Pep Qvardiolanın "Barselona"ya qayıtmaq ehtimalı demək olar ki, yoxdur.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun uzun illər köməkçisi olmuş Karles Planşar "Sport" nəşrinə verdiyi müsahibədə danışıb.
Planşar 2007-ci ildən etibarən Qvardiola ilə "Barselona", "Bavariya" və "Mançester Siti"də birlikdə çalışıb. O, üç klub arasındakı fərqlərdən və Qvardiolanın "Barselona"ya dönmək istəməməsinin səbəbindən bəhs edib:
""Mançester Siti"də klubdakı hər kəs - rəhbərlik, azarkeşlər, işçilər - bir məqsəd üçün çalışır. Bəziləri razı olmasa da, hər kəs komandaya sadiqdir və bir ailə kimi davranır. Bu mühiti illər əvvəl "Liverpul"da da görmüşdüm. "Siti"də isə Ferran Soriano və Çiki Begiristayn sayəsində özümüzü doğrudan da ailə kimi hiss etdik".
Jurnalistin "Pep niyə "Barselona"ya qayıtmaq istəmir?" sualına isə o, belə cavab verib:
"Bu, onun şəxsi qərarıdır və tam məsuliyyəti özü daşıyır. Amma mən onu anlayıram - "Siti"də bizə ailə münasibəti göstərdilər, işləmək üçün ideal şərait yaratdılar. O, "Barselona"da və ya "Bavariya"da bu qədər rahat hiss etmirdi".
Qeyd edək ki, Pep Qvardiola ötən ilin noyabrında "Mançester Siti" ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb. Planşarın fikrincə, Qvardiola yaxın gələcəkdə yeni layihəyə başlamağı düşünə bilər:
"Məncə, hər bir layihə beş-altı ildən sonra yenilənməlidir. Dost kimi ona yeni meydan oxumaq üçün fərqli bir layihə tapmağı tövsiyə edərdim. Onun hələ çox uğur qazanacaq potensialı var".
Hüseyn
Milli.Az