RU

Psixi sağlamlıq hüququnun universal insan hüquqları sistemində yeri və əhəmiyyəti

Hər il oktyabr ayının 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Psixi Sağlamlıq Gününün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradan bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan dünya və beynəlxalq günlər siyahısına daxil edilib.

Sağlamlığın qorunması hüququ insan hüquqları sistemində "ikinci nəsil hüquqlar" olan sosial-iqtisadi hüquqlar sırasına daxildir. Dövlət müdaxiləsinin yolverilməzliyini tələb edən birinci nəsil hüquqlardan fərqli olaraq, ikinci nəsil hüquqların həyata keçirilməsi dövlətin fəal iştirakı və dəstəyi olmadan qeyri-mümkündür. Sosial-iqtisadi hüquqların (o cümlədən sağlamlığın qorunması hüququnun) xüsusiyyəti ondan ibarətdir ki, onların həyata keçirilməsi üçün dövlətin konkret vəzifələri normativ qaydada müəyyən edilməlidir. Çünki əgər onların həyata keçirilməsi dövlət səviyyəsində təmin olunmursa, bu halda mülki və siyasi hüquqlar da heç bir əhəmiyyət kəsb etməyən formal kateqoriyaya çevrilir. Ona görə də sağlamlığın qorunmasına olan konstitusion hüquq dövlətin sosial siyasəti üçün oriyentirlər müəyyən edir. Həyat keyfiyyəti və sosial rifah kimi anlayışlar bu hüquqla sıx surətdə bağlıdır.

Sağlamlığın qorunması hüququ irqindən, milliyyətindən, dini baxışından, siyasi mənsubiyyətindən, iqtisadi və sosial vəziyyətindən, qulluq mövqeyindən və digər amillərdən asılı olmayaraq, hər bir şəxsin əsas hüquqlarından biri kimi qəbul edilir. Ayrı-ayrı ölkələrin konstitusiyalarında sağlamlığın qorunması hüququ XX əsrin ortalarından öz əksini tapmışdır. Qeyd olunan sənədlərdə sağlamlığın qorunmasının dövlət mexanizmləri göstərilmişdir. Həmin konstitusiyalar hüquq elminə, ikinci nəsil hüquqların formalaşması prosesinə, sosial dövlət konsepsiyasının qəbul edilməsinə ciddi təsir göstərdi. Sonrakı dövrdə isə dünya ölkələrinin konstitusiyaları bu hüquq qrupunu, o cümlədən sağlamlığın qorunması hüququnu qəbul edərək özündə əks etdirdi.

Günümüzdə insan həyatı və sağlamlığı ən yüksək dəyər kimi qəbul edildiyi üçün bu hüquq əksər dünya dövlətlərinin konstitusiyalarında əsas insan hüquqlarından biri kimi təsbit edilmişdir. Bu hüququn adı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Bu hüququ ifadə etmək üçün müxtəlif ( "sağlamlığın müdafiəsi", "sağlamlığın mühafizəsi" və s.) anlayışlardan istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyində bir qayda olaraq "sağlamlığın qorunması" termininə üstünlük verilir.

Ölkəmizin Konstitusiyasının 41-ci maddəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Azərbaycan Konstitusiyasında hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ bəyan edilməklə yanaşı, dövlətin müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görməsi, sanitariya-epidemiologiya salamatlığına təminat verməsi, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaratması da təsbit edilir. Sağlamlıq fərdin həyat fəaliyyəti ilə birbaşa bağlı olduğuna görə ona olan münasibət və onunla bağlı məsələlərin özəyi konstitusion hüquq səviyyəsində müəyyənləşdirilmişdir. Sağlamlığın qorunması hüququnu bəyan edən Azərbaycan Konstitusiyası Azərbaycan Respublikasının vətəndaşlığından asılı olmayaraq, onu hər bir insanın hüququ kimi müəyyənləşdirir. Sağlamlığın qorunması hüququ sosial-iqtisadi hüquqlara aid edilmişdir. O, insan həyatının müəyyən sahəsini əhatə edir, ona münasibətdə baza müddəalarının tövsiyə formullarına yol verilə bilər, onun gerçəkləşməsi iqtisadiyyatın və ehtiyatların vəziyyətindən çox asılıdır.

"Sağlamlığın qorunması hüququ" anlayışı "tibbi yardım almaq hüququ" anlayışı ilə sıx bağlıdır. Sağlamlığın qorunması hüququ daha geniş anlayışdır və tibbi yardım almaq imkanı onun əsas tərkib elementi kimi çıxış edir. Sağlamlığın qorunması hüququ tibbi yardım almaq imkanı (hüququ) ilə yanaşı, digər imkanları (hüquqları) da özündə əks etdirir, məsələn, təhlükəsiz əmək şəraitində işləmək, öz sağlamlığının və ətraf mühitin vəziyyəti barədə məlumat almaq və s. Bu baxımdan sağlamlığın qorunması sahəsində hüquqların dairəsi tibbi-sosial yardım sahəsində hüquqların dairəsindən xeyli genişdir. Bunu "Əhalinin sağlamlığının qorunması haqqında" qanunun quruluşu və təhlili də təsdiq edir. Belə ki, həmin qanunun III fəsli "Sağlamlığın qorunması sahəsində vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları", IV fəsli isə "Tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqları" adlanır. Üçüncü fəslin strukturunda yer alan maddələrdən biri, 12-ci maddə "Vətəndaşların tibbi-sosial yardım almaq hüququ" adlanır. Göründüyü kimi, tibbi-sosial yardım sahəsində vətəndaşların hüquqları sağlamlığın qorunması sahəsində hüquqların yalnız bir qrupunu təşkil edir.

Sağlamlığın qorunması hüququ hər bir kəsə doğulduğu andan məxsus olmaqla, fiziki və psixi sağlamlığın qorunub saxlanılmasına və möhkəmləndirilməsinə, insanların yüksəkkeyfiyyətli tibbi yardımla təmin edilməsini hədəfləyir. Əməyin mühafizəsi, istirahət, sağlam ətraf mühit, tibbi sığorta və s. kimi amillər bu hüququn dolğun və səmərəli surətdə həyata keçirilməsində mühüm rol oynayır.

Son illər insan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə, o cümlədən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədlərində "psixi sağlamlıq hüququ" anlayışı geniş istifadə edilməkdədir. Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığı qlobal ictimai sağlamlıq prioriteti kimi qəbul edir və 2030 Gündəliyində psixi sağlamlığın inkişaf etdirilməsi və bu sahədə hüquqların qorunması məqsədilə yeni strategiyalar və qanunvericilik islahatlarının həyata keçirilməsini tövsiyə edir. 2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə "Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə" adlı sənədi ictimaiyyətə təqdim etmişdir. Bu sənəd dünya ölkələrinə psixi sağlamlıq sahəsində islahatlar aparmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və bununla da keyfiyyətli müvafiq yardımın göstərilməsi məqsədi ilə hazırlanmışdır. Psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin insan hüquqlarının qorunması və reabilitasiyasının təmin edilməsi hər bir cəmiyyətin inklüziv və davamlı inkişafı üçün zəruridir.

Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsində sağlamlıq fiziki, psixi və sosial rifahın tam vəziyyəti kimi göstərilir. Müasir dünyada psixi sağlamlıq məsələsinə yanaşmanın əsasında isə 2 əsas tezis durmaqdadır:

1. Psixi sağlamlıq olmadan sağlamlıq mümkün deyil;

2. Psixi sağlam olmaq ancaq psixi pozuntuların olmaması demək deyil.

Psixi sağlamlıq gündəlik həyatımızda səmərəli fəaliyyət göstərməyimizə imkan verən psixoloji və emosional rifah vəziyyətidir. O, düşüncələrimizi, duyğularımızı və davranışlarımızı əhatə edir. Qeyd olunduğu kimi və məşhur stereotipin əksinə olaraq, psixi sağlamlıq təkcə psixi pozuntuların olmaması deyil. Bu anlayış həm də insanın özünə dəyər hissi və başqaları ilə sağlam münasibətlər saxlamaq bacarığını ehtiva etməkdədir.

Psixi sağlamlığın əhəmiyyətini anlamaq və ona düzgün qiymət vermək vacibdir. Psixi sağlamlıq insanların şəxsiyyətlərarası münasibətlərindən tutmuş karyera və peşəkar uğurlara qədər konkret şəxsin həyatının bütün sferalarına təsir göstərir. Sağlam və balanslı ruhi vəziyyət insanlara ömürlərinin müxtəlif mərhələlərində çətinlik və problemlərin öhdəsindən gəlməyə, onları həll etməyə, həyatın və müasir dünyanın çağırışlarına cavab vermək və dəyişikliklərə uyğunlaşmaq və məqsədyönlü yaşam hissini qoruyub saxlamağa imkan verir. Başqa sözlə desək, psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi əmin-amanlıq vəziyyətidir.

