GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Əfqanıstan-Pakistan sərhədində yenə döyüşlər olub. Tərəflər bir-birlərinin ərazilərini artileriya atəşinə tutublar. Döyüşlərdə hərbi təyyarələrdən də istifadə edilib. Taliban Pakistan hərbi təyyarələrinin Əfqanıstanın hava sahəsini pozduğunu iddia edir. Hər iki tərəfdən ölən və yaralananlar var”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, il ərzində iki ölkə arasında müxtəlif silahlı toqquşmalar baş verir və bu zaman onlarla hərbçi həlak olur:
“Tərəflər baş verən silahlı toqquşmalarda bir-birlərini ittiham edirlər. Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır. Halbuki, vaxtilə Talibanın yaranmasında Pakistanın rolu olub. Ancaq Əfqanıstan ərazisindəki “Pakistan Talibanı” (Təhriki Pakistan) adlanan silahlı qrup Pakistanın sərhəd məntəqlərinə hücumlar təşkil edir. Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir.
Gərginliyi artıran səbəb iki ölkə arasında sərhədin qeyri-müəyyənliyidir. 2670 km uzunluğundakı sərhədi 1893-cü ildə ingilis müstəmləkəçiləri müəyyənləşdiriblər. Əfqanıstan “Durand xətti” adlanan sərhədi rəsmi olaraq tanımır. Bu isə öz növbəsində gərginliyə səbəb olur. Pakistan sərhədi keçməyə çalışan müxtəlif silahlı qruplara zərbə endirdəndə Taliban bunu Əfqanıstan ərazisinə hücum kimi qiymətləndirir və cavab zərbələri endirir. Taliban döyüşçüləri Pakistan ərazisində müxtəli postları ələ keçirəndə bunu qonşu ölkənin ərazisi kimi qiymətləndirmir”.
Politoloq qeyd edib ki, Əfqanıstanla Pakistan arasında lokal silahlı toqquşmalar böyük müharibəyə səbəb olmasa da, bölgədə gərginlik ocağı yaradır:
“Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Pakistan-Əfqanıstan gərginliyi bu iki ölkəni əhatə edən müxtəlif regional layihələrə də təhlükə yaradır. Bütün hallarda Əfqanıstanla Pakistan arasında sərhəd müəyyənləşməyənə qədər gərginlik azalmayacaq. Sərhədin müəyyənləşməsi üçün isə ikitərəfli komissiya formalaşmalıdır. Problem ondadır ki, bölgənin digər ölkələri arasında da dağlıq hissələrdən keçən sərhədlər dəqiq müəyyənləşməyib”.
Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.