Ölkədə orta aylıq əməkhaqqı 1100 manata çatır. 2025-ci il avqustun 1-nə olan vəziyyətə əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1768,4 min nəfər olub, onlardan 858,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 910,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Məlumata görə, muzdla işləyənlərin 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Rəqəmlərdən göründüyü kimi orta aylıq əməkhaqqı 1100 manata yaxınlaşır. Yanvar-fevral aylarında bu göstərici 1 043,6 manat təşkil edib. Bəs bu artımların səbəbi nədir?
“Fərq böyük deyil”
İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılovun sözlərinə görə, bu il orta aylıq əməkhaqqının artması ilin əvvəlində minimum əməkhaqqı artımları ilə bağlıdır: “Əvvəl minimum əməkhaqqı 345 manat idi, ilin əvvəlində 400 manata qaldırıldı. Minimum pensiyalar da artırıldı. Əvvəl 280 manat idi, ilin əvvəlindən 320 manat oldu. Digər sosial müavinətlərdə də artımlar baş verdi. Bu artımlar əməkhaqlarına da təsir etdi. 2024-cü ildə isə artımlar iqtisadiyyatın, bazarın tənzimləməsi ilə baş vermişdi”.
A.İsmayılovun fikrincə, dövlət və özəl sektor arasında əməkhaqları bir-birinə yaxındır: “Müəyyən qədər özəl sektorda daha çox ola bilər. Dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 1066-1067 manat, özəl sektorda çalışanların isə 1127 manat olub. Bu, elə də böyük fərq deyil. Amma özəl sektorun bütün sahələrində maaşların dövlət sektorundan çox olduğunu demək də düz deyil. Çünki dövlət sektorunda elə sahələr var ki, orada əməkhaqları özəldən daha çoxdur. Məsələn, mədən sənayesi digər peşələrdən fərqlənir. Daha yüksək əməkhaqqı maliyyə, elm-texnologiya sektorundadır”.