RU

AMEA MÜSTƏQİL AZƏRBAYCANIN MİLLİ SƏRVƏTİDİR Professorun YAZISI

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Türk dünyasının problemlərinin araşdırılması, Türk coğrafiyasının birləşdirilməsi və inkişaf etməsi istiqamətlərində AMEA-nın fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac var

ŞƏFA ƏLİYEV,

Professor, iqtisad elmləri doktoru,

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri

Hər bir müstəqil dövlətin inkişafında və tərəqqisində elmin rolu danılmazdır. Elmi əsaslar üzərində qurulan iqtisadiyyat daha dayanıqlı və uzunmüddətli hədəflərə malik olur. Ölkənin resurs potensialından məhsuldar və səmərəli istifadə edilməsində elmi-tədqiqatların rolu müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Milli Elmlər Akademiyası yarandığı gündən bu şərəfli missiyanı uğurla həyata keçirməkdədir.

Bu il AMEA-nın 80 illik yubileyidir və bununla bağlı olaraq ölkə Prezidentinin 18 mart 2025-ci il sərəncamında qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır.

Hesab edirik ki, dövlət başçısının bu fikirləri tamamilə haqlıdır və əlavə edək ki, məhz Akademiyanın müxtəlif strukturlarının fəaliyyəti nəticəsində ölkəmiz üçün vacib olan elmi-tədqiqatlar aparılımış, onların nəticələri iqtisadiyyatımızın müxtəlif sahələrində uğurla tətbiq olunmuşdur. İslahatlar dövrünü keçirməsinə və bir qrup strukturlarının başqa dövlət qurumlarının tabeçiliyinə verilməsinə baxmayaraq, AMEA bu gün də şərəfli və mühüm funksiyaları yerinə yetirməkdə davam edir. Burada ölkəmizin görkəmli alimləri fəaliyyət göstərməkdədirlər və elm, zəka ocağının müqəddəsliyini qorumaqdadırlar.

Qeyd edək ki, AMEA-nın məzmunlu və layiqli yaranma, inkişafetmə tarixi vardır. Bu mühüm elm mərkəzinin təməli əslində 1923-cü ildə Azərbaycanda Tədqiq və Tətəbbö Cəmiyyətinin qurulması ilə qoyulub. Belə ki, bu Cəmiyyət ilk elm istiqamətli akademik qurum olmuşdur. Məhz həmin cəmiyyətin əsasında 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yaradılmışdır. Digər önəmli bir addım 1932-ci ildə atılmışdır. Belə ki, SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi yaradılmışdır və elmin müxtəlif istiqamətləri üzrə tədqiqatların aparılmasına başlanılmışdır. 1935-ci ildən etibarən SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi ayrıca filial statusu almışdır. Məhz bütün bunların nəticəsində respublikamızda müstəqil akademik qurumun yaradılması üçün ciddi əsaslar formalaşdırılmışdı.

1941-1945-ci illərdə Azərbaycanlı alimlər görkəmli ixtira və fəaliyyətləri ilə faşizm üzərində qələbəyə ciddi töhfə vermişlər. Həmin dövrdə reallaşdırılan ixtiralar nəticəsində daha yüksək göstəricilərə malik yanacaq məhsulları istehsal olunmuşdur ki, bu da müharibədə tankların və xüsusilə döyüş qırıcı təyyarələrinin manevr qabiliyyətini yüksəldə bilmişdir. Sənayenin müxtəlif sahələrində uğurlu ixtiralar həyata keçirən Azərbaycanlı alimlərin nüfuzu getdikcə artmaqda idi. Artıq həmin dövrdə respublikamızda müxtəlif elm sahələri istiqamətlərində alimlər və tədqiqatçılar yetişməkdə, institutlar yaradılmaqda və müxtəlif məzmunlu elmi nəşrlər dərc edilməkdə idi. Belə bir şəraitdə 1945-ci il martın 27-də Azərbaycan filialının bazasında Azərbaycan SSR Elmlər Akademiyası təsis olunmuşdur. Qeyd edək ki, akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımov idi.

