RU

Hava ilə bağlı yeni xəbərdarlıq Bu tarixlərdə diqqətli olun!

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Payız fəslinin gəlişi ilə artıq qrip mövsümünə start verilib. Xüsusilə ictimai nəqliyyat vasitələrində bununla bağlı gigiyena qaydalarına əməl olunmaması narahatlıq doğurur. Öskürən, asqıran sərnişinlərin arasında maskasız gəzənlərin çoxluğu bir sualı aktuallaşdırır: maska taxmaq məsuliyyəti xəstənin üzərinə düşməlidir, yoxsa sağlam insanlar özlərini qorumağa çalışmalıdır?

Globalinfo.az-a danışan həkim-terapevt Sübhan Hacıyev deyib ki, payız və qış aylarında yuxarı tənəffüs yollarının hava-damcı yolu ilə yayılan virus infeksiyalarına daha tez-tez rast gəlinir:

“Bu infeksiyalara influenza, parainfluenzya, rinovirus, COVID-19 və digər viruslar daxildir. İnsanlar asanlıqla bunlara yoluxa bilirlər. Belə hallarda tibbi maskalardan istifadə zəruridir. Xüsusilə özünü xəstə və ya halsız hiss edən şəxslər məsuliyyətli davranaraq maska taxmalıdırlar. Maska ağız və burun boşluğunu tam örtməlidir. Bu zaman asqırma və ya öskürmə nəticəsində hava-damcı hissəciklərinin ətrafa yayılması 80 faiz azalır və yoluxma riski minimuma enir. Sağlam insanlar da maska taxmaqla özlərini təxminən 60 faiz qorumuş olurlar. Eyni zamanda, maskadan düzgün istifadə qaydalarına əməl edilməlidir”.

Sübhan Hacıyev

Mütəxəssis qeyd edib ki, cərrahi maskalar dörd saatdan bir dəyişdirilməlidir:

“Əl gigiyenasına ciddi riayət olunmalı, sabunla tez-tez yuyulmalı, xüsusilə də xəstə şəxslərlə təmasdan, müxtəlif səthlərə toxunduqdan sonra göz, burun və ağıza toxunmaqdan çəkinmək lazımdır. Bol maye qəbul etmək, antiseptik və duzlu məhlullarla ağız və burun boşluğunu gündə bir neçə dəfə yumaq tövsiyə olunur. Bundan əlavə, payız-qış mövsümündə C və D vitaminləri, sink, selen kimi mikroelementlər qəbul etmək immun sisteminin möhkəmlənməsinə, orqanizmin viruslara qarşı daha davamlı olmasına kömək edir”.

Funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva bildirib ki,  belə vəziyyətdə maska taxmaq məsuliyyəti əsasən xəstə şəxsin üzərindədir:

“Əgər kimdəsə öskürək, asqırma, burun axması və ya boğaz ağrısı kimi simptomlar varsa, ictimai yerlərdə, xüsusilə avtobus, metro, iş yerləri yaxud digər qapalı məkanlarda maska taxmaq vacibdir. Bu, həm başqalarının yoluxmasının qarşısını almaq, həm də sosial məsuliyyətin göstəricisidir. Sağlam şəxslər üçün də bəzi hallarda maska taxmaq faydalı ola bilər. İzdihamlı və havalandırması zəif yerlərdə, xəstəxana, poliklinika, məktəb və bağçalarda, eləcə də immun sistemi zəif, xroniki xəstəlikləri olan, həmçinin hamilələr üçün maska qoruyucu vasitə kimi tövsiyə olunur. Viruslardan qorunmağın əsas yolları sadə, amma çox effektlidir. Əlləri tez-tez dezinfektorla təmizləmək, burun, ağız və göz nahiyəsinə toxunmamaq lazımdır. Qapalı yerləri mütəmadi havalandırmaq, öskürən və ya asqıran şəxslərdən məsafə saxlamaq, immuniteti gücləndirmək önəmlidir. Yuxu rejiminə diqqət yetirmək, balanslı qidalanmaq, defisitdə olan vitamin və mineralları dəstəkləmək də çox vacibdir. Hər iki tərəf məsuliyyətli davranarsa, həm qripin, həm də digər virusların yayılma riski xeyli azalar”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
globalinfo.az

1Источники