Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşüb.
Hafta.az bildirir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, görüşdə Zəngəzur dəhlizinin gələcək perspektivləri, eləcə də Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı sahəsində Aİ-nin mümkün dəstəyi barədə müzakirələr aparılıb: "Azərbaycan tərəfindən bu istiqamətdə icra olunan strateji əhəmiyyətli layihələr barədə ətraflı məlumat verdik. Eyni zamanda həmin layihələrdə Aİ-nin potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq. Görüşdə, həmçinin nəqliyyat, rəqəmsallaşma, innovasiyalar və İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu".