RU

Qadınlarda sidik qaçırma necə müalicə olunur və əməliyyatdan sonra doğuş mümkündürmü?

Mama-ginekoloq, cərrah Denis Titovun sözlərinə görə, qadınlarda sidik qaçırma olduqca geniş yayılmış problemdir.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, qadınların 30 faizdən çoxu bu pozuntudan əziyyət çəkir. Onların təxminən 40 faizi isə 50 yaşdan aşağı əmək qabiliyyətli qadınlardır.

Həkimin sözlərinə görə, bir çox qadın bu barədə danışmaqdan və tibbi yardıma müraciət etməkdən utanır. Halbuki, sidik qaçırma bədənin yaşlanmasının qaçılmaz nəticəsi deyil və istənilən yaşda müalicə oluna bilər.

Titov qeyd edir ki, müasir dövrdə bu problemin effektiv və az travmatik müalicə üsulları mövcuddur. Xüsusilə stres tipli sidik qaçırma hallarında cərrahi müalicə daha çox üstünlük təşkil edir. Bu əməliyyat zamanı sidik yolunun altına “tor” adlanan suburetral sling yerləşdirilir. Prosedur minimal invaziv üsulla, təxminən 1 sm-lik kəsikdən vajinal giriş vasitəsilə həyata keçirilir.

Əməliyyatdan sonra xəstə adətən ertəsi gün evə buraxılır. Üç ildən artıq müşahidə nəticəsində bu üsulun uzunmüddətli effektivliyi 90 faizdən çox təşkil edir.

Ən önəmli məqamlardan biri isə odur ki, əməliyyatdan sonra qadın hamilə qalaraq, təbii doğuş edə bilər. Titovun sözlərinə görə, vajinal doğuşdan sonra xəstəliyin təkrarlanma riski 10 faizdən artıq deyil.

Mütəxəssis vurğulayır ki, sidik qaçırma müalicəsi fərdi yanaşma tələb edir. Hər bir halda düzgün diaqnoz və müalicə planı yalnız bu sahədə ixtisaslaşmış həkim tərəfindən müəyyənləşdirilməlidir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Избранный
51
e-saglam.az

1Источники