RU

Xaricdəki məktəb və bağçalarda sağlam qidalanma, psixoloji rifah və təhlükəsiz mühit... Bəs Azərbaycanda?

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Uşaqların sağlamlığı hər bir ölkənin gələcəyinə qoyulan ən böyük investisiyadır. Müasir dövrdə bir çox dövlətlər bu istiqamətdə ciddi addımlar atır, məktəb və bağçalarda sağlam qidalanma, təmiz hava, psixoloji rifah və təhlükəsiz mühitin qorunmasına xüsusi önəm verir.

Bəs Azərbaycan bu baxımdan hansı səviyyədədir?

UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, uşaqların sağlam həyat şəraiti baxımından Skandinaviya ölkələri xüsusilə İslandiya, Norveç, Finlandiya və İsveç ilk sıralarda qərarlaşıb.

Bu ölkələrdə məktəblərdə və bağçalarda pulsuz sağlam qidalanma proqramı var, hər uşaq ildə azı iki dəfə pediatr və psixoloq müayinəsindən keçir, uşaqların ekran qarşısında keçirdiyi vaxt dövlət proqramları ilə tənzimlənir, tədris proqramına açıq hava dərsləri və fiziki aktivlik saatları daxil edilib. Bu yanaşma nəticəsində Skandinaviya uşaqları həm fiziki, həm də emosional sağlamlıq göstəricilərinə görə dünyada ən yüksək səviyyədədir.

Məsələn; Fransada hər məktəbin yanında səhiyyə işçisi fəaliyyət göstərir. Almaniyada bağçaya qəbuldan öncə uşaqların sağlamlıq kartı yoxlanılır. Yaponiyada isə hər məktəbdə “səhər yoxlanışı” tətbiq olunur, müəllimlər uşaqların halını və temperaturunu gündəlik izləyir. Bu sistemlər yalnız xəstəliklərin qarşısını almağa deyil, uşaqlarda sağlam həyat tərzini vərdiş halına gətirməyə yönəlib.

Azərbaycanda son illər uşaq sağlamlığına yönəlik bəzi təşəbbüslər həyata keçirilib. Bağçalarda yeməklərin keyfiyyətinə nəzarət gücləndirilib, bəzi məktəblərdə tibbi kabinetlər yenilənib. Amma problemlər hələ də qalır. Məsələn, payız-qış mövsümündə uşaqlar arasında virusların sürətlə yayılması, məktəblərdə havalandırma və sanitar şəraitin zəif olması, pediatr və psixoloq xidmətinin az olması, sağlam qidalanma mədəniyyətinin formalaşmaması.

Bir çox valideyn uşağın yeməyini evdən göndərir, çünki məktəb bufetlərində sağlam seçimlər azdır. Psixoloq dəstəyi isə, demək olar ki, yalnız bəzi özəl məktəblərdə mövcuddur.

Uşaq həkimlərinin fikrincə, ölkədə uşaq sağlamlığına dair konseptual yanaşma hələ tam formalaşmayıb. Sistem daha çox “xəstələndikdə müalicə” üzərində qurulub, halbuki inkişaf etmiş ölkələrdə məqsəd xəstələnmənin qarşısını almaqdır. Ekspertlər həmçinin valideynləri də məsuliyyətə çağırır: “Sağlam həyat tərzi evdən başlayır. Düzgün qidalanma, ekran vaxtının məhdudlaşdırılması və açıq havada hərəkət”.

Uşaq sağlamlığı təkcə tibb sahəsinin deyil, həm də təhsil, sosial və ailə siyasətinin bir hissəsidir. Azərbaycan bu istiqamətdə addımlar atsa da, hələ çox iş görülməlidir. Əgər istəsək, biz də uşaqların yalnız oxuduğu deyil, sağlam və xoşbəxt böyüdüyü məktəblər qura bilərik.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
icma.az

1Источники