RU

Qərbi Azərbaycan Xronikası: "Mən, yoldaşım və qızım tankla Gürcüstanla sərhədə gəldik"

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Qaçqınlıq zamanı hayların əhatəsində məngənədə qalmışdıq" adlı veriliş Loru mahalının Vorontsovka (Kalinino) rayonunun Qızıldaş kənd sakini Sahib Ömərovun həyat hekayəsinə həsr olunub.

O, 1960-cı ildə doğulduğunu, zəhmətkeş ailəsində böyüdüyünü deyib, uşaqlıq, məktəb və gənclik illərini xatırladıb: "Kəndimiz dağlar qoynunda yerləşib, meşəyə söykənib və Gürcüstanla həmsərhəd olub. Rayonun sırf azərbaycanlılar yaşayan 9, ermənilər yaşayan 4 kəndi vardı, bundan əlavə, ruslar və malakanlar yaşayırdı. Gözəl adət-ənənələrimiz vardı. Toylar, Novruz bayramı çox gözəl və maraqlı keçirdi".

Onun sözlərinə görə, Qərbi Azərbaycanda türklərə qarşı münasibət yaxşı olmayıb: "Şagird olanda qonşu kəndə gedib-gələrkən çox əziyyətlər çəkmişik. Avtobusa minərkən ermənilər bizə sataşır, dava edirdilər. Onlar kəmfürsət idilər. Nənəm deyirdi ki, o zaman Ənvər paşanın ordusu qonşu kənddə dayanmışdı. Andranik türk kəndlərinə hücum etmək istəyəndə onlar bir top atıblar, ermənilər qaçıb dağılıblar. Andranik oradan rədd olandan sonra əmin-amanlıq, sakitlik yaranıb. Düşmənin bizə mənfi münasibəti heç vaxt yaddan çıxmır".

Qızıldaş sakini qaçqınlıq illərində Saratovka kəndində yoldaşı ilə rusdilli məktəbdə müəllim işlədiklərini söyləyib: "Qarışıqlıq düşən vaxt başqa kəndlərin erməniləri gecələr bizi qorxutmaq üçün avtomatlardan atəş açır, çıxın gedin mesajını verirdilər. Kənddə ot tayalarına gecə od vurur, vahimə yaradırdılar. Artıq burada qalmaq qeyri-mümkün idi. Atam və anam ermənilərin hücumundan sonra Gürcüstanın Qamışlı və Candar kəndinə, oradan da Şamaxıya gəlmişdilər. Amma mən Saratovkada qalmışdım. Dörd tərəfimiz erməni idi. Rus ordusu Axalkalakidən tank alayını bizim kəndə göndərmişdi. Hərbçilərin arasında azərbaycanlı hərbçi vardı. O, bizə ürək-dirək verdi və tankla bizi Gürcüstanla sərhədə gətirdi. Oradan da Bakıya gəldik."

Heç vaxt yurdunu unutmadığını vurğulayan S.Ömərov bildirib ki, o gözəl cənnət yurdumuzu dədələrimiz, babalarımız qanları ilə alıblar: "Yurdum üçün burnumun ucu göynəyir. İnanıram ki, yaxın illərdə biz ora at belində də olsa, mütləq qayıdacağıq".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 10-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Избранный
10
3
far.az

4Источники