Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmininə dair maarifləndirici təlimlər davam etdirilir.
Təlimlərin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, eləcə də əməyin mühafizəsi üzrə qəbul edilmiş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat verməkdir. Eyni zamanda istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların artırılması da təlimin əsas hədəflərindəndir.
Təlimlər zamanı iştirakçılara “İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliklər”, “İstehsalatda baş vermiş bədbəxt hadisələr və icbari sığorta”, “Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik”, “Əməyin mühafizəsi üzrə risklərin minimallaşdırılması məqsədilə süni intellekt əsasında idarə olunan tətbiqlər və fərdi mühafizə vasitələrinin istifadəsi” mövzularında təqdimatlarla çıxışlar edilib.
Təlimdə AZTV, “Azərenerji” ASC, “Azərpoçt” MMC və “Aztelekom” MMC-nin əməkdaşları iştirak ediblər.
Həmçinin Əməyin Mühafizəsi Mərkəzi, İcbari Sığorta Bürosu və Standartlaşdırma İnstitutunun nümayəndələri əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, eləcə də qəbul edilmiş standartların tətbiqi ilə bağlı təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.