Psixi sağlamlıq fiziki sağlamlıqla sıx bağlıdır. Psixi rifah bütövlükdə sağlam həyata şərait yaradan başlıca amillərdəndir. İnsanın özünü reallaşdırmaq və potensialını tam açmaq baxımından psixi sağlamlıq xüsusilə önəmli faktor hesab edilir. Bu mənada psixi sağlamlıq həm insanın firavanlığının, həm də cəmiyyətin effektiv fəaliyyətinin əsasıdır. İnsanın psixi sağlamlıq səviyyəsi bir çox sosial, psixoloji və bioloji amildən asılı olur.

Təəssüf ki, bu cür yanaşma hələ bütün dünya ölkələrində qəbul edilməmişdir. Psixi sağlamlığa köhnə, ənənəvi yanaşma tərzi (fiziki və psixi sağlamlığın bir-birindən ayrılıqda qəbul edilməsi) psixi sağlamlıq sahəsində xidmətin, o cümlədən peşəkar psixiatriya yardımının marginallaşma və stiqmatizasiya hallarına gətirib çıxara bilir. 

Hər kəsin əldə edilə bilən ən yüksək fiziki və psixi sağlamlıq standartından istifadə hüququna dair xüsusi məruzəçinin 2017-ci ildə təqdim etdiyi məruzənin psixiatriya yardımı göstərən müəssisələr ilə bağlı müddəalarında 3 əsas məqam ekspertlərin diqqətini cəlb etmişdir:

1. Biotibbi yanaşmanın üstünlük təşkil etməsi;

2. Psixi sağlamlıq sahəsində dövlət siyasətinin müəyyən edilməsi və müvafiq xidmətin göstərilməsi ilə bağlı səlahiyyətlərin müəyyənləşdirilməsində çatışmazlıqlar;

3. Psixi sağlamlıq sahəsində faktoloji məlumatlardan qərəzli (önyarğılı) istifadə hallarının olması.

Qeyd olunan hallar isə psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqlarının pozulması, etibarsızlıq və inam probleminə, stiqmatizasiya kimi hallara gətirib çıxara bilir.

Psixi sağlamlıq məsələlərinə həsr edilmiş yenilikçi, novator ruhlu məruzəsində ( A/HRC/35/21) xüsusi məruzəçi artıq formalaşmış konsepsiyanı nəzərdən keçirərək qeyd edirdi ki, ənənəvi konsepsiya məcburi tədbirlər, biotibbi yanaşmalara əsaslanır. Bu isə pasiyentlərin hüquqlarını reallaşdırmasına mane olur. Məruzəçi icma əsaslı yanaşmaya üstünlük verməyə çağıraraq vurğulayır ki, icma əsaslı yanaşma sosial inteqrasiyaya şərait yaratmaqla insan hüquqları təmininə də əlverişli şərait yaratmış olur.

Xüsusi məruzəçinin 2019-cu il tarixli illik məruzəsi (A/HRC/41/34) psixi sağlamlıq üçün əhəmiyyət kəsb edən sosial faktorlara həsr edilmişdir. Bu məruzədə siyasi, psixoloji, sosial, iqtisadi mühitin hər bir insanın layiqli həyat səviyyəsi və öz potensialını reallaşdırmaq imkanlarına təsiri məsələləri vurğulanırdı.

Xüsusi məruzəçi İnsan Hüquqları Şurası üçün nəzərdə tutulmuş 2020-ci il məruzəsində (A/HRC/44/48 ) insan hüquqlarına əsaslanan psixi sağlamlıq gündəliyi və yanaşmasını təklif edir. Bu məqsədlə o, dünya ölkələrinə, Ümumdünya Səhiyyə Təşkilatına, bu sahədə ixtisaslaşmış təşkilatlara ünvanlanan təkliflərlə çıxış edir. 

Erkən yaşda uşaqların sağlamlıq hüququna həsr edilmiş məruzədə (A/70/213) xüsusi məruzəçi effektiv psixosial yardımın əhəmiyyətini vurğulayır. Psixi sağlamlıq məsələləri hər kəsin əldə edilə bilən ən yüksək fiziki və psixi sağlamlıq standartından istifadə hüququna dair xüsusi məruzəçinin yeniyetmələrin sağlamlıq hüququna (A/HRC/32/32) və Korrupsiya və sağlamlığın qorunması hüququna (A/72/137) həsr olunmuş məruzələrində öz əksini tapmışdır.

