RU

Şəmsi Bayramzadə: Təqaüd səni çağırır! proqramı Azərbaycan gənclərinə qlobal səviyyəli İKT təhsilinə çıxış imkanı yaradır

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycanda innovasiya ekosisteminin genişlənməsi, rəqəmsal transformasiyanın sürətlənməsi və gənclərin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılır. Bu məqsədlə fəaliyyət göstərən "Holberton School Azerbaijan" məktəbi ölkədə müasir texnologiyalar üzrə kadr potensialının formalaşdırılmasına, gənclərin beynəlxalq standartlara uyğun təhsil almasına imkan yaradan yeni təqaüd proqramına start verib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, "PASHA Holding"in sponsorluğu ilə həyata keçirilən "Təqaüd səni çağırır!" layihəsi Azərbaycan gənclərinə qlobal səviyyəli İKT təhsilinə çıxış imkanı təqdim edir.

"Holberton School Azerbaijan"ın icraçı direktoru Şəmsi Bayramzadə Oxu.Az-a müsahibəsində bu təqaüd proqramı, onun istiqamətləri və üstünlükləri barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- "Holberton School Azerbaijan"ın təqaüd proqramının yaradılmasının əsas məqsədi nədir?

- "Təqaüd səni çağırır!" proqramı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və "PASHA Holding"in sponsorluğu ilə təsis olunub.

Proqramın əsas məqsədi Azərbaycanda İKT sektorunda insan kapitalının inkişafını təmin etmək, qlobal tədris proqramlarını və qabaqcıl təcrübələri ölkəyə gətirmək, həmçinin bu sahəyə marağı olan gənclər və digər şəxslər üçün əlçatan və keyfiyyətli təhsil imkanları yaratmaqdır.

- Bu proqramda kimlər iştirak edə bilər və seçim meyarları hansılardır?

- Hazırda proqram çərçivəsində dörd tədris istiqaməti aktivdir. Azərbaycan vətəndaşı olan, 16 yaşdan yuxarı hər bir şəxs təqaüd proqramına müraciət edə bilər.

İştirak üçün universitet məzunu olmaq və ya əvvəlcədən təcrübəyə malik olmaq tələb olunmur. Regionlarda yaşayanlar üçün onlayn imtahan platforması mövcuddur, eləcə də ölkədən kənarda yaşayan azərbaycanlılar da proqramda iştirak edə bilərlər. Müraciətlər oktyabrın 29-dək qəbul olunur.

- Proqram çərçivəsində hansı istiqamətlər üzrə təhsil təklif olunur?

- "Təqaüd səni çağırır!" proqramında 4 unikal tədris istiqaməti mövcuddur.

Birincisi, "Computer Science Web Development" - bu sahədə yeni başlayan və ixtisaslaşmaq istəyənlər üçün nəzərdə tutulub. İkincisi, "Full Stack Web Development" - müəyyən texniki biliyə sahib olan və "full stack" sahəsində ixtisaslaşmaq istəyən şəxslər üçün. Üçüncüsü, "Cyber Security" - kibertəhlükəsizlik sahəsində peşəkar olmaq istəyənlər üçün, müəyyən ilkin biliklər tələb olunur. Sonuncusu isə, "Machine Learning & AI" - "data" və süni intellekt istiqamətində dərin ixtisaslaşmaq istəyənlər üçün nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, bütün bu proqramlar tamamilə ödənişsizdir. Bu da o deməkdir ki, iştirakçılar yüksək dəyərə malik qlobal tədris proqramından heç bir ödəniş etmədən faydalana bilirlər.

- Bəs təqaüdə müraciət edənlər üçün seçim prosesi necə həyata keçirilir, qiymətləndirmə hansı meyarlar əsasında aparılır?

- Qiymətləndirmə prosesi şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanır. Bu məqsədlə bütün zəruri texniki və təşkilati şərait yaradılıb. Proqrama qoşulmaq istəyən namizədlər əvvəlcə holbertonschool.az saytında qeydiyyatdan keçərək imtahan tarixini seçməlidirlər. Daha sonra onlar müəyyən olunmuş vaxtda məktəbdə kompüter vasitəsilə imtahan verirlər.

Seçim iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədlər texniki biliklər və ingilis dili üzrə test imtahanı verirlər. Minimum tələbləri ödəyənlər ikinci mərhələyə - müsahibə mərhələsinə keçirlər. Bu mərhələdə namizədlərin İKT sahəsinə marağı, bu istiqamətə ayıra biləcəkləri vaxt, gələcək planları və düşüncələri qiymətləndirilir.

