RU

Ermənistan silahlı qüvvələrinin azərbaycanlı əsirlərə işgəncə verməsi ilə bağlı sübutlar məhkəmədə nümayiş etdirilib

Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

Hakim Z.Ağayev məhkəməyə yeni sənədlərin daxil olduğunu elan edib. Bildirib ki, 340 nəfər zərərçəkmiş məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaqa ifadələrinin məhkəmə prosesində tədqiq olunmasını xahiş edib.

Zərərçəkmişlərin iclasda iştirak edə bilməməsi və ibtidai istintaqa ifadələrinin tədqiq edilməsinə etiraz edən olmayıb.

Məhkəmə prosesində Azərbaycana qarşı törədilmiş cinayət hadisələrinə dair ümumi faktlar və dövlət qurumlarından Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə hücumları nəticəsində həlak olmuş, itkin düşmüş şəxslərlə, habelə inzibati binalara, yaşayış evlərinə, ekologiyaya, dini və mədəniyyət abidələrinə və s. dəymiş ziyanla bağlı daxil olmuş statistik məlumatlar açıqlanıb.

Bildirilib ki,2020-ci il oktyabrın 4-də Ermənistanda Azərbaycanın mülki əhalisi arasında təşviş yaratmaq məqsədilə Gəncənin atəşə tutulması ilə bağlı qərar qəbul edilib. Ermənistanın beynəlxalq qınağa məruz qalmaması üçün həmin vaxt müdafiə naziri David Tonoyanın tövsiyəsi ilə qondarma rejimin “rəhbəri” Arayik Harutyunyan guya Gəncənin Ermənistan ərazisindən deyil, məhz onun əmri ilə Qarabağ ərazisindən vurulması ilə bağlı bəyanatla çıxış edib. Qeyd olunan çıxış yutub sosial şəbəkəsində də yerləşdirilib.

Arayik Harutyunyan 2021-ci il fevralın 16-da Rusiya sülhməramlı kontingentinin nümayəndələri ilə görüşü zamanı fevralın 17-də 13-18 nəfər azərbaycanlının cəsədinin təhvil veriləcəyini, istehza ilə “həmin cəsədlərin təhvil verilməsinin Xocalı soyqırımından sonra Azərbaycana hədiyyə olduğunu” bildirməklə təqdim edib.

Bundan başqa, A.Harutyunyan Ermənistan hərbçiləri tərəfindən 1992-ci ilin fevral-mart aylarında azərbaycanlı xüsusi təyinatlı milis əməkdaşlarının divar qarşısında düzdürülərək güllələnməsi barədə fikir söyləyib.

Həmin sənədə əsasən, Arayik Harutyunyan 2022-ci il avqustun 5-də Laçın rayonunun Sarıbaba kəndi ərazisində həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi qulluqçularının üzərinə qaya parçasını Ermənistan hərbçilərinin qəsdən yuvarladığı barədə məlumata malik olması da öz əksini tapıb.

Başqa sənədə əsasən 7 nəfər təqsirləndirilən şəxs - Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan, David Manukyan barəsində məlumatları, yəni anket məlumatları, təhsil, qondarma qurumda tutduqları “vəzifələri”, 90-cı illərin əvvəllərindən qondarma qurumun qanunsuz fəaliyyətində rolu, 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci ildə 44 günlük müharibədə iştirakları və sair kimi məlumatlar öz əksini tapıb.

Qeyd olunan məlumatların təhlili əsasında müəyyən edilib ki, adları çəkilən 7 nəfər təqsirləndirilən şəxs bu və ya digər üsullarla və müxtəlif vaxtlarda Azərbaycan Respublikasının suveren ərazilərinin Ermənistan Respublikası tərəfindən işğal altında zorla saxlanılmasında iştirak edib, bu istiqamətlərdə çıxışlar edib, erməni xalqını daima Azərbaycan xalqına qarşı qoymaqla nifrət hisslərini aşılayıblar.

Digər sənədə əsasən müəyyənləşdirilib ki, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində qondarma qurumun maliyyələşdirilməsi Ermənistan tərəfindən həyata keçirilib.

Elan edilmiş sənədlərə əsasən Ermənistan Respublikası 05.07.2019-cu il və 26.06.2020-ci il tarixli müqavilələr əsasında Rusiya Federasiyasından tankəleyhinə 2 ədəd raket alıb. Qeyd olunan raketlərin Ermənistanla bağlanmış müqavilə əsasında alınmasına baxmayaraq, həmin qurğuların Azərbaycanın həmin vaxt işğal altında olan suveren ərazisində tapılması silahların bilavasitə həmin ölkədən, yəni Ermənistandan gətirildiyini bir daha təsdiq edir.

Bundan başqa qeyd edilib ki, ərazilərimiz işğaldan azad edildikdən sonra orada çoxsaylı silah-sursat və digər qurğular aşkar edilib. Həmin silahlar içərisində iriçaplı silahlarla yanaşı, tank, top və digər bu kimi döyüş təyinatlı avadanlıqlar olub.

Digər sənədə əsasən, yutubda yer almış və cinayət işinin materiallarına əlavə edilmiş videomateriallardan görünür ki, döyüş səhnələri real olaraq qeydə alınıb, görüntülər zamanı müxtəlif zirehli texnikalarla, hərbi paltarlı şəxslər müxtəlif silahlarla müxtəlif istiqamətlərdə atəşlər açır.

Növbəti kadrlarda Birinci Qarabağ müharibəsində müxtəlif sayda hərbi geyimli azərbaycanlının qətlə yetirilərək öldürüldüyü, torpaq üzərində cansız cəsədlərinin qaldığı görünür.

Daha sonra kadrlarda Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən azərbaycanlı hərbçinin əsir olaraq saxlanıldığı görünür. Əsir götürülmüş şəxsə zor tətbiq edilir, onunla pis rəftar olunur və ona müxtəlif formada zorakılıq göstərirlər. Videoda, həmçinin əsirin sifət nahiyəsinin sağ tərəfindən qan axdığı müşahidə olunur.

Daha sonra kadrlarda görünür ki, viran qoyulmuş ərazimizdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri talançılıqla məşğul olur.

Növbəti kadrlarda əsir götürülmüş Azərbaycan əsgərləri yer alıb. Əsirlərin sifət nahiyələrində müxtəlif xəsarətlərin olması açıq-aydın görünür.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

Избранный
3
49
teleqraf.com

10Источники