RU

Bitki əsaslı qidalanma insan sağlamlığı üçün nə qədər faydalıdır?

Son illərdə bitki əsaslı qidalanma – tərəvəz, meyvə, paxlalılar, toxumlar, taxıllar və qoz-fındıq kimi bitki mənşəli məhsulların əsas olduğu pəhriz – getdikcə populyarlaşır.

Bəs bitki əsaslı qidalanma insan sağlamlığı üçün nə qədər faydalıdır?

Mövzu ilə bağlı Operativ Media-ya dietoloq Ceyhunə Yusifova danışıb.

O, bildirib ki, insanlar bu pəhrizi fərqli yollarla tətbiq edirlər:

"Bəziləri tam vegan – yəni heyvan mənşəli heç bir məhsul istifadə etmədən, bəziləri isə bəzən balıq, yumurta və ya süd məhsullarına az miqdarda yer verərək “bitki ağırlıqlı” şəkildə tətbiq edir.

Bitki əsaslı pəhrizin bir sıra faydaları var. O, ürək-damar sağlamlığını qoruyur, xolesterini və qan təzyiqini azaldır, insulin həssaslığını yaxşılaşdırır və tip 2 diabet riskini azaldır. Həmçinin az kalorili və liflə zəngin olduğu üçün arıqlama və bədən balansı üçün uyğundur, toxluq hissini uzun müddət saxlayır. Bitkilərdəki antioksidantlar və fitokimyəvi maddələr xərçəng və iltihab riskini azaldır, lifli qidalar isə bağırsaq sağlamlığını dəstəkləyir.

Lakin düzgün planlaşdırılmayan pəhrizdə bəzi risklər də var. Tam vegan pəhrizdə B₁₂ vitamini yalnız əlavələrlə təmin edilə bilər. Bitkilərdəki dəmir, sink və kalsium bədəndə zəif sorula bilər, buna görə menyu müxtəlif olmalıdır. D vitamini və kalsium kifayət qədər alınmazsa, sümüklər zəifləyə bilər. Bitki zülalları bədənin bütün amin turşularını təmin etməyə bilər, buna görə paxlalılar və taxılların birlikdə istehlakı vacibdir. Çox az kalorili pəhriz yorğunluq və əzələ itkisinə səbəb ola bilər.

Qidalanma müxtəlif olmalı, paxlalılar, taxıllar, tərəvəzlər, meyvələr, toxumlar və qoz-fındıq menyuda mütləq yer almalıdır. B₁₂ və D vitamini əlavələri qəbul edilməli, qan analizləri və bədən tərkibi testləri vasitəsilə pəhrizin təsiri izlənməlidir".

Ayşən Sadıxzadə

Избранный
36
operativmedia.az

1Источники