Çinin “Guansi Pinqqo” klubunun yarımmüdafiəçisi Samuel Asamoa oyun zamanı reklam lövhəsinə çırpılaraq ağır zədə alıb.
Publika.az xəbər verir ki, hadisə oktyabrın 5-də ikinci liqa çərçivəsində “Çuntsin Tunlyanlun”la keçirilən oyunda baş verib. Top uğrunda mübarizə zamanı rəqib futbolçu toqolu oyunçunu kənara itələyib və Asamoanın başı reklam lövhəsinə dəyib.
31 yaşlı futbolçuya boyun fəqərələrinin çıxığı və çoxsaylı sınıqları, həmçinin sinir sıxılması ilə müşayiət olunan onurğa blokadası diaqnozu qoyulub. Bu barədə klub məlumat yayıb.
Bildirilib ki, Asamoanı aşağı ətrafların iflici təhlükəsi gözləyir və o, mövsümün qalan oyunlarını buraxacaq. Futbolçunun karyerası ciddi təhlükə altındadır. Dünən ona uğurlu əməliyyat aparılıb, vəziyyəti sabitdir.