ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan kibertəhlükəsizlik və rəqəmsal etika sahəsində məsuliyyətli liderliyin nümunəsini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bu fikri Moldovanın Avropa Siyasi Araşdırmalar İnstitutunun direktoru, kibertəhlükəsizlik üzrə ekspert və Moldovanın məsuliyyətli süni intellekt məsələləri üzrə qubernatoru Natalya Spinu “Critical Infrastructure Defense Challenge (CIDC-2025)” beynəlxalq tədbiri çərçivəsində keçirilən konfransın bağlanış mərasimində səsləndirib.
O, 2000-dən çox iştirakçını, 51 komandanı və 56 tərəfdaş təşkilatı bir araya gətirən genişmiqyaslı forumun təşkilinə görə Azərbaycana dərin minnətdarlığını bildirib və vurğulayıb ki, bu təşəbbüs “qlobal kibertəhdidlər qarşısında kollektiv dayanıqlılığın gücləndirilməsində birgə səylərin necə real nəticə verdiyinin parlaq nümunəsidir”.
“Bu gün bəşəriyyət elə bir misilsiz dövrdə yaşayır ki, informasiya sistemləri insan davranışını bəzən bizim özümüzdən də yaxşı anlayır. Bu, böyük imkanlar açır, eyni zamanda, ciddi risklər yaradır. Enerji şəbəkələrini qorumağa qadir süni intellekt total nəzarət üçün də istifadə oluna bilər. Sərhədləri gücləndirən biometrik texnologiyalar nəzarət vasitəsinə çevrilə bilər. Xəstəxanaları qorumağa yönəlmiş alqoritmlər isə vətəndaş azadlıqlarını məhdudlaşdıra bilər”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, ötən il kibertəhlükəsizlik sahəsində baş verən hücumlar nəticəsində qlobal iqtisadi zərərin həcmi 8 trilyon ABŞ dollarını ötüb, cari il üçün isə bu göstəricinin 10 trilyon dollara çatacağı proqnozlaşdırılır.
“Bu, sadəcə statistika deyil. Bu, pasiyentləri müalicə edə bilməyən xəstəxanalardır, işıqsız qalan şəhərlərdir, tək bir hücumla iflic olmuş iqtisadiyyatlardır”, – deyə N.Spinu vurğulayıb.
Ekspert Azərbaycanın milli və regional kiberdavamlılığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan sistemli kiberhücumlarla üzləşdi. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı mübarizə üzrə parlament komissiyasının yaradılması isə sadəcə idarəetmə nümunəsi deyil, məsuliyyətli və uzaqgörən liderliyin göstəricisidir”, – deyə o qeyd edib.
Rəqəmsal mühitin inkişaf perspektivlərindən danışan N.Spinu etik standartların və insan hüquqlarının qorunmasının əhəmiyyətini vurğulayıb: “Çıxış edənlər haqlı olaraq qeyd etdilər ki, “ağıllı şəhərlər” milli rəqəmsal infrastrukturun təməlini təşkil edir. Lakin hər yeni əlaqə yeni bir zəiflik deməkdir. Biz texnologiyalarımızla hansı dünyanı qurduğumuzu aydın dərk etməliyik. Çünki bu gün bizi qoruyan süni intellekt sabah azadlığımıza qarşı ola bilər”.
Natalya Spinu, həmçinin bildirib ki, kibertəhlükəsizlikdə həqiqi liderlik yalnız texnoloji səviyyə ilə deyil, bu texnologiyaların məsuliyyətli tətbiqi ilə ölçülür: “Həqiqi kibertəhlükəsizlik təkcə məlumatların qorunması deyil. Bu, insan ləyaqətinin və bizim ortaq demokratik dəyərlərimizin qorunması deməkdir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.