Elmi-tədqiqatlarla yanaşı Akademiya həm də milli təfəkkürün formalaşmasında, inkişafında, milli-mənəvi dəyərlərin nisbətən qorunub saxlanmasında önəmli rol oynamışdır. Ümumilikdə keçmiş SSRİ-nin siyasətinə və Moskvadan verilən təlimatların, əmirlərin məzmununa uyğun fəaliyyət göstərməsinə baxmayaraq, bu elm mərkəzində Azərbaycançılıq və milli dəyərlər daim xüsusi diqqət mərkəzində olmuş və bu günki nəslə ötürülmüşdür. Maraqlı və qürurvericidir ki, məhz bu dövrdə AMEA-da ümummilli və dövlətçilik ideyaları, istiqlalçılıq fikirləri formalaşmış və məzmunca Azərbaycan xalqının milli istiqlal arzuları və hədəfləri zənginləşdirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə AMEA-da bir qrup mühüm elmi məktəblər yaradılmışdır. Bunlara fizika, kimya, riyaziyyat kimi fundamental elm sahələrini, həmçinin ədəbiyyatşünaslıq, dilçilik, şərqşünaslıq, türkologiya kimi məktəblərin formalaşdırılmasını aid etmək lazımdır. Bundan əlavə, neft sənayesinin inkişafında AMEA-nın tədqiqatları və nailiyyətləri, ümumilikdə keçmiş SSRİ-də neft-qaz sənayesinin inkişafında strateji əhəmiyyət kəsb etmişdir.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ikinci dəfə hakimiyyətə gələn Prezident Heydər Əliyev tərəfindən 2003-cü ildə AMEA-nın yeni Nizamnaməsi təsdiq olunmuş və Akademiyaya milli status verilmişdir. Bu isə müqəddəs elm mərkəzinin Azərbaycan xalqının milli mənafeyinə uyğun fəaliyyətinin təmin olunmasında və vacib elmi tədqiqatların aparılmasında müstəsna əhəmiyyətini artırmışdır.

Dövlət başçısı İlham Əliyev AMEA-nın ölkəmizin əsas elm mərkəzi kimi inkişafına xüsusi diqqət yetirməkdədir. Məhz ölkə Prezidenti 2014 və 2023-cü illərdə AMEA-nın yeni nizamnamələrini təsdiq etməklə, bu mühüm akademik qurumun dövlət müstəqilliyimizin müasir mərhələsinin tələblərinə uyğun şəkildə fəaliyyətinin gücləndirilməsinə, milli mənafeləri özündə ehtiva edən tədqiqatların aparılmasına və elmi fəaliyyətin qlobal çağırışlara adekvat olmasına əlavə təkan vermişdir.

Hazırda AMEA yeni inkişaf dövrünü yaşamaqdadır. Burada “Elektron Akademiya” şöbəsi təşkil olumuşdur. Suveren dövlət kimi Azərbaycanın dövlət maraqlarına və dünya elminin yeni çağırışlarına uyğun olaraq AMEA-da 40 yeni mühüm struktur vahidləri yaradılmışdır. Süni intellekt və rəqəmsal texnologiyalar, IV Sənaye İnqilabının əsas prinsipləri və ölkəmizin texnoloji uklada keçməsinin intensivləşdirilməsi şərtləri, milli dəyərlərimizin qorunması, Türk dünyasının problemlərinin araşdırılması, Türk coğrafiyasının birləşdirilməsi və inkişaf etməsi istiqamətlərində AMEA-nın fəaliyyətinin daha da gücləndirilməsinə ehtiyac vardır.

Əminliklə deyə bilərik ki, AMEA bundan sonra da müstəqil Azərbaycanın əsas elm mərkəzi kimi maksimum faydalı fəaliyyət göstərəcək və ölkəmizin tərəqqisində, inkişafında önəmli funksiyaları yerinə yetirəcəkdir.

AMEA-nın 80 illik yubileyi münasibətilə ölkəmizin alim və tədqiqatçılarını, elmi ictimaiyyətin nümayəndələrini, ilk növbədə hazırda burada çalışan dəyərli akademik və tədqiqatçı ordumuzu təbrik edir, suveren Azərbaycanın uğurları üçün onlara sağlam ömür və daha çox elmi nailiyyətlər arzulayırıq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
azpolitika.info

1Источники