısa müqayisə aparmaq istəməzdim. Çünki qrupumuzda asan rəqib yoxdur. İstənilən komandaya qarşı oynamaq çox ağırdır. Biz əlimizdən gələni etməyə çalışırıq.
- Milli komanda artıq Krakovdadır. Fransaya qarşı matç, daha sonra Polşaya uçuş, yorğunluq var?
- Əlbəttə ki, yorğunluq var. Uçuşumuz normal keçdi. Artıq Ukrayna ilə görüşə hazırlaşırıq, bu oyun haqda düşünürük.
- Sabah yığma komandamız Ukraynaya qarşı meydana çıxacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?
- Ukrayna millisinin də gücünü yaxşı bilirik. Onların da heyətində yaxşı futbolçular oynayır. Amma biz əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirəm ki, hər şey yaxşı alınar.