BAKI, 9 oktyabr. TELEQRAF
"Azərbaycan və Rusiya qonşu dövlətlərdir. Hər iki dövlətin bir-birinə yaxşı münasibətinin olmasına ehtiyacı var. Rusiya Prezidenti Vladimir Putinin bu gün Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə söylədiyi fikirlər göstərdi ki, Rusiya Azərbaycana lazım olduği kimi, Azərbaycan da Rusiyaya lazımdır".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
“Azərbaycan Prezidenti bir neçə gün bundan öncə özünün yüksək diplomatik etikasını göstərərək Rusiya Prezidentini ad günü münasibəti ilə təbrik etdi. Bu gün isə Düşənbədəki görüşdə tərəflər iki ölkə arasında narahatlıq doğuran məsələləri geniş müzakirə etdilər”, - deyə o qeyd edib.
Deputat bildirib ki, Azərbaycana məxsus sərnişin təyyarəsinin ötən ilin dekabrında Rusiya ərazisində vurulmasına dair Vladimir Putinin geniş izahat verməsi, istintaqı şəxsi nəzarəti altında saxlaması və digər addımları atacağı ilə bağlı fikirləri təqdirəlayiqdir: “Azərbaycan bunu qiymətləndirir. Prezident İlham Əliyev Vladimir Putinə məsələni şəxsi nəzarətə götürdüyünə görə, öz təşəkkürünü bildirib”.
Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanla Rusiya arasında artıq hər hansı bir anaşılmazılıq, fikir ayrılığı yoxdur: “Rusiyanın təyyarənin vurulmasına görə konpensasiya ödəmək öhdəliyini götürməsi, izahat verməsi, məsələnin bütün hüquqi tərəflərini araşdırmağı öhdəsinə götürməsi onu göstərir ki, tərəflər bundan sonra da mehriban qonşuluğu davam etdirəcəklər. Azərbaycan mehriban qonşuluq üçün hazırdır. Ölkəmizin sərnişin təyyarəsinin vurulması ilə bağlı mövqeyi beynəlxalq hüquqa, suverenliyimizə uyğun məsələdir. Artıq tərəflər arasında bütün anlaşımazlıqlara və fikir ayrılıqlarına son qoyuldu. Azərbaycan və Rusiya bundan sonra əvvəlki dövrdə olduğu kimi mehriban qonşuluq münasibətlərini davam etdirəcək”.