Qeyd olunan ümumi xarakterli məruzələrdən əlavə, ayrı-ayrı ölkələrdə psixi sağlamlıq hüququnun təmin edilməsi məsələlərinə həsr olunmuş ölkələr üzrə məruzələr təcrübəsi də mövcuddur.

BMT-nin İnsan Hüquqları Şurası da müasir dövrdə psixi sağlamlıq hüququna böyük əhəmiyyət verərək onu ən aktual məsələlər sırasında qeyd edir. 2016-cı ildə 73 ölkə birgə bəyanatla çıxış edərək sağlamlığın qorunması hüququnun tam həcmdə reallaşdırılması üçün psixi sağlamlığın vacibliyini vurğulamışlar. Həmin bəyanatda bütün insanların anadangəlmə ləyaqət hissinin qorunması, ayrı-seçkilik məsələlərinə xüsusi yer verilir.

2016-cı ildə BMT-nin İnsan Hüquqları Şurası "Psixi sağlamlıq və İnsan Hüquqları" adlı qətnamə (A/HRC/RES/32/18) qəbul etmişdir. Qətnamənin məntiqi davamı olaraq Baş Komissarın 2017-ci ildə xüsusi məruzəsi (A/HRC/34/32) təqdim olundu. Məruzədə psixi sağlamlıq sahəsində müvafiq xidmətlərdən istifadə edən şəxslərin qarşılaşdığı çağırışlar təhlil edilir.

2017-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının qəbul etdiyi qətnamədə (A/HRC/RES/36/13) Baş Komissara psixi sağlamlıq sahəsində strategiyaların müəyyən edilməsi üçün məsləhətləşmələr aparılması barədə tapşırıq verilirdi.

BMT-nin İnsan Hüquqları Şurasının 2020-ci ildə qəbul etdiyi qətnamə (A/HRC/RES/43/13) dövlətləri psixi sağlamlıq sahəsində dövlət siyasətinin baxış bucağını dəyişdirməyə, müvafiq qanunvericiliyin monitorinqini apararaq lazımi əlavə və dəyişikliklər edilməsinə çağırır. 

Göründüyü kimi, "psixi sağlamlıq hüququ" termini beynəlxalq sənədlərdə kifayət qədər geniş istifadə edilməkdədir. Təəssüf ki, Azərbaycan hüquq və tibb ədəbiyyatında, həmçinin milli qanunvericilikdə bu istilaha demək olar ki, rast gəlmək mümkün deyil. Hesab edirik ki, insan hüquqları sahəsində artıq özünə yer tapmış bu hüquq və onun təmin edilməsi məsələləri ölkəmiz üçün də aktual olmaqla müvafiq elmi araşdırmaların mövzusu qismində çıxış etməli, qanunvericilikdə bu hüququn reallaşdırılması məsələləri ətraflı tənzim edilməlidir. 

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sənədlərində psixi sağlamlıq hüququ universal insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi təsbit olunmuşdur. Müasir dövrdə psixi sağlamlıq bütün dünyada ən mühüm ictimai sağlamlıq çağırışlarından biri kimi qiymətləndirilir. ÜST-ün məlumatına görə, dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir, hər il 3 milyona yaxın insan alkoqoldan sui-istifadə nəticəsində həyatını itirir, 700 minə yaxın şəxs isə intihar edir. Xüsusilə pandemiya illərində bu göstəricilərin daha da artması psixi sağlamlıq sahəsində qlobal tədbirlərin və milli strategiyaların gücləndirilməsini zəruri etmişdir.

"Psixiatriya yardımı haqqında" qanunun 42-ci maddəsinə əsasən, psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına əməl olunmasına nəzarət funksiyası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) həvalə edilmişdir.

Ombudsman təsisatı bu mandat çərçivəsində psixiatriya müəssisələrinə və reabilitasiya mərkəzlərinə mütəmadi başçəkmələr həyata keçirir, həmin müəssisələrdə saxlanma şəraitinin beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırılması istiqamətində təkliflər hazırlayır. Belə müəssisələrdə müalicə alan şəxslərin könüllü şəkildə oradan ayrıla bilmədikləri nəzərə alınaraq, onların hüquqlarının müdafiəsi ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

2024-cü ilin sonunda ombudsman tərəfindən "Psixi sağlamlıq və insan hüquqları" üzrə İşçi Qrup yaradılmışdır. Qrupun tərkibinə Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq və dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və psixi sağlamlıq sahəsində ekspertlər daxildir. İşçi Qrupun əsas məqsədi dövlət qurumları, mütəxəssislər və ictimaiyyət arasında əməkdaşlıq platforması yaratmaq, psixi sağlamlıq sahəsində hüquqi və institusional mexanizmləri təkmilləşdirməkdən ibarətdir.

İşçi Qrupun katibliyi tərəfindən ölkədə psixi sağlamlıqla bağlı ictimai rəyin öyrənilməsi məqsədilə sorğular və sosial media monitorinqləri həyata keçirilir. Monitorinq nəticələri göstərir ki, cəmiyyətin bir hissəsi hələ də psixi pozuntularla bağlı stereotiplərin təsiri altındadır, bir çox insan "damğalanmaq" qorxusundan peşəkar psixoloji və ya psixiatriya yardımına müraciət etməkdən çəkinir. Bu isə psixi sağlamlıq sahəsində maarifləndirmə işlərinin daha da gücləndirilməsinin vacibliyini nümayiş etdirir.

Aparılmış monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, bəzi reabilitasiya müəssisələrində tibbi təhsili olmayan şəxslərin fəaliyyət göstərməsi, fərdi reabilitasiya proqramlarının qeyri-peşəkar hazırlanması və pasiyentlərin məxfiliyinin pozulması kimi hallara rast gəlinir. Xüsusilə reabilitasiya prosesində olan şəxslərin foto və videomateriallarının reklam məqsədilə sosial şəbəkələrdə paylaşılması onların şəxsi toxunulmazlıq və ləyaqət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, həmçinin "Psixiatriya yardımı haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" qanunlara əsasən, pasiyentlərin razılığı olmadan onların şəxsi məlumatlarının və görüntülərinin yayılması qəti şəkildə qadağandır. Bu tələblər həmçinin BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının 22-ci maddəsində və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş şəxsi həyatın toxunulmazlığı və ləyaqətli rəftar prinsiplərinə tam uyğundur.

Qeyd edək ki, reabilitasiya mərkəzlərində və psixiatriya müəssisələrində müalicə alan şəxslərin bütün fundamental hüquqları - yaşamaq, sağlamlıq, ləyaqət və şəxsi toxunulmazlıq hüquqları tam təmin edilməlidir. Zorakılıq, laqeydlik və alçaldıcı rəftar hallarına yol verilməməli, bu müəssisələrin fəaliyyəti şəffaflıq və etik prinsiplər üzərində qurulmalıdır.

Ümumdünya Psixi Sağlamlıq Gününün 2025-ci il üçün müəyyən olunmuş mövzusu - "Fövqəladə hallar və böhranlar zamanı psixi sağlamlıq xidmətlərinə çıxış" son dərəcə aktualdır. Müharibə, pandemiya və təbii fəlakətlərin psixoloji nəticələri insanların həyat keyfiyyətinə uzunmüddətli təsir göstərir. Azərbaycan xalqı Birinci və İkinci Qarabağ müharibələrinin ağır nəticələrini yaşamış, minlərlə vətəndaşımız itkilər, köçkünlük və travmalarla üzləşmişdir. Bu baxımdan Ombudsman təsisatı Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin psixososial reabilitasiyasını daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə fəaliyyətin gücləndirilməsini vacib hesab edir.

Ümumiyyətlə, sağlamlığın, o cümlədən psixi sağlamlığın qorunması insan hüquqlarının ayrılmaz hissəsidir. Bu sahədə dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və media nümayəndələri birgə fəaliyyət göstərərək psixi sağlamlıq hüquqlarının təmininə və bu istiqamətdə ictimai şüurun formalaşdırılmasına töhfə verməlidirlər. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili olaraq bütün aidiyyəti qurumları, media təmsilçilərini və vətəndaş cəmiyyətini psixi sağlamlıq hüquqlarının müdafiəsinə, etik prinsiplərə riayətə və insan ləyaqətinə hörmətin qorunmasına çağırıram. Psixi sağlamlıq hüquqlarının təmin edilməsi insanın sağlam və ləyaqətli həyata qayıdışının ən mühüm təminatıdır.

Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Избранный
55
azerbaijan-news.az

1Источники