RU

"Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşmasını gözləyirdik" - Politoloqdan açıqlama

Ötən gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında baş tutan görüşdə iki ölkə arasında gərginliyə səbəb olan təyarə qəzası ilə bağlı düyün çözülmüş oldu. Kreml rəhbəri Rusiya səmasında vurulan təyyarəyə görə Azərbaycandan üzr istədi, həlak olanların ailələrinə və xəsarət alanlara kompensasiyanın veriləcəyini, o cümlədən günahkarların məsuliyyətə cəlb olunacağını bildirdi. Və beləliklə Moskva və Bakı arasında münasibətlərdəki yaranmış soyuqluq demək olar ki, aradan qalxmış oldu. 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Rusiya və Azərbaycan Prezidentləri arasındakı görüşə iki istiqamətdən baxmaq lazımdır: 

“Birincisi odur ki, bu görüş uzun müddətdir gözlənilirdi. Çünki artıq tərəflər arasında münasibətlər normallaşmağa doğru gedirdi. Bunun ilk işarəsi də məhz elə Vladimir Putinin doğum günündə Azərbaycan Prezidentinin təbriki oldu. Artıq bəllidir ki, münasibətlər istiləşəcək və bundan əvvəl də Şanxay Əməkdaşlıq Təşkilatı zirvəsində qısa da olsa ayaqüstü görüş olmuşdu. Və görünür ki, burada əsl məsələ Azərbaycan tərəfinin istəklərinin müəyyən qədər Rusiya tərəfindən təsdiqi oldu. Belə ki, Rusiya bildirdi ki, artıq təyyarə qəzası ilə bağlı üzrxahlıq olunub və bununla bağlı ölənlərin ailələrinə başsağlığı dilənib. Rusiya istintaq üçün əlindən gələn köməkliyi eləyəcək. 

Xatırlayısınızsa, hətta görüşdə Putin bunu da vurğulayıb ki, o, ilk gündən bu üzrxahlığı edib və ilk gündən bu məsələnin aydınlaşdırılmasına çalışıb. Və burada Azərbaycan Prezidenti də Putinin açıqlamasına hardasa uyğun bir cavab verdi. İlham Əliyev bildirdi ki, Rusiya istintaqın gedişatına maneə yaratmır və bu məsələdə Azərbaycan xalqının acısını bölüşür. Əslində əvvəlcədən praktiki olaraq Azərbaycan tərəfi Rusiya ilə bu görüşü və görüşdəki yaxınlaşmanı gözləyirdi. Demək ki, əvvəlcədən görüşə hazırlıq vardı və artıq iki tərəf arasında mövqelərin yaxınlaşmasını biz müşahidə edirdik. Biz Azərbaycan Rusiya münasibətlərinin əvvəl-axır belə bir yaxınlaşma üzərinə dönəcəyini gözləyirdik”. 

Turab Rzayev qeyd edib ki, ikinci məsələ isə Çin məsələsidir:

“Rusiya və Azərbaycan Prezidentləri arasında ilk görüşün Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ayaqüstü olması, indi isə Tacikistanda görüşün baş tutması onu göstərir ki, burada Çin də maraqlıdır. Çünki Azərbaycan artıq Çinlə münasibətləri yaxınlaşdırmağa çalışır və burada Bakının strateji olaraq Çin-Rusiya ittifaqının yanında yer aldığını biz görürük. Çünki hazırda dünyada qütbləşmə gedir və bir tərəfdə ABŞ və müttəfiqlərinin, digər tərəfdə isə Çin-Rusiya ittifaqının olduğunu görürük. Azərbaycanın Rusiya ilə strateji müttəfiqlik haqqında müqaviləsi var. Çinlə də oxşar strateji sənədlər imzalanıb və Azərbaycan artıq Çinin Tayvan məsələsindəki rolunu tamamilə qəbul edib. Daha əvvəlki bəyannamədə Azərbaycan bildirmişdi ki, Çinin Tayvanla bağlı sübutları var. Azərbaycan Çinin Tayvanla bağlı sülh gündəliyini dəstəkləyir. İndiki yeni bəyanat isə artıq Azərbaycanın Çinin Tayvan məsələsinin həlli ilə bağlı atdığı addımları dəstəkləyir. Yəni, faktiki olaraq burada sülh sözünü çıxarması onu göstərir ki, Azərbaycan sabah Çinin Tayvan məsələsinin həllini hərbi yol ilə görsə rəsmi Bakı bunu yenə də dəstəkləyəcək. Ən azından görüntü bu şəkildədir. 

Buradan da müəyyən olur ki, Azərbaycan artıq öz strateji gələcəyini daha çox Rusiya-Çin xətti üzərində formalaşdırmağa çalışır. Dünyadakı bu bloklaşma və qürtləşmə şəraitində Azərbaycan, Çinnlə də strateji olaraq yaxınlaşma yolu götürübsə, o zaman Azərbaycan, Rusiya, Çin ittifaqına yaxın bir siyasi xətt yürüdəcək. Və belə olduğu halda Rusiya ilə münasibətlərin bərpası qaçınılmazdır. Ona görə mən Rusiya ilə bu yaxınlaşmanı həm də Azərbaycan göstəricisi olaraq Rusiya, Çin strateji xəttinə yaxın bir xətt seçməsi ilə əlaqələndirirəm. Yəni, burdakı Çin faktorunun da əhəmiyyətinin gözardı edilməsini istəməzdim”,- deyə politoloq bildirib.

Daşqın HəsənovMissiya.Az

Избранный
2
missiya.az

1Источники