RU

Bakı-Moskva münasibətlərində yeni mərhələ...

Rusiya Prezidenti kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirib

Cənubi Qafqaz regionun siyasi-iqtisadi tənzimləyicisi, bölgənin sabitləşdirici faktoru olan Azərbaycanın xarici siyasət kursu yaxın əməkdaşlıq, milli maraqlara söykənən tərəfdaşlıq kontekstinə əsaslanır. Ölkəmizin digər dövlətlərlə, xüsusilə, region dövlətləri ilə münasibətdə əlverişli və hər iki tərəf üçün mühüm dividentləri özündə əks etdirən ştrixlərə üstünlük verməsi münbit zəmin formalaşdırıb - bu xüsusda, qonşu dövlətlərlə münasibət ayrıca xətt kimi qeyd edilməlidir. Azərbaycan bölgə dövlətləri ilə yaxın qonşuluq əlaqələrinin gücləndirilməsində, strateji əməkdaşlığın ən üst səviyyəyə qaldırılmasında və geniş əməkdaşlıq platformalarının qurulmasında maraqlı olduğunu hər zaman önə çəkib. Bundan başqa, Azərbaycan hər zaman münasibətlərdə ədalət və beynəlxalq hüquq müstəvisinə riayət prinsiplərinə üstünlük verir - Bakı münasibətlərin qarşılıqlı şəkildə məhz bu kontekstlər üzrə inkişafında maraqlı olduğunu ortaya qoyur.  Azərbaycan hər zaman özünə yaxın tərəfdaş saydığı Rusiya ilə münasibətləri də analoji komponentləri özündə qurur. İki dövlət arasında geniş diapazonlu, çoxşaxəli və fərqli sahələr üzrə mühüm əlaqələr mövcuddur. Bu münasibətlər həm geosiyasi, həm də geoiqtisadi cəhətdən hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir - Azərbaycanın coğrafi mövqeyi, onu Rusiya üçün Cənubi Qafqazda yaxın tərəfdaşı edir.

Vladimir Putin: İstərdim ki, bütün bunları təkrar edim...

Sirr deyil ki, ötən ilin sonunda baş verən təyyarə qəzası münasibətlərdə müəyyən fərqli məcra formalaşdırmışdı - baş verənlərdən sonra Azərbaycan özünün haqlı mövqeyini ifadə etmişdi - ölkəmiz istəyini tam şəkildə beynəlxalq konvensiyalara əsaslanaraq və  şəffaf şəkildə dilə gətirmişdi: bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərər çəkənlərə kompensasiya ödənilməsinin vacibliyi ön plana çəkilmişdi. Bu müddət ərzində rəsmi Moskva baş verənlərlə bağlı Bakıdan üzr istəmişdi - iki gün öncə Düşənbədə ölkə prezidentləri arasında baş tutan görüşdə məsələ ilə bağlı yenidən fikir mübadiləsi aparılıb. Düşənbədə keçirilən  təkbətək görüşdə çıxış edən Prezident Vladimir Putin Rusiyanın hava məkanında baş verən aviasiya faciəsi haqda danışaraq həmin vaxt iki ölkə başçısı arasında telefon danışığı əsnasında faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədiyini, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdiyini xatırladıb: “İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk”.

Rusiyanın dövlət başçısı qəzanın baş vermə səbəbi ilə bağlı fikirlərində qeyd edib ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı olub və faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparat eyni vaxtda izlənib. “İkinci səbəb Rusiyanın hava müdafiə sisteminin özündə texniki nasazlığın olmasından ibarətdir. Buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib, - əgər bu baş versəydi, təyyarə yerindəcə məhv olardı, - raketlər partlayıb, ola bilər ki, bu, bir neçə metr məsafədə, təqribən 10 metrlik məsafədə özünü məhv etmək olub. Ona görə də təyyarə zədələnib, amma əsas məsələ odur ki, məhvedici döyüş elementləri ilə deyil, yəqin raketin parçalarının özü ilə”, - deyə Rusiya Prezidenti bildirib. Putin faciənin səbəblərini Prezident İlham Əliyevə təqdim etdiyini, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini deyib: “Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir - faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil. Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq”.

Simonyanların, solovyovların, zatulinlərin cəhdləri boşa çıxdı...

Rusiya Prezidentinin məlum açıqlaması Azərbaycanın istəkləri ilə uzlaşır. Ölkəmiz heç bir vaxt radikal, kəskin münasibətlərə üstünlük verməyib, tam əksinə, bizim  prioritetimiz münasibətlərdə qarşılıqlı əməkdaşlıq, yaxın qonşuluq olub. Təəssüfləndirici hal idi ki, yaranan anlaşmazlıqlardan məharətlə istifadə etməyə çalışan bəzi qüvvələr, xüsusilə, Simonyan, Solovyov, Zatulin  və digər bu kimi  ermənipərəstlər münasibətləri barışmaz müstəvidə təqdim etməyə çalışırdılar. Onlar hər vəchlə iki ölkə arasındakı əlaqələri pozmağa, münasibətlərə xələl gətirməyə cəhdlər göstərirdilər. Ən maraqlısı isə o idi ki, bu adıçəkilən “siyasət” və “media” adamları baş verənləri erməni kontekstində izah etməyə çalışırdılar - 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirlərinin nəticələrini həzm edə bilməyən belələri Rusiya-Azərabycan münasibətlərinə “erməni pəncərəsindən” münasibət bildirirdilər. Onlar hətta bölgədə sülh şəraitinin formalaşması, həll prosesinin mühüm bir mərhələyə qədəm qoyması ilə barışa bilmirdilər - əllərinə düşən “fürsətdən” yararlanaraq Rusiya-Azərbaycan münasibətələrinin guya, dalana dirəndiyini iddia edirdilər.

Qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür...

Amma onların bu çirkin niyyətləri, arzuları yenə də ürəklərində qaldı. Rusiyadakı anti-Azərbaycan və ermənipərəst qüvvələrin ölkəmizə qarşı məqsədyönlü fəaliyyəti heç bir uğur qazanmadı: Rusiya-Azərbaycan münasibətləri öz axarında, nizamında inkişaf edir. Bunu Rusiya Prezidenti də media qarşısında bildirdi.  Vladimir Putin bildirib ki, bizim maraqlarımız, qarşılıqlı maraqlarımız bir çox sahələrdə üst-üstə düşür və çox yaxındır. Əlbəttə, hər şeydən əvvəl bu, iqtisadi-ticari əlaqələrə aiddir: “Bu faciə ilə əlaqədar indi danışdığım bütün nüanslara, onunla əlaqədar hansısa məsələlərə baxmayaraq, iqtisadi-ticari əlaqələr inkişaf edib və uğurla inkişaf edir. Keçən il ticarət dövriyyəsində təqribən 6 faiz, bu il isə 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir”.

O vurğulayıb ki, iki ölkənin XİN-ləri regionda vəziyyətlə bağlı, ümumilikdə beynəlxalq arenada şəraitlə əlaqədar həmişə bir-biri ilə çox sıx fəaliyyət göstərib. “Ümidvaram ki, bu əməkdaşlıq, sadəcə, bərpa olunmayacaq, həm də bizim münasibətlərimizin, müttəfiqliyimizin ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, o qədər də uzaq olmayan keçmişdə imzalanan müqaviləni xatırlayırıq və öz tərəfimizdən hər şeyi edəcəyik ki, onun bütün əsas müddəaları həyata keçirilsin”, - deyə Rusiya lideri qeyd edib.

Obyektiv araşdırma...

Vurğulandığı kimi, Azərbaycan hər zaman yaxın qonşuluq münasibətlərinin inkişafında maraqlı olduğunu önə çəkir. Baş verənlərin fonunda bizim Rusiyaya qarşı hər hansı bir iddiamız olmayıb - sadəcə, rəsmi Bakı baş verənlərə hüquqi qiymət verilməsini, Moskvanın üzərinə düşən məsuliyyəti yerinə yetirməsini arzulayıb. Bunun baş verməsi fonunda, istintaqın obyektiv araşdırma aparması müstəvisində biz hər zaman münasibətlərdə qarşılıqlı yüksək dəyərləri qoruyuruq. Prezident İlham Əliyev görüşdəki çıxışında Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə təşəkkür edib. Dövlət başçısı vurğulayıb ki, məsələ ilə bağlı dəfələrlə fikir mübadiləsi aparılıb: “Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də, bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”.

Qarşılıqlı əlaqələr yüksək səviyyədədir

Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. İki ölkə arasında siyasi, humanitar və mədəni əməkdaşlığın yüksək səviyyəsinə uyğun olaraq ikitərəfli iqtisadi əlaqələr də çox uğurla inkişaf edir. Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Rusiya arasında ticarət əməliyyatlarının həcmi 2,5 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 352,2 milyon ABŞ dolları və ya 16,2 faiz çoxdur. Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10,33 faizi həcmində olub. Bununla da Rusiya Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 590,5 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,9 milyon ABŞ dolları və ya 6,1 faiz çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana 1,9 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 318,2 milyon ABŞ dolları və ya 19,7 faiz artım deməkdir. Bu göstərici ilə Rusiya Azərbaycanın məhsul idxal etdiyi ölkələr sırasında ikinci pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Rusiyaya 586 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 44,3 milyon ABŞ dolları və ya 8,2 faiz çoxdur. Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 33,41 faiz paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox qeyri-neft məhsulları alıcısına çevrilib.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı isə iki dövlət arasındakı münasibətlərdə xüsusi yerə malikdir. Bu dəhlizin potensialının genişləndirilməsi və bütövlükdə həm dəmir yolu, həm də avtomobil yolları vasitəsilə yükdaşımaların həcminin bu marşrut boyunca artması iqtisadi-ticari münasibətlərə yeni ruh qazandırıb. Görüşdə çıxışında Prezident İlham Əliyev bildirib ki, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur: “Həmçinin bütün başqa istiqamətlər üzrə heç bir yerdə hər hansı gecikmə və yaxud geriləmə olmayıb. Əksinə, Sizinlə təsdiq etdiyimiz yol xəritələri uğurla həyata keçirilir”.

P.İSMAYILOV

Избранный
18
yeniazerbaycan.com

1Источники