BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Son vaxtlar qəhvə və ya enerji içkisini azaltmısınız və bunun nəticələrindən biri aydın yuxular görməkolubmu?
Kofein istifadəsini azaltmağın bir sıra potensial faydaları var.
Məsələn, dişlərin daha ağ görünməsi və tualetə daha az getmək kimi.
Amma çox vaxt qəhvəni azaltmağın mənfi bir tərəfi də dilə gətirilir: aydın (və bəzən qorxulu) yuxular görmək.
Bu, bir çox insanın qəhvəni azaltmağa başladıqdan sonra qeyd etdiyi qəribə bir təsirdir.
Bəs bunun elmi izahı varmı?
Gəlin, araşdırmaların bizə nə dediyinə baxaq.
Kofein yuxuya necə təsir edir?
Kofein bizi daha ayıq və oyaq saxlayan bir stimulyatordur. Bunu da beynimizdə adenozin adlı kimyəvi maddəni bloklayaraq edir.
Adenozin normalda gün ərzində oyaq və aktiv olduqda toplanır. Axşama doğru beynimizdəki adenozin yuxulu hiss etməyimizə kömək edir.
Biz yuxuya getdikdə adenozin təmizlənir. Yeni günə dincəlmiş halda və yenidən adenozin yığılmağa hazır başlayırıq.
Qəhvəni azaltmaq birbaşa aydın yuxuların səbəbi olmaya bilər.
Amma ağlabatan bir əlaqə ola bilər.
Çünki kofein adenozin siqnallarını bloklayır.
Nəticədə yuxumuz gəlsə belə, güclü yuxululuq hiss etmirik.
Kofein sistemdən atıldıqda isə yuxuya olan ehtiyacımız artır.
Kofeinin təsir müddəti 36 saatdır.
Buna görə də bir çox insan günorta və ya axşam qəhvə içdikdə gecə yatmaqda çətinlik çəkdiyini bildirir.
Kofein, eyni zamanda adenozin siqnallarına müdaxilə edərək yuxumuzu daha çox poza bilir və ümumi yuxu müddətimizi qısaldır.
Xüsusilə, bərpaedici dərin yuxu mərhələsinə (NREM) təsir edir.
Araşdırmalar göstərir ki, günün gec saatlarında və çox miqdarda qəbul edilən qəhvə yuxumuz üçün zərərlidir.
Kofeini azaltmağın yuxularımızı daha real hala gətirib-gətirmədiyi ilə bağlı birbaşa araşdırma yoxdur.
Əksər elmi tədqiqatlarda yuxularımızda nə gördüyümüzdən çox, kofeinin yuxuya olan təsiri araşdırılır.
Amma bu, mövzudan tamamilə xəbərsiz olmağımız demək deyil.
Çünki yuxunun keyfiyyəti ilə yuxuların bir-biri ilə sıx əlaqəli olduğunu bilirik.
Daha az kofein – daha canlı yuxular deməkdirmi?
Birbaşa sübut yoxdur, amma insanlar eyni şeyi təkrar edirlər.
Kofeini azaltdıqlarını və bir neçə gecə içində yuxularının daha aydın, detallı, bəzən də qəribə halagəldiyini deyirlər.
Kofeini azaltmaq birbaşa canlı yuxulara səbəb olmasa da, arada ağlabatan bir əlaqə var.
Çünki kofein, xüsusən günün gec saatlarında qəbul edildikdə, ümumi yuxu müddətini azaldır və gecə tez-tez oyanmalara səbəb olur.
Kofeini azaltmaq isə bədənin xarici müdaxilələrdən uzaq, təbii halına dönməsinə imkan verir.
Nəticədə daha çox yuxu yatıldığından REM yuxusu da uzanır.
REM - bədənin dincəldiyi, amma beynin çox aktiv olduğu bir yuxu mərhələsidir.
Məhz bu mərhələ yuxularla əlaqələndirilir.
Daha uzun REM yuxusu beynimizə daha real və detallı yuxular yaratmaq imkanı verir.
Əgər REM yuxusundan oyanarıqsa, yuxunu böyük ehtimalla xatırlayarıq, çünki o, hələ yaddaşımızda təzə olur.
Yəni, kofeini azaltmaq REM yuxusunu uzada bilər.
Bu isə daha çox yuxu görmək və daha çox yuxu xatırlamaq deməkdir.
Təbii ki, yuxu mürəkkəb bir prosesdir, yuxular da elə.
Kofeini buraxan hər kəs dərhal daha real yuxular görməyə başlamayacaq.
Qısaca desək, kofein istifadəsini azaltmaqla canlı yuxular arasında güclü elmi sübutlar olmasa da, bir əlaqə ola bilər.
Çünki kofeini həyatımızdan çıxardıqda və ya azaltdıqda beynimizə daha çox REM yuxusu yatmaq imkanı veririk.
Aydın yuxu nədir?
Gerçək kimi hiss etdirən yuxulara aydın (şüurlu) yuxular deyilir.
Onlar inanılmaz dərəcədə detallı və aydın ola bilər, güclü emosiyalar və canlı təsvirlərlə müşayiət oluna bilər.
O qədər intensiv ola bilirlər ki, oyandıqdan uzun müddət sonra belə xatırlana bilirlər.
Yatmazdan ən azı səkkiz saat əvvəl kofeindən uzaq durmaq daha yaxşı yuxu və daha maraqlı yuxular gətirə bilər.
Kofeini düşündükdə, adətən, ağla qəhvə və ya enerji içkiləri gəlir.
Amma kofein bəzi qazlı içkilərdə, şokoladda, çayda və dərmanlarda da mövcuddur.
Kofeinin idrak funksiyaları və psixi sağlamlıq üçün faydalı olduğu düşünülür.
Bəzi araşdırmalar göstərib ki, qəhvə içənlərdə depressiya riski daha az olur.
Eyni zamanda kofeinin Parkinson xəstəliyi kimi neyrodejenerativ xəstəliklərin riskini azaltdığını göstərən elmi işlər də var.
Qəhvədə həmçinin B vitaminləri və antioksidantlar da mövcuddur və bunlar sağlam qidalanmanın vacib hissələridir.
Xüsusilə gecə işləyənlər üçün kofein yorğunluqla mübarizə aparmaq üsuludur.
Hətta gündüz işləyənlər belə, bir-iki fincan qəhvə içmədən işə başlaya bilmirlər.
Əgər kofeindən tamamilə imtina etmək istəmirsiniz, amma , eyni zamanda yuxunuzu yaxşılaşdırmaq istəyirsinizsə, hər şey zamanlamadan asılıdır.
Yatmazdan ən azı səkkiz saat əvvəl kofein qəbulundan çəkinin.
Əgər yuxunuzu daha da uzatmaq istəyirsinizsə, bu müddəti 12 saata qədər artırın.
Bədəniniz sizə təşəkkür edəcək, yuxularınız isə sizi təəccübləndirəcək.
*Charlotte Gupta CQUniversity, Avstraliyada yuxu üzrə tədqiqatçıdır; Carissa Gardner Avstraliya Katolik Universitetində idman, performans, zədə, bərpa və inkişaf etməkdə olan texnologiyalar üzrə postdoktoral tədqiqatçıdır.