Təhsilverənlərin sertifikasiya imtahanından müvafiq balı toplamadığı üçün işdən azad olunan ingilis dili müəllimi Vəfa Həsənova verilən qərarla razılaşmır.
Bizim.Media-ya müraciət edən müəllim Goranboy rayon Buzluq kənd tam orta məktəbində işləyib.
Onun sözlərinə görə, o, hər iki cəhddə müvafiq balı toplaya bilməyib və işdən azad olunub. Lakin müəllim öhdəsində birinci qrup əlil ailə üzvü olduğu üçün işinə xitam verilməsini qanunsuz hesab edir.
Əmək Məcəlləsinin 79-cu maddəsinə görə, işəgötürən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin əmək müqaviləsini ləğv edə bilməz.
Şikayətçi də həyat yoldaşının birinci qrup əlil olduğunu bildirib:
“Birinci qrup əlil xəstəyə baxıram. Məktəb direktoru Rəşad Ələkbərovun çirkin əməllərinin qurbanı olmuşam. Elm Və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında iki dəfə iştirak etmişəm və kəsilmişəm. Məktəbin direktoru məni sertifkasiya imtahanının qaydalarına uyğun olaraq işdən azad etməyib, qanunlara zidd olaraq aldadaraq, təzyiq göstərərək öz ərizəmlə işdən azad edib. Direktorun qanunsuz əməllərinə görə, mən Əmək Məcəlləsinin 79-cu maddəsinin bəndlərindəki güzəştlərdən məhrum edilmişəm”.
17 ildir müəllim kimi çalışdığını deyən Vəfa Həsənova iddia edib ki, direktorun bu addımı atmasına səbəb onun həyat yoldaşının da həmin məktəbdə ingilsi dili müəllimi işləməsidir:
“Direktor qanunsuz əməli ona görə edib ki, mənim dərslərimi MİQ (müəllimlərin işə qəbulu) sistemində vakant yer kimi gizlədib və dərsləri öz həyat yoldaşına verib”.
Gəncə Dövlət Humanitar Kollecini bitirən müəllim direktorun həyat yoldaşı olan məktəbin digər ingilis dili müəlliminin də sertifikasiya imtahanının birinci cəhdindən kəsildiyini vurğulayıb.
Məsələyə aydınlıq gətirmək üçün Goranboy rayon Buzluq kənd tam orta məktəbinin direktoru Rəşad Ələkbərovla əlaqə saxladıq.
Məktəb direktoru Bizim.Media-ya bildirdi ki, Vəfa Həsənova sertifikasiya imtahanından azad olunduğuna dair müvafiq sənədləri təqdim etmədiyi üçün qanunauyğun olaraq imtahanda iştirak edib.
Direktor müəlimin hər iki cəhddə müvafiq balı toplamadığı üçün öz ərizəsi ilə işinə xitam verildiyini deyib:
“Təəssüf ki, imtahanda müvafiq balı toplaya bilməyib. Vəfa Həsənovanın himayəsində birinci qrup əlil ailə üzvünün olmasına dair rəsmi sənəd, yəni onun nikah haqqında şəhadətnaməsi yoxdur”.
Məktəb rəhbəri həmin məktəbdə ingilis dili müəllimi işləyən həyat yoldaşı ilə bağlı məsələyə də aydınlıq gətirib.
Onun sözlərinə görə, həyat yoldaşı sertifikasiya imtahanının birinci cəhdində müvafiq balı toplamasa da, ikinci cəhddə yüksək nəticə göstərib.
Qeyd edək ki, “Təhsil haqqında” Qanuna görə, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə
məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikasiya imtahanından azaddırlar. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikasiyada iştirakı isə könüllüdür.
Günay Şahmar, Bizim.Media