RU

Milli Məclisin plenar iclasında cari məsələlərin müzakirəsi

Oktyabrın 10-da Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İclasda gündəliyə daxil edilmiş 13 məsələ müzakirə olundu. İclas ənənəyə uyğun olaraq deputatların cari məsələlərə dair çıxışları ilə başladı. Deputatlar ölkə rəhbərinin həyata keçirdiyi siyasi kursun nəticələri, regional və beynəlxalq müstəvidə Azərbaycanın artan roluna dair fikirlərini səsləndirdilər.

Milli Məclisin deputatları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son dövrlərdə əldə etdiyi mühüm nailiyyətlərə toxundular. Qeyd olundu ki, cari ilin yay mövsümündən başlayaraq ölkəmiz yeni siyasi mərhələyə qədəm qoyub. Bu mərhələ Azərbaycanın həm regional, həm də qlobal diplomatik mövqelərinin güclənməsi, milli maraqların beynəlxalq səviyyədə daha təsirli müdafiəsi ilə xarakterizə olunur.

Deputatlar xüsusilə vurğuladılar ki, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət xətti ölkəmizi beynəlxalq dialoqun mühüm iştirakçısına çevirib. Vaşinqtonda keçirilən mühüm görüşlər, Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirak, “Avropa Siyasi Birliyi”nin sammitində nümayiş etdirilən prinsipial mövqe, eləcə də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünə yüksək səviyyəli ev sahibliyi Azərbaycanın diplomatik nüfuzunu daha da möhkəmləndirib.

* * *

Gündəliyə keçməzdən əvvəl deputatlar cari məsələlər barədə öz fikirlərini bildirdilər. Buraya Bakının uğurlu xarici siyasətindən tutmuş mənzillərin qiymətlərinin bahalaşmasının başlıca səbəbi, dövlət qurumlarının vətəndaş müraciətlərinə vaxtında cavab verməməsi kimi çeşidli və aktual məsələlər daxil idi.

Çıxışında son aylar ölkəmizin xarici siyasət kursunda artım tempinin diqqəti cəlb etdiyini deyən deputat Ceyhun Məmmədov xüsusilə TDT-nin Qəbələ Zirvə Görüşündən və ölkə başçımızın Düşənbə səfərinin əhəmiyyətindən söz açdı: “Artıq bu cür mötəbər görüşlərin Azərbaycanda keçirilməsi onu göstərir ki, ölkəmiz Türk dünyasının diplomatik, iqtisadi və mədəni inteqrasiyasında aparıcı mərkəzə çevrilib”.

Deputat Prezident İlham Əliyevin Tacikistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünə diqqət çəkdi: “Prezident İlham Əliyevin prinsipial, milli maraqlara əsaslanan və uzaqgörən siyasəti nəticəsində bu münasibətlərdə yeni bir mərhələ başlayır. Azərbaycan diplomatiyası növbəti dəfə öz haqlı tələblərini irəli sürərək məqsədinə nail oldu. Rusiya tərəfinin bu tələbi yerinə yetirməsi Prezident İlham Əliyevin siyasi qətiyyəti və diplomatik ustalığının daha bir parlaq göstəricisidir”.

Cari məsələlərdən danışan deputat Razi Nurullayev son dövrlər qum-çınqıl yataqlarının istismarı ilə bağlı yeni tənzimləmə mexanizmlərinin müəyyənləşdirildiyini, bu prosesin sürətləndirilməsinə ehtiyac duyulduğunu dedi: “Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edilib. Qərar faydalı qazıntıların istismarında şəffaflığın təmin olunması, ekoloji təhlükəsizliyin qorunması və resursların səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bağlanmış karxanaların fəaliyyətinin bərpa olunmaması bölgədə həm məşğulluq səviyyəsinə, həm də tikinti sektorunda qiymətlərə mənfi təsir göstərir. Qeyri-filiz yataqlarının qısa müddətdə yenidən istifadəyə verilməsi həm dayandırılmış iş yerlərinin bərpasına, həm də bazarda bahalaşmanın qarşısının alınmasına xidmət edər”. Deputat onu da qeyd etdi ki, bu məsələ həm iqtisadi sabitlik, həm də regionlarda məşğulluğun təmin olunması baxımından prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Səyyad Aran dövlət qurumlarının vətəndaşların müraciətlərinə vaxtında cavab verməməsini gündəmə gətirdi. O, bu barədə danışarkən bildirdi ki, bəzi rəsmi qurumlar müraciətləri formallıq kimi qəbul edir və qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etmirlər: “Vaxtilə insanlar Kremlə məktub yazırdılar və 30 gün ərzində onlara cavab gəlirdi. O vaxt bu, sadəcə, formal prosedur idi, amma indi rəsmi qurumlara məktub göndərirsən, cavabı yenə 30 gün gözləməli olursan. Ayın 1-də müraciət edirsən, sanki qəsdən ayın 30-u, bəzən isə 31-i cavab gəlir. Bu, vətəndaşların müraciətlərinə məsuliyyətsiz yanaşmadır”.

* * *

Milli Məclisin plenar iclasının cari məsələlər bölümü bitdikdən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Bu barədə danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikası Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif edilirlər. Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi.

Daha sonra “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik müzakirə edildi. Dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üçün nağd qaydada ödənilən məbləğ 50 faiz artırılaraq 20 manatdan 30 manata qaldırılıb.

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinə təklif olunan dəyişiklikdə isə bildirilir ki, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Plenar iclasda müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdirilir. Layihəyə əsasən, daxili qoşunların tərkibi idarəetmə orqanı daxili qoşunların funksional vəzifələri üzrə hərbi hissə və bölmələr, xüsusi təyinatlı təhsil müəssisələri, təminat hərbi hissə və bölmələrindən ibarət olacaq. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edildi.

Daha sonra gündəlikdə duran digər məsələlər – “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət xidmətləri haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”, “Avtomobil nəqliyyatı haqqında, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “İpoteka haqqında”, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, “Tibbi sığorta haqqında” və Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılaraq səs çoxluğu ilə qəbul edildi.

Tacir SADIQOV
XQ

Избранный
49
xalqqazeti.az

1Источники