RU

Ali təhsil 3 ilə enir - Azərbaycan buna hazırdırmı?

Türkiyədə universitet təhsilinin müddəti 3 ilə endirilə bilər. Türkiyə Prezidenti bu islahatların Avropa ölkələrindəki təcrübələrə uyğun olaraq tələbələrin 3 ildə məzun olmasına imkan verəcəyini bildirib. O, bu dəyişikliklərin ali təhsil sistemini daha səmərəli və beynəlxalq standartlara uyğun hala gətirəcəyini vurğulayıb.

Bəs, Türkiyədə universitet təhsilinin 3 ilə endirilməsi qərarı Azərbaycan üçün də nümunə ola bilərmi? Təhsil müddətinin azaldılması hansı sahələrdə faydalı, hansı sahələrdə isə zərərli ola bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva bildirib ki, əsas məsələ illərin sayının azaldılması deyil, öyrənmə nəticələrinin eyni səviyyədə saxlanılmasıdır:

169821

“Əslində, bu yanaşma tamamilə yeni deyil. Bologna prosesi çərçivəsində Avropa ali təhsil məkanında bakalavr təhsili 3-4 il aralığında (180–240 ECTS kredit) müəyyən edilir. Bu o deməkdir ki, 3 illik bakalavr formatı Avropanın bir çox ölkəsində artıq oturuşmuş modeldir. Türkiyədə universitet təhsilinin 3 ilə endirilməsi qərarı Azərbaycan üçün də nümunə ola bilər, amma bu, mərhələli şəkildə həyata keçirilməlidir".

Hazırda Azərbaycanda bakalavr proqramları 4-5 il (240–300 ECTS kredit) müddətinə hesablanıb.

"Bu strukturun qısaldılması yalnız ciddi tədris islahatları, kredit sisteminin yenidən qurulması və proqramların optimallaşdırılması ilə mümkündür:

Sadəcə illərin azaldılması deyil, öyrənmə nəticələrinin eyni səviyyədə saxlanılması əsas şərtdir. 3 illik model daha çox sosial elmlər, idarəetmə, iqtisadiyyat və informasiya texnologiyaları kimi sahələrdə effektiv ola bilər. Bu istiqamətlərdə proqramlar modul əsaslı və praktiki yönümlüdür. Lakin tibb, mühəndislik, müəllim hazırlığı, memarlıq və incəsənət kimi ixtisaslarda tədris saatlarının, laboratoriya və praktiki təcrübələrin azaldılması keyfiyyət itkisinə və beynəlxalq akkreditasiya problemlərinə səbəb ola bilər. Azərbaycan təhsil sistemi hələlik bu dəyişikliyə tam hazır deyil".

Bu islahat yalnız “kağız üzərində” illərin azaldılması ilə məhdudlaşmamalıdır:

“Tədris metodologiyası, qiymətləndirmə sistemi və keyfiyyət təminatı yenilənməlidir. 3 illik model üçün kurikulumlar nəticəyönümlü şəkildə yenilənməli, yüksək nəticə göstərən tələbələr üçün ‘sürətləndirilmiş’ trayektoriya tətbiq edilməlidir. Yay semestrləri və təcrübə blokları genişləndirilməli, müəllim resursları və tədris infrastrukturu yenilənməlidir. Əks halda bu model yalnız formal dəyişiklik olacaq və nəticədə diplomun real dəyəri zəifləyə bilər".

Avropanın əksər ölkələrində 3 illik bakalavr proqramları (3+2 modeli - 3 il bakalavr, 2 il magistratura) qəbul olunub. Lakin bəzi ölkələr magistr pilləsinə qəbul üçün 240 ECTS tələbi saxlayır:

“Deməli, 3 illik diplom Avropada geniş tanınsa da, bəzi universitetlər əlavə kurs və ya "pre-master" mərhələsi tələb edə bilər. ABŞ kimi ölkələrdə isə fərdi ekvivalentlik qiymətləndirməsi aparılır.

Fənn təkrarı aradan qaldırılmalı, praktiki bacarıqlar və layihələr əsas götürülməlidir. Tələbələr üçün yay semestrləri və təcrübə proqramları genişləndirilməli, universitetlərdə keyfiyyət təminatı, akkreditasiya və beynəlxalq tərəfdaşlıq mexanizmləri gücləndirilməlidir.

Dərs yükü azaldılmamalı, sadəcə məzmunca daha məqsədyönlü hala gətirilməlidir. Türkiyənin 3 illik bakalavr təşəbbüsü sürətli və çevik təhsil modelinə keçid məqsədi daşıyır, amma hələlik yalnız seçilmiş tələbələr və müəyyən ixtisaslar üçün nəzərdə tutulub. Azərbaycan üçün bu model yalnız pilot və mərhələli şəkildə tətbiq oluna bilər".

Избранный
8
azedu.az

1Источники