RU

“Ailənin qorunması baxımından din unikal tənzimləyici rol oynayır“ - Din xadimi DANIŞDI

“Müasir dövrdə sosial media cəmiyyətin ayrılmaz bir parçasına çevrilmişdir”. Bu fikirləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, artıq kəndli, şəhərli, uşaq və böyüklər demək olar ki, hər kəs sosial şəbəkələrdən istifadə edir: “Bu platformalar real aləmin virtual müstəvidəki daha əlçatan forması kimi çıxış edir. İstənilən məlumatın saniyələr içində əldə oluna bilməsi sosial medianı həm informasiya, həm də iqtisadi fəaliyyət məkanına çevirib. Bu gün insanlar sosial şəbəkələr vasitəsilə həm məlumat toplayır, həm də gəlir əldə edirlər. Belə bir şəraitdə sosial medianın dini inanclara təsirsiz qalması mümkünsüzdür, çünki o artıq həyatın bütün sahələrinə nüfuz edib.

Sosial medianın dini dəyərlərə təsiri əsasən onun istifadəsindən asılıdır. Əgər fərd bu platformalarda dini mövzulara, əxlaqi və elmi bilgilərə maraq göstərirsə, bu, onun mənəvi dünyasına müsbət təsir göstərir. Müsbət istiqamətdə istifadə olunduqda sosial şəbəkə maarifləndirici, tərbiyəvi və elmi baxımdan misilsiz bir vasitəyə çevrilir. Artıq insanlar evdə oturaraq virtual kitabxanalardan faydalanır, dini ədəbiyyatlara və elmi mənbələrə rahat şəkildə çıxış əldə edirlər.

Sosial medianı nüvə enerjisi ilə müqayisə etmək olar. Necə ki, nüvə enerjisi düzgün istiqamətdə istifadə edildikdə tibbdə, sənayedə və energetikada əvəzsiz imkanlar yaradır, lakin mənfi məqsədlərlə istifadə olunduqda təhlükə mənbəyinə çevrilir, sosial media da eyni xüsusiyyətə malikdir. Düzgün istifadə zamanı maarifləndirici gücə, yanlış istifadə zamanı isə mənəvi və sosial fəlakətə səbəb ola bilər.

Dini tərbiyə, ailə və cəmiyyət həyatında mühüm rol oynayır. Müasir dövrdə mənəvi və mental dəyərlərin qorunmasında dini maarifləndirmə ən təsirli vasitə kimi ön plana çıxır. Əgər din düzgün şəkildə təqdim edilərsə, ailə münasibətlərinin möhkəmlənməsinə və cəmiyyətin mənəvi sabitliyinə ciddi təsir göstərir. Ailənin qorunması baxımından din unikal tənzimləyici rol oynayır. Məsələn, Qurani-Kərim ailə mübahisələrinin əvvəlcə məhkəmə yolu ilə deyil, hər iki tərəfdən seçilən ağsaqqalların vasitəsilə həll edilməsini tövsiyə edir. Bu, həm ailə məhrəmliyini qoruyur, həm də insan münasibətlərinin səmimi şəkildə tənzimlənməsinə şərait yaradır. Beləliklə, cəmiyyətin əsas dayağı olan ailə institutunun qorunmasında dini maarifləndirmənin rolu əvəzsizdir. Bu baxımdan sosial şəbəkələr də üzərlərinə böyük məsuliyyət götürürlər. Onlar təkcə əyləncə və informasiya vasitəsi deyil, həm də mənəvi dəyərlərin qorunması və düzgün istiqamətdə təbliği üçün mühüm platformadır”.

Müəllif: Səbinə Hüseynli
Избранный
6
sia.az

1Источники