ain.az, Turkstan.az saytına istinadən bildirir.
ABŞ prezidenti Donald Tramp bu il Nobel Sülh Mükafatına layiq görülməyib. Nobel Komitəsi sülh mükafatını Venesuela Milli Assambleyasının keçmiş əməkdaşı və parlament üzvü Maria Korina Maçadoya verib.
Məlum olduğu kimi, Tramp mükafata iddialı idi və onun ətrafının Nobel Komitəsi və Norveç hökumətinə təzyiq göstərdiyi də bildirilirdi. Bir müddət əvvəl Tramp açıq şəkildə bəyan etmişdi ki, mükafat ona verilməsə, bunu ABŞ xalqına qarşı təhqir kimi qiymətləndirəcək.
Eyni zamanda, Norveç hökumətinin Trampın bu qərara reaksiyasından sonra ölkəyə qarşı əlavə rüsumlar tətbiq edə biləcəyindən ehtiyatlandığı qeyd olunurdu. Polymarket məlumatlarına görə, Trampın Nobel Sülh Mükafatını qazanmaq şansı yalnız 3 faiz qiymətləndirilmişdi.
Bəs Nobel Komitəsi bu il niyə ABŞ prezidentinə yox, Maria Korina Maçadoyaya üstünlük verdi?
Trampın mükafatı qazana bilməməsi ABŞ-ın beynəlxalq nüfuzuna hansı zərbəni vurur?
Həmçinin, Nobel Sülh Mükafatını itirməsi Trampın siyasi imicinə necə təsir edəcək?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb:
"Amerika prezidenti Donald Trampın bu il Nobel Sülh Mükafatı almaması, əlbəttə, onda müəyyən məyusluq hissi yaradacaq. Çünki özünün dediyinə görə, o, yeddi müharibəni bitirib. Halbuki, biz bir az mübahisəli yanaşırıq. Məsələn, Azərbaycan və Ermənistan arasındakı qarşıdurmanı götürsək, Trampın dediyi kimi, müharibə tam da onun vasitəçiliyi ilə bitmiş sayılmaz. Yəni müharibə daha əvvəl sona çatmışdı. Sadəcə, Trampın vasitəçiliyi müəyyən qədər o oldu ki, sülh müqaviləsi yalnız paraflandı.
Amma onu da etiraf edək ki, Yaxın Şərqdə dünən əldə olunan razılaşma böyük ölçüdə Trampın zəhməti sayəsində mümkün olub. Məsələ burasındadır ki, Nobel Komitəsi sülh mükafatının sahibini yəqin ki, həftələrlə öncədən müəyyən etmişdi. Mən hesab edirəm ki, əgər Yaxın Şərqdə sülh prosesi bir ay öncə işə düşsəydi, Trampın şansları daha çox olardı.
Amma Tramp üçün bu, məncə, problem olmamalıdır. Onun prezidentliyi davam edir və əgər Yaxın Şərqdən sonra Rusiya-Ukrayna müharibəsində də istədiyi nəticələri əldə edərsə, ən azı gələn ilin Nobel Sülh Mükafatına əsas namizədlərdən biri ola bilər.
Belə baxanda, əslində, Amerikanın keçmiş prezidenti Barak Obama da Nobel Sülh Mükafatını almışdı, amma onun hansı nailiyyətlərə görə bu mükafatı aldığı hələ də sual altındadır. Halbuki Tramp ondan daha çox zəhmət çəkib. Ona görə hesab edirəm ki, bu ilə olmasa da, gələn ilin Nobel Sülh Mükafatına əsas namizədlərdən biri ola bilər".
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.