RU

İtaliya HƏMAS və İsrailin atəşkəs razılaşmasını alqışlayır

Roma, 9 oktyabr, AZƏRTAC

İtaliya HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Nazirlər Şurasının məlumatında deyilir.

İtