RU

Sahibkarların iştirakı ilə Milli Biznesin İnkişafı Forumu keçirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumu keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, dövlət və özəl şirkət nümayəndələrinin qatıldığı forumda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin "Əmlakın qeydiyyatı və icarəsi" İşçi Qrupu tərəfindən ötən dövr ərzində görülmüş işlər, "Business Ready" hesabatı üzrə özəl sektor nümayəndələrinə təqdim edilmiş sorğu anketlərində cavablar müzakirə olunub.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev görüşün biznes qarşısında duran məsələlərin müzakirəsi baxımından faydalı olacağını qeyd edib.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov daşınmaz əmlakın dövlət reyestri və kadastrı sahəsində yeni islahatlar, sahibkarlığın inkişafı, dövlət xidmətlərinin əlçatanlığı və biznes mühitinin şəffaflaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Tədbirdə “Business Ready” hesabatının metodologiyasına əsasən “Biznesin yerləşdiyi yer (əmlakın qeydiyyatı)” indikatoru mövzusunda çıxışlar edilib.

Forumda sahibkarları maraqlandıran məsələlər müzakirə edilib, iştirakçıların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Избранный
49
vergiler.az

1Источники