RU

Regional əməkdaşlığın və sabitliyin yeni formulu -Zəngəzur dəhlizi

Vaşinqtonda imzalanmış Bəyannamə və Qəbələdə səslənən siyasi mesajlar bir daha göstərir ki, Azərbaycan həm regional, həm də qlobal miqyasda əsas aktordur

Zəngəzur dəhlizi “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təkcə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək məqsədi daşımır, həm də Orta Dəhlizin əsas həlqələrindən birinə çevrilərək regionun strateji xəritəsini yenidən formalaşdırmaq gücünə malikdir. TRIPP artıq adi bir nəqliyyat layihəsi deyil, beynəlxalq iqtisadi əlaqələri canlandırmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq modelini yenidən müəyyən edən geostrateji təşəbbüs kimi dəyərləndirilir.

Bu mühüm məsələ Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Qəbələ şəhərində keçirilən XII Zirvə görüşündə də diqqət mərkəzində oldu. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündəki çıxışında Vaşinqton sammitinin önəmli nəticələrindən biri kimi Zəngəzur dəhlizinin – TRIPP marşrutunun açılmasını xüsusi vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal–Cənub marşrutu çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir və bu xəttin işə düşməsi bütün tərəflərin maraqlarına cavab verir. Prezidentin bu fikirləri yalnız iqtisadi əlaqələrin genişlənməsi baxımından deyil, həm də Türk dünyasının strateji həmrəyliyinin dərinləşməsi nöqteyi-nəzərindən olduqca vacib mesaj idi. O, çıxışında qeyd etdi ki, Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər artıq qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olaraq bu gün regional iqtisadi inteqrasiyanın aparıcı mərkəzinə çevrilib.

Zəngəzur dəhlizi isə bu sistemin yeni strateji qatını formalaşdırır. Təkcə Azərbaycan üçün deyil, bölgə ölkələri, eləcə də Avropa üçün xüsusi əhəmiyyət daşıyan bu layihənin reallaşmasına ABŞ kimi supergücün birbaşa dəstək verməsi onun beynəlxalq səviyyədə qəbul edilən reallığa çevrildiyini göstərir. ABŞ Prezidentinin təşəbbüsü və iştirakı ilə imzalanmış Bəyannamə faktiki olaraq Qafqazın geosiyasi çəkisini artırmaqla yanaşı, yeni iqtisadi mərkəzin formalaşmasına şərait yaradır. Regionun dayanıqlı inkişafına xidmət edəcək belə transmilli layihələrin reallaşması təkcə nəqliyyat və logistika imkanlarını genişləndirmir, eyni zamanda, tərəflər arasında əməkdaşlığın daha məzmunlu və uzunmüddətli xarakter almasına təkan verir. Bu zaman iqtisadi potensialın güclənməsi ilə yanaşı, TDT-yə üzv ölkələr arasında qarşılıqlı investisiyaları təşviq edəcək, ticarət əlaqələrinə yeni nəfəs gətirəcək. Məhz bu mənada TRIPP layihəsi türk dövlətlərini birləşdirən, onların iqtisadi maraqlarını ortaq platformada toplayan müasir əməkdaşlıq modelidir.

Prezident İlham Əliyevin TRIPP-lə bağlı səsləndirdiyi fikirləri Qəbələdə keçirilən TDT Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan XİN-in başçısı Ceyhun Bayramov tərəfindən davam etdirildi. Nazir çıxışında bildirdi ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xəttlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. O qeyd etdi ki, təşkilatın bu istiqamət üzrə nəhəng imkanlara malik olması TRIPP layihəsinin strateji əhəmiyyətini daha da artırır. C.Bayramov TRIPP-i həm Orta Dəhlizin ayrılmaz parçası, həm də qlobal təchizat zəncirinin mühüm halqası kimi səciyyələndirdi: “Vaşinqton Zirvə görüşü çərçivəsində Zəngəzur dəhlizi (TRIPP) vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır.”

Nazirin bu bəyanatı həm Azərbaycanın regiondakı lider rolunu, həm də TDT-nin artan strateji çəkisini nümayiş etdirdi. Artıq Türk dünyası öz daxilində nəqliyyat arteriyalarını bir-birinə bağlayan, enerji resurslarını, ticarət və informasiya xətlərini vahid sistemdə birləşdirən nəhəng platforma halına gəlməkdədir.  TRIPP layihəsinin reallaşması yalnız kommunikasiya və nəqliyyat baxımından deyil, həm də siyasi dinamikanın dəyişməsi kontekstində mühüm əhəmiyyət kəsb edir. Bu layihə bölgə dövlətlərini qarşılıqlı maraqlar əsasında bir araya gətirir, əməkdaşlıq üçün yeni platforma yaradır. Əslində, TRIPP Qafqazda sabitliyin, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın mühüm dayağına çevrilmək gücünə malikdir.

Bu marşrut gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, eləcə də fiber-optik xətlərin çəkilməsi üçün geniş imkanlar təqdim edə bilər. TRIPP marşrutu regionu yalnız ticarət və nəqliyyat baxımından deyil, həm də rəqəmsal kommunikasiya mərkəzinə çevrilməyə doğru istiqamətləndirəcək. Azərbaycanın son illərdə həyata keçirdiyi “yaşıl enerji” strategiyası, rəqəmsal transformasiya proqramları və “Rəqəmsal İpək Yolu” təşəbbüsləri bu yeni marşrutun iqtisadi və texnoloji infrastrukturla sinxronlaşmasına şərait yaradır.

Azərbaycan bu marşrutun reallaşması üçün bütün səylərini səfərbər edib. Dövlət səviyyəsində həyata keçirilən infrastruktur layihələri, Naxçıvanla əsas ərazini birləşdirəcək kommunikasiya xətləri, dəmir yolu və avtomobil yollarının bərpası, enerji və optik rabitə sistemlərinin genişləndirilməsi TRIPP marşrutunun gələcəyini təmin edən əsas addımlardır.

Bu layihə reallaşdıqdan sonra region yalnız iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan sabitlik və rifah məkanı kimi formalaşacaq. Azərbaycanın təşəbbüsləri ilə gerçəkləşən hər bir layihə – istər Orta Dəhliz, istər Şimal–Cənub xətti, istərsə də TRIPP marşrutu – əslində, müasir dövrün geosiyasi reallıqlarında ölkəmizin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Bütün bu layihələrdə məqsəd yalnız iqtisadi fayda deyil, həm də regionda uzunmüddətli sülh və rifahın təmin olunmasıdır.

Nəticə etibarilə TRIPP – Azərbaycan diplomatiyasının, iqtisadi gücünün və strateji düşüncəsinin növbəti parlaq təzahürüdür. Vaşinqtonda imzalanmış Bəyannamə və Qəbələdə səslənən siyasi mesajlar bir daha göstərir ki, XXI əsrin yeni inteqrasiya xəritəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda oyun qaydalarını müəyyən edən əsas aktordur. Bu xətt işə düşdükdə isə təkcə Naxçıvanla Bakı birləşməyəcək – Qafqazdan Orta Asiyaya, oradan da Avropaya uzanan yeni bir sülh və tərəqqi körpüsü yaranacaq.

Nigar Orucova, “İki sahil”

Избранный
24
ikisahil.az

1Источники