RU

Böyük yanılqı - demək olmaz ki, Azərbaycan rusdilli ölkədir

Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan, demək olar ki, rusdilli ölkədir və bu, onun Rusiya ilə münasibətlərin inkişafına sadiqliyini göstərir” deməsi sözgəlişi dilə gətirilən fikir deyil.

Bu, Rusiyanın umduğu, amma gerçəkliyinə şübhə etdiyi duruma dair özünətəlqin ritorikasıdır. Moskvada artıq bilirlər ki, Azərbaycan klassik mənada “rusdilli ölkə” olmaqdan çıxıb.

Gerçəkliyə qalsa, yalnız Bakını “rusdilli şəhər” saymaq olar, o da bir yerə qədər.
Bu ilin əvvəlindən ta dünənə qədər Rusiya və Azərbaycan arasında yaranmış soyuqluq, informasiya və təbliğat savaşı ölkənin “rusdilliləşdirilməsi” prosesinə ağır zərbə vurdu.

Gələcəkdə bu kimi gərginliklərin ikinci, üçüncü dalğasının başlanacağını və hər dəfə “rusdilliliyin” zərər görəcəyini də istisna etmək olmaz.

Öz dilini başqa ölkələrdə yaymaq ehtirası imperiya ambisiyalarının birbaşa göstəricisidir. Rusiyadan əvvəl bu siyasətdən İngiltərə yararlanıb və bu sahədə çox böyük uğur qazanıb. Hazırda dünyanın bütün ölkələrində kütləvi şəkildə ingilis dilində danışanlar var.

Fransa öz çoxsaylı müstəmləkələrində fransız dilini yayıb, inkişaf etdirib, hələ də onları Frankofoniya təşkilartında birləşdirərək fransızca danışdırır. Afrikanın bəzi ölkələri 50-60 ildir müstəqillik qazanıblar, amma ya dövlət dilləri fransızcadır, ya da bu dil ölkənin iki işlək dilindən biridir. Xüsusilə də həmin ölkələrin elitası fransızca təhsil almağa üstünlük verir.

Rusiya ingilislərin və fransızların dil stratejisini tətbiq etməyə çalışır. Ona görə də postsovet ölkələrində rusca təhsil verən məktəblərin, eləcə də dövlət dilində dərs keçən məktəblərdə rus dili bölmələrinin çoxaldılmasını təmin etmək istəyir: bəzən xahiş, bəzən tələb edir.

Bəs başqa bir ölkədə rus dilində danışanların sayının çox olması Kremlin nəyinə lazımdır?

Burada xüsusi bir sirr yoxdur, hər şey üzdədir. Bu kateqoriyadan olan insanlar Rusiya üçün kadr bankıdır, 5-ci kolon üzvlüyünə namizədlərdir, sabah, ehtiyac olduğu təqdirdə hərəkətə gətiriləsi rəğbət qruplarıdır, milli dövlətə təzyiq vasitəsidir və s.

Ötən əsrin əvvəllərində, inqilab illərində Rusiyanın Qafqaza və Türküstan ölkələrinə doğru genişlənməsində qırmızı ordu ilə yanaşı, əsas rolu kimlər oynamışdı? O dövrün rusdilliləri. Nərmanovlar, mikoyanlar, orconikidzelər, dosmühəmmədovlar, axunbabayevlər, fayziyevlər, jukeyevlər, aytakovlar və başqaları. Hətta Azərbaycanda rusdilli bolşeviklər Ermənistan və Gürcüstanla müqayisədə daha az olduğu üçün bu ölkələrdən Azərbaycana rusdilli erməni və gürcü kadrlar (Levon Mirzoyan, Ruben Rubenov, Vladimir Dumbadze, Viktor Naneyşvili) transfer edilmişdilər. Sonradan “rusdilli milli kadrlar”ın artmasıyla bu sahədə vəziyyət bir qədər dəyişdi.

Hazırda Rusiya dövlətini idarə edənlər Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistanda da rus dilinin işlək vəziyyətdə qalmasına çalışır, bundan ötrü əllərindən gələni edirlər. Ermənistan, Gürcüstan və Moldova da bu sıradadır. Ancaq bu ölkələrdə Kremlin əlindəki rıçaqlar bir az boşalıb, əvvəlki gücünü itirib. Moskva düşünür ki, bu xalqlar ümumi din qardaşlığı xəttilə Rusiyadan çox uzaqlaşmayacaqlar, türk xaqlları isə başqa dil danışa bilər – hər mənada.

Bununla belə, Rusiyada bilməsələr də, biz ölkəmizin savadlı gənclərinin əsasən hansı dildə təhsil aldıqlarını bilirik. Bu ingilis dilidir. Son 15 ildə minlərlə gənc bakalavr və magistr təhsilini Amerika və Avropada ingiliscə alıb və almaqda davam edirlər. Bundan başqa, ingiliscə sərbəst danışan, həm də onu rus dilindən daha yaxşı bilən on minlərlə gənc var. Onlar xüsusi dil kurslarına gediblər və dövrün tendensiyasına uyğunlaşıblar.

Bunun qarşılığında açıq-aşkar ortadadır ki, sırf rus dilində təhsil alanlar əvvəlki performansı göstərə bilmirlər. Bunu DİM-in Azərbaycan və rus bölmələri üzrə keçirdiyi test imtahanlarının nəticələri də göstərir. Rus bölməsini bitirən abituriyentlərin göstəriciləri, topladıqları bal nəzərəçarpacaq dərəcədə aşağıdır.

Bu, o deməkdir ki, rus dilinin ölkəmizdə işləkliyi getdikcə məişət səviyyəsinə enəcək. İndinin özündə paytaxtda guya rusca danışan, amma fikrini ifadə etmək üçün danışığına ingilis və türk sözləri qataraq həftəbecərə çevirən minlərlə adam var. Onlar nə düz-əməlli rusdillidirlər, nə türkdilli, nə də ingilisdilli. Hamısından yarımçıqdırlar.

Sovet dövrünün savadlı, eyni zamanda vətənpərvər rusdilliləri isə başqaydılar, indikilər kimi deyildilər.

P.S. Şəkildə: ingilis dilində qəzet çıxaran bakılı tələbələr


Araz Altaylı, Musavat.com

Избранный
15
musavat.com

1Источники