RU

Kollagen nədir, əlavələr həqiqətən təsir edirmi?

Kollagen son illərin ən çox müzakirə olunan sağlamlıq trendlərindən birinə çevrilib.

E-saglam.az xəbər verir ki, dərinin cavan qalmasına kömək etdiyi düşünülən bu zülal indi içki formasında belə qəbul edilir. Amma mütəxəssislər bildirirlər ki, kollagen əlavələrinin doğrudan da təsirli olub-olmaması hələ də mübahisəlidir.

Kollagen insan bədənində ən çox olan zülallardan biridir. Dərinin, əzələlərin, sümüklərin və birləşdirici toxumaların quruluşunu qoruyur. 20 yaşların ortalarından etibarən bədəndə kollagenin miqdarı hər il təxminən 1 faiz azalır. Günəşə məruz qalmaq, stres və qeyri-sağlam qidalanma bu prosesi daha da sürətləndirə bilər.

Kollagen əlavələri doğrudanmı təsir göstərir?

Bəzi elmi tədqiqatlar ağızdan qəbul edilən kollagenin dərinin elastikliyini artıra biləcəyini göstərsə də, bu nəticələr hələ tam sübuta yetirilməyib. Londonlu dermatoloq Emma Vedqvortun sözlərinə görə, kollagen bədəndə çox mürəkkəb bir yoldan keçir və həmişə lazım olan nahiyəyə çatmaya bilər.

Müasir əlavələrdə kollagen daha kiçik hissəciklərə – yəni “kollagen peptidlərə” – parçalanır. Bu, onun bağırsaqdan daha asan sorulmasına imkan yaradır, lakin bədən onu müxtəlif orqanlara paylaya bilər və dəridə toplanacağına zəmanət yoxdur.

Hansı növ kollagen daha effektlidir?

Ən çox istifadə olunan üç növ kollagen var: dəniz mənşəli (balıqdan), mal mənşəli (indən) və vegan. Dermatoloqların fikrincə, ağızdan qəbul edilən əlavələr arasında dəniz kollageni ən təsirli sayılır, çünki tərkibində dərinin və sümüklərin quruluşunda əsas rol oynayan tip 1 kollagen daha çox olur.

Vegan kollagen isə əslində kollagen deyil, onun yerinə müəyyən amin turşuları və vitaminlərdən ibarətdir.

Dayandırmaq olarmı?

Kollagen qəbul etməyə başlayan bir çox insan nəticə görsə də, sonradan onu dayandırmaqda çətinlik çəkir. Bəzi istifadəçilər dəri parlaqlığında, saç və dırnaq möhkəmliyində fərq hiss etdiklərini bildirirlər. Lakin mütəxəssislər bu dəyişikliklərin bəzən həyat tərzi ilə əlaqəli ola biləcəyini də istisna etmirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
17
e-saglam.az

1Источники