RU

Almaniyada qızı tərəfindən bıçaqlanan merlə bağlı dəhşətli təfərrüat: Saatlarla işgəncə edilib

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Almaniyanın Xerdeke şəhərinin meri İris Ştaltserin bıçaqlanması ilə bağlı dəhşətli təfərrüat üzə çıxıb. Məlum olub ki, övladlığa götürülmüş 17 yaşlı qız hücumdan əvvəl qadına bir neçə saat ərzində işgəncə verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

İris Ştaltser polisə hadisənin necə baş verdiyini danışıb. Onun sözlərinə görə, qızı evin zirzəmisində ona saatlarla işgəncə verib, üzərinə aerozol dezodorant və alışqanla hücum edərək saçlarını və geyimini yandırmağa çalışıb. Qız "intiqam almaq istədiyini" söyləyib. Bundan sonra o, anasına bıçaqla hücum edib.

Hadisə oktyabrın 7-də baş verib. Qeyd edək ki, İris Ştaltser hadisədən cəmi bir həftə əvvəl - sentyabrın 28-də Xerdeke şəhərinin meri seçilmişdi.

İstintaqın ilkin versiyasına görə, hadisədən sonra qız təcili yardıma özü zəng edib və əvvəlcə "anama bir neçə kişi hücum edib" deyə yalan məlumat verib. Xilasedicilər mer Ştaltseri evin qonaq otağında kresloda tapıblar.

Ştaltserin bədənində 13 bıçaq yarası olub. Bundan əlavə, o, küt alətlə baş nahiyəsindən ağır xəsarətlər alıb. Həkimlər bildiriblər ki, hazırda siyasətçinin həyatına təhlükə yoxdur.

Polis hadisə yerində qan izləri aşkarlayıb, lakin onların bir hissəsinin polis gəlməzdən əvvəl silindiyi müəyyən edilib. Ekspertlər sonradan həmin izləri müəyyənləşdirə biliblər.

İstintaq zamanı övladlığa götürülmüş digər yeniyetmənin - 15 yaşlı oğlanın çantasında hücumda istifadə olunduğu ehtimal edilən bıçaq və qanlı geyimlər tapılıb. Geyimlərin 17 yaşlı qıza məxsus olduğu güman edilir. Oğlanın hadisəyə qarışıb-qarışmadığı hələ araşdırılır.

Məlum olub ki, ötən yay ana ilə qız arasında artıq zorakılıq və bıçaqla hədələmə halları baş veribmiş. Eyni zamanda, ailə daxilində oğlanla da tez-tez gərgin münasibətlər yaşanıb.

Prokurorluq hadisəni qəsdən adam öldürməyə cəhd kimi deyil, ağır bədən xəsarəti yetirmə kimi qiymətləndirib. Buna görə də həbs qərarı çıxarılmayıb. Hazırda hər iki övladlığa götürülmüş uşaq Almaniyanın Uşaq və Gənclər Xidmətinin himayəsinə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
oxu.az

1Источники