Nəticələrə əsasən ən yüksək bal toplayan namizədlər qalib elan olunurlar. Ümumilikdə 200 nəfər təqaüdçü seçiləcək. Hər proqramın öz kvotası olduğuna görə qaliblərin adları topladıqları bala uyğun olaraq - yüksəkdən aşağıya doğru - açıqlanacaq.

- Bu təqaüd proqramı gənclər üçün hansı yeni imkanlar yaradır?

- Proqram "Holberton School Azerbaijan" tərəfindən təklif olunur və bu məktəb qlobal "Holberton School" şəbəkəsinin bir hissəsi, Azərbaycandakı rəsmi nümayəndəliyidir. Qeyd etmək istərdim ki, "Holberton School" hazırda 20-dən çox ölkə və 35 şəhərdə fəaliyyət göstərir. Onun məzunları "Google", "Apple" kimi aparıcı beynəlxalq şirkətlərdə çalışırlar.

Bizim proqram gənclərə qlobal bazarda tanınan və beynəlxalq səviyyədə dəyər qazanan bir məktəbin məzunu olmaq imkanı yaradır. "Holberton School Azerbaijan"ın məzunları beynəlxalq standartlara uyğun sertifikat əldə edəcəklər.

Proqram proyekt əsaslı öyrənmə metoduna əsaslanır. Bu yanaşma tələbələrə həm nəzəri bilikləri mənimsəməyə, həm də onları praktikada tətbiq etməyə şərait yaradır. Tələbələr müxtəlif layihələr üzərində işləməklə komanda bacarıqlarını inkişaf etdirir, yeni insanlarla tanış olur, təcrübə qazanır və real iş mühitinə daha hazırlıqlı olurlar.

Eyni zamanda, tədris proqramı qlobal bazarın tələblərinə və müasir texnologiyaların inkişaf dinamikasına uyğun şəkildə hazırlanıb, bu da gənclərin beynəlxalq əmək bazarında daha rəqabətqabiliyyətli olmasına şərait yaradır.

- "Holberton School Azerbaijan"da müəllimlər tədris prosesini necə həyata keçirirlər?

- Məktəbin bütün proqramlarında fərqləndirici cəhətlərdən biri müəllim institutuna yeni yanaşmadır. Biz "müəllim yoxdur" demirik, sadəcə olaraq onun rolunu dəyişmişik. Burada müəllim ənənəvi formada dərs deyən deyil, tələbələrə istiqamət verən mentor rolundadır. Bu, tələbələrin müstəqil düşünmə, araşdırma və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə xidmət edir.

"Holberton School Azerbaijan"da həm yerli, həm də xarici mentorlar fəaliyyət göstərir. Xarici mentorlarla onlayn əlaqə saxlanılır, yerli mentorlar isə tələbələrlə birbaşa işləyirlər. Beləliklə, tədris sistemi elə qurulub ki, tələbələr bilik əldə etmək üçün daima müəllimə ehtiyac duymur, öz təşəbbüsləri və komanda işi ilə öyrənmə prosesində aktiv iştirak edirlər.

- Azərbaycan gəncləri bu proqrama maraq göstərirlərmi?

- Bəli, maraq çox yüksəkdir. Təqaüd proqramı barədə sosial şəbəkələrdə elanlara cəmi bir həftə əvvəl start verilmişdi, amma artıq 1500-dən çox müraciət daxil olub. Bu, gözləntilərimizi üstələyən göstəricidir və Azərbaycan gənclərinin bu sahəyə böyük marağını göstərir. Hazırda hər gün 4 dəfə 70-80 nəfərlik qruplar üçün imtahanlar təşkil olunur.

- Bu təqaüd proqramı çərçivəsində Azərbaycandakı universitetlərlə əməkdaşlıq planlaşdırılırmı?

- Bəli, proqramın əsas istiqamətlərindən biri universitetlərlə əməkdaşlıqdır. Artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdimatlar keçirilib.

Yaxın günlərdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti və digər ali məktəblərdə də təqdimatlar planlaşdırılır. Hətta bəzi universitetlər proqramın onların tələbələri ilə paylaşılmasını təşəbbüs olaraq özləri təklif ediblər. Ümumilikdə, bu günə qədər ölkə üzrə 10 universitetə proqramla bağlı məlumat göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
oxu.az

1Источники