RU

Azərbaycan MDB məkanında sabitliyin və yeni nəsil əməkdaşlıq modelinin təşəbbüskarıdır

"Prezident İlham Əliyevin oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında çıxışı özündə həm diplomatik, həm də strateji baxımdan mühüm siyasi və mədəni mesajları ifadə edir. Dövlət başçısının nitqi bir tərəfdən Azərbaycan–Tacikistan münasibətlərinin dostluq və qarşılıqlı etimad prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdirir, digər tərəfdən isə Azərbaycanın MDB məkanında mədəni və humanitar əməkdaşlığın fəal təşəbbüskarı olduğunu təsdiqləyir."

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib. 

Millət vəkili qeyd edib ki, Azərbaycanın Tacikistanla münasibətləri təkcə rəsmi əməkdaşlıq səviyyəsində deyil, qarşılıqlı hörmət, etimad və dostluq müstəvisində formalaşır:

"Bu münasibətlərin mahiyyəti, Prezidentin qeyd etdiyi kimi, “qarşılıqlı dəstəyə və qardaşlığa” əsaslanır və gələcəkdə iqtisadi, enerji, nəqliyyat-kommunikasiya sahələrində geniş potensial vəd edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan mövzulardan biri də Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə MDB ölkələrinin liderlərinə təşəkkür etməsi, əslində, Azərbaycanın beynəlxalq səviyyədə postmünaqişə bərpa modelinin tanınmasına işarədir. Laçın təkcə bir şəhər deyil, işğaldan azad edilmiş torpaqların dirçəliş simvoludur. Prezidentin “tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilib” fikri bu dirçəlişin miqyasını və Azərbaycanın dövlət idarəetmə fəlsəfəsini dəqiq ifadə edir.

Laçında “MDB-nin mədəniyyət paytaxtı ili” çərçivəsində keçirilən tədbir həm Azərbaycan mədəni irsinin təqdimatı, həm də region xalqları arasında humanitar bağların güclənməsi baxımından mühüm hadisə idi. Tədbirin qonaqları Laçının azadlıqdan sonrakı sürətli bərpasını öz gözləri ilə müşahidə etdilər. Bu, Azərbaycanın “Böyük Qayıdış” proqramının təkcə sosial-iqtisadi deyil, həm də mənəvi-siyasi reallığa çevrildiyini göstərdi. Laçın nümunəsi MDB çərçivəsində əməkdaşlığın mədəni diplomatiya vasitəsilə yeni məzmun qazanmasının parlaq nümunəsidir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı digər vacib istiqamət isə Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları ilə bağlı idi. 28 sentyabr – 8 oktyabr tarixlərində qədim Gəncə şəhərində, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində baş tutan bu beynəlxalq tədbir MDB-nin tarixində mühüm hadisə kimi yadda qaldı. Oyunların yalnız Gəncədə deyil, eyni zamanda Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Şəki və ilk dəfə olaraq Xankəndidə keçirilməsi xüsusi simvolik məna daşıyır. Bu, Azərbaycanın tam bərpa olunmuş suverenliyinin mədəni və idman platformasında nümayişidir.
13 ölkədən, o cümlədən MDB üzvü və qonaq ölkələrdən 1600-dən çox idmançının iştirak etdiyi bu yarışlar birliyə yeni nəfəs gətirdi. Prezident İlham Əliyevin “bu qəbildən tədbirlər dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətləri gücləndirir” fikri MDB-nin gələcək istiqamətlərini müəyyənləşdirən konseptual yanaşmadır. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu oyunlar həm də postmünaqişə dövründə regionun sülh, birgəyaşayış və qarşılıqlı etimad dəyərləri üzərində formalaşmasının təzahürüdür."


Deputatın sözlərinə görə Prezident İlham Əliyevin Düşənbə çıxışı bütövlükdə Azərbaycanın MDB daxilindəki rolunun yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir:

"Azərbaycan artıq təkcə iqtisadi və enerji layihələrinin aparıcı iştirakçısı deyil, həm də humanitar və mədəni əməkdaşlıq siyasətinin fəal memarı kimi çıxış edir. Laçın və Gəncə timsalında təqdim olunan model göstərir ki, Azərbaycan sülhün, bərpa prosesinin və regional həmrəyliyin real nümunəsini yaradıb.
Düşənbə iclası bir daha sübut etdi ki, Azərbaycan MDB məkanında sabitliyin, qarşılıqlı etimadın və yeni nəsil əməkdaşlıq modelinin təşəbbüskarıdır. Prezident İlham Əliyevin humanitar və mədəni diplomatiyaya yönəlik bu çıxışı, əslində, Azərbaycanın gələcək xarici siyasət fəlsəfəsinin mühüm istiqamətlərini - müstəqil dövlətçilik, qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və birgə inkişaf prinsipləri əsasında yeni regional nizamın qurulması ilə bağlı baxış bucağını formalaşdırır"

Избранный
11
1
modern.az

2Источники