RU

Çin ABŞ gəmilərindən xüsusi liman rüsumları alacaq

Pekin, 10 oktyabr, AZƏRTAC

Çin oktyabrın 14-dən etibarən ABŞ müəssisələri, təşkilatları və fiziki şəxslərinə məxsus və ya idarə olunan gəmilərindən xüsusi liman rüsumları alacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Nəqliyyat Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, bu qərar ABŞ-ın Çin gəmilərinə əlavə liman rüsumları tətbiq etmək qərarına cavabdır. Çin tərəfi bildirib ki, xüsusi liman rüsumları tələb olunacaq gəmilərə ABŞ-ın hüquqi və fiziki şəxslərinin ən azı 25 faiz paya malik olduğu qurumlara məxsus olan gəmilər, eləcə də ABŞ bayrağı altında üzən və ABŞ istehsalı olan bütün gəmilər daxildir.

Nəqliyyat Nazirliyi Çin limanlarına yanaşan ABŞ gəmiləri üçün xüsusi liman rüsumlarının mərhələli şəkildə artırılacağını da açıqlayıb. Rüsum ilkin mərhələdə hər ton yük üçün 400 yuan (təxminən 56,3 ABŞ dolları) təşkil edəcək. Sonrakı üç il ərzində hər il aprelin 17-də rüsumların məbləği artırılacaq.

ABŞ-ın hərəkətlərin müvafiq beynəlxalq ticarət prinsiplərini və Çin-ABŞ münasibətlərini ciddi şəkildə pozduğunu, iki ölkə arasında dəniz ticarətində ciddi axsamalara səbəb olacağını bəyan edən Nəqliyyat Nazirliyi öz qərarını Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün əsaslandırılmış addım kimi dəyərləndirib.

Çin tərəfi Birləşmiş Ştatları öz səhvlərini dərhal düzəltməyə və Çinin dəniz sənayesinə əsassız şəkildə təzyiqi dayandırmağa çağırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
14
azertag.az

1Источники