RU

Elektron pul bazarı böyüyür...

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mərkəzi Bank 18 e-pul təşkilatına lisenziya verib

Mərkəzi Bankın (MB) baş direktoru Vüsal Xəlilov ölkəmizdə dayanıqlı ödəniş sistemləri infrastrukturunun qurulduğunu vurğulayaraq bu istiqamətdə nəzərdə tutulan prioritetlərdən danışıb. Qeyd edib ki, MB tərəfindən lisenziyalaşdırılmış ödəniş bazarı iştirakçıları tərəfindən 2025-ci ilin ötən ayları ərzində 38,8 milyard manat dəyərində əməliyyat aparıb. Mərkəzi Bankın baş direktoru elektron pul (e-pul) təşkilatlarının ödəniş bazarında fəaliyyətinə diqqət çəkərək vurğulayıb ki, indiyədək 18 elektron pul təşkilatına və 8 ödəniş təşkilatına lisenziya verilib. Bu ilin ortasına aylıq kart dövriyyəsi də 10 milyard manata çatıb. Bu, böyük rəqəmdir və ölkənin nağdsız ödənişlərə keçidinin bir nümunəsidir. Eyni zamanda, ani ödənişlər sisteminin artımı müşahidə edilir. Bunun nəticəsidir ki, son ildə milli ödəniş sisteminin 10 faizə yaxın həcminin ani ödənişlər sisteminə keçidinə nail olunub.

Elektron pulun hansı üstünlükləri var?

Elektron pul hər bir şəxsin hesabında, kartında olan pulun elektron formada saxlanılmasıdır. Elektron pul fiziki nağd pula ehtiyacı aradan qaldıraraq tez və asan əməliyyatlar aparmağa imkan verir. İstifadəçilər ödənişləri, köçürmələri və alışları rəqəmsal olaraq, istənilən vaxt və istənilən yerdə internet bağlantısı ilə həyata keçirə bilər ki, bu da daha rahat və əlçatandır. İstənilən şəxs qeyd etdiyimiz şirkətin provayderi olduğu mobil tətbiq vasitəsilə özünün e-pul səhifəsini yaradaraq bütün ödənişləri və köçürmələri, o cümlədən banklara kredit ödənişlərini icra edə biləcək.

E- pulun üstünlüyü onun xərc cəhətdən effektiv olmasıdır. Belə ki, fiziki olaraq kağız və ya metal valyutanın çapı, daşınması və təhlükəsizliyi müəyyən xərclər tələb etdiyi halda, e-pulda bunlara ehtiyac yoxdur.

Hazırda dünyanın əksər ölkələrində elektron pullardan istifadə olunur, 2023-cü ildə dünyada rəqəmsal ödəniş bazarının gəlirləri 111 milyard dollardan çox olub. Bu maliyyə aləti biznesin və maliyyə sektorunun əməliyyatlarında çevikliyi və intensivliyi təmin etməklə vaxt və xərc itkilərinin qarşısını alır. Bu baxımdan, ölkəmizdə elektron pulun emissiyası ölkəmizdə iqtisadi proseslərin effektivliyinin və mobilliyinin artmasına əhəmiyyətli təsir edəcək. Eyni zamanda, pul kütlələrinin dövriyyə sürətində artım müşahidə olunacağı və bu resurslara əlçatanlığın təmin ediləcəyi gözlənilir. Elektron pullar ödəniş sistemini asanlaşdırmaqla yanaşı, mərhələli şəkildə gələcəkdə kağız pullardan istifadənin minimumlaşdırılmasına səbəb ola bilər. Bu banklar üçün yeni imkan olmaqla bərabər, pul bazarı üçün də yeni məhsul buraxılışdır. Eyni zamanda, elektron pullar şəffaflığın artırılmasına da xidmət edir. Bu pullar vətəndaşlarımız üçün elektron yığım və hətta pul bazarında əməliyyatlar hesabına gəlir mənbəsinə də çevrilə bilər.

E-pul təşkilatları təhlükəsizliyə məsuliyyət daşıyır

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunda hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, təhlükəsizliyinin təmin olunması və digər məsələlər öz əksini tapıb. Bu isə o deməkdir ki, e-pul dövriyyəyə buraxıldıqdan sonra təhlükəsizlik amili də xüsusi olaraq diqqətdə saxlanılır. Rəqəmsal pulu emissiya edən təşkilat həm qanunun tələblərinə, həm də MB-nin təlimatlarına əsasən, e-pulun yerləşdiyi və tranzaksiya olunduğu informasiya və ödəniş sistemlərinin təhlükəsizliyini təmin etməyə, müştərilərin maliyyə məlumatlarının saxlanması və qorunmasına, habelə həmin sistemlərin etibarlı və dayanıqlı fəaliyyətinə məsuliyyət daşıyır.

Beynəlxalq ödəniş şəbəkəsinə inteqrasiya

MB elektron pul təşkilatlarının maliyyə sektorunda rolunun artırılmasına dəstək vermək üçün əlverişli mühit formalaşdırır, bu qurumların beynəlxalq institutlarla əlaqələrinin qurulmasında motivasiyaedici addımlar atır. “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda əks etdirilmiş əsas hədəflərdən biri  elektron pul və ödəniş təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulmasıdır ki, MB bu istiqamətdə də zəruri dəstəklər verir. Maliyyə məlumatları mübadiləsini təmin edən və ödənişləri həyata keçirən “SWIFT”lə əməkdaşlıq e-pul təşkilatları üçün yeni fürsət deməkdir. Bu sistem vasitəsilə ödənişləri sürətli, etibarlı və nisbətdən aşağı komissiya ilə köçürmək imkanları mövcuddur və daha sərfəlidir. “SWIFTNet” şəbəkəsi pul köçürmələri və ödənişlərlə yanaşı, qiymətli kağızların mübadiləsini təchiz edən ən təhlükəsiz mübadilə kanalıdır.

Azərbaycanda fəaliyyət göstərən elektron pul təşkilatlarının “SWIFT”-ə qoşulması beynəlxalq ödəniş təchizat xidmətində yer alması və dünya maliyyə sisteminə çıxışlarının da əhatəli şəkildə təmin edəcək. Bu baxımdan, e-pul təşkilatlarının “SWIFT” şəbəkəsinə qoşulması maliyyə sektorunda müştərilərin xarici ölkələrlə köçürmələr və maliyyə mübadiləsinin aparılmasında işini asanlaşdıracaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
yeniazerbaycan.com

2Источники