RU

Mahirin yaxşı tanıdığı şirkət rəhbəri millimiz üçün Fransaya getdi

Azərbaycan və Fransa yığmaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin III tur görüşünə norveçli hakimlər təyinat alıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı FIFA referisi Rohit Saqqi idarə edəcək.

Ona yaxn xətlərdə Yorgen Romninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Daniel Higraff dördüncü hakim funksiyasını yerinə yetirəcək.

33 yaşlı ədalət təmsilçisi ölkəsində öncüllərdən hesab olunsa da, avtokubok təcrübəsinin zəngin olduğunu deyə bilmərik.

2017-ci ildən yaxasında FİFA-nın emblemini daşıyan skandinaviyalı hakim bu müddətdə avrokuboklarda 25 matça baş hakim kimi təyinat alıb. Və bu oyunlardan 1-də meydanda Azərbaycan klubu mübarizə aparıb.

Söhbət 2022-ci ilin yayına təsadüf edən “Rapid” – “Neftçi” qarşılaşmasından gedir.

Avqustun 11-də Vyanada keçirilən Konfrans Liqasının II təsnifat mərhələsi görüşdə avstriyalılar 2:0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə penalti zərbələrinə ehtiyac duyulub. “Rapıd”in futbolçuları dəqiq zərbələr hesabına “ağ-qaralar”ı üstələyib.

Həmin gün meydanda olanlardan yalnız Emin Mahmudov bu gün Azərbaycan millisinin sıralarındadır.

Saqqinin bizimkilərlə yolu ötən ilin bu vaxtında kəsişib. Həm də Bakıda.

Oktyabrın 14-də UEFA Millətlər Liqası çərçivəsində paytaxtımızda baş tutan Azərbaycan – Slovakiya qarşılaşmasını Saqqi idarə edib. Bizimkilərin 1:3 hesabı ilə uduzduğu matçda yeganə qola Toral Bayramov imza atıb.

Həmin oyunu Mahir Emreli daha yaxşı xatırlayır. Norveçli ədalət təmsilçisi 70-ci dəqiqədə millimizin “10 nömrə”sinə qırmızı vərəqə göstərib vaxtından əvvəl paltardəyişmə otağına göndərmişdi.

Beləliklə, Rohitin idarə etdiyi hər iki görüşdə təmsilçilərimiz meydanı məğlub tərk edib. Görək, bu dəfəki sonluq necə olacaq.

Maraq üçün bildirək ki, Saqqi həm də şirkət rəhbəridir. O, özünün yaratdığı “Zebra Cunsulting” şirkətinin baş icraçı direktorudur.

Oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB

Избранный
39
sportinfo.az

1Источники