RU

Təhlükəli beyin xərçəngi sümüklərə də zərər vurur

Albert Eynşteyn Tibb Kollecinin alimləri ilk dəfə müəyyən ediblər ki, ən aqressiv və ölümcül beyin şişi olan qlioblastoma təkcə beyin toxumasına deyil, həm də kəllə sümüklərinə təsir göstərir.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nature Neuroscience (NatNeurosci) jurnalında dərc olunub.

Əvvəllər bu xəstəliyin yalnız beyinə zərər verdiyi düşünülürdü. Aqressiv müalicə — cərrahi əməliyyat, kimyaterapiya və radiasiyaya baxmayaraq, qlioblastoma diaqnozu qoyulan xəstələrin orta sağ qalma müddəti cəmi 15 ay təşkil edir.

Yeni araşdırma göstərib ki, şiş kəllə sümüklərinin birləşmə hissələrini məhv edir, həmçinin sümük iliyinin strukturunda dəyişikliklərə səbəb olur.

“Qan hüceyrələri, o cümlədən immun hüceyrələr sümük iliyində istehsal olunur”, – deyə tədqiqatçılar bildiriblər.

Alimlər siçanlar üzərində aparılan təcrübələr zamanı qabaqcıl görüntüləmə üsullarından istifadə edərək, qlioblastomanın sümük eroziyasına səbəb olduğunu və kəllə ilə beyin arasında mikrokanalların sayını artırdığını müəyyənləşdiriblər. Bu kanallar hüceyrələr və siqnal molekullarının sərbəst hərəkətinə şərait yaradır.

Tədqiqat zamanı həmçinin məlum olub ki, kəllə və bud sümüklərindəki sümük iliyi şişə fərqli reaksiya verir.

Genetik analizlər göstərib ki, xəstəlik kəllə sümük iliyində immun hüceyrələrin strukturunu əhəmiyyətli dərəcədə dəyişdirir — iltihab yaradan neytrofillər və monositlərin sayı artır, immun sisteminin antikor istehsalında əsas rol oynayan B hüceyrələri isə demək olar ki, yox olur.

Tədqiqatın müəlliflərindən biri, professor E. Riçard Stenli bildirib: “Bu nəticələr qlioblastomanın niyə bu qədər aqressiv olduğunu və niyə müalicəyə qarşı davamlılıq göstərdiyini izah edir.”

// Gülnarə Abasova, Editor.az

Избранный
35
editor.az

1Источники