RU

Şəhid atası: Mən oğlumla hər zaman fəxr etmişəm

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəncə, 10 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə şəhəri torpaqlarımızın işğaldan azad olunması uğrunda çoxlu şəhidlər verib. Belə qəhrəmanlardan biri də şəhid Elşən Dünyamalıyevdir. Elşən Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

AZƏRTAC-ın bölgə müxbiri şəhid Elşən Dünyamalıyevin böyüdüyü evdə olub, valideynləri ilə görüşüb.

Elşən 1997-ci il aprelin 6-da Gəncə şəhərində anadan olub. 2003-2012-ci illərdə Gəncə şəhərində 21 nömrəli tam orta məktəbdə, 2012-2015-ci illərdə isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Liseyində təhsil alıb. O, 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2016-cı ilin Aprel döyüşlərində savaşıb. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Şəhidin atası Mübariz Dünyamalıyev hər zaman oğlunun vətənpərvərliyi ilə öyündüyünü deyib: “Mən oğlumla hər zaman fəxr etmişəm. Hər yerdə başımı uca edib. Özüm də müharibə iştirakçısı olduğuma görə övladlarımı hər zaman vətənpərvər ruhda böyütmüşəm. Torpağı qorumağın vacibliyini, Vətən sevgisini kiçik yaşlarından aşılamışam”.

Elşən Dünyamalıyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

“30 ildir işğal altında olan torpaqlarımız şəhidlərimizin, qazilərimizin sayəsində işğaldan azad olundu. Hara getsək üzümüz ağ, alnımız açıq gəzirik”, - deyə şəhidin anası Rəbiyyə Dünyamalıyeva bildirib.

Şəhid Elşən Dünyamalıyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
azertag.az

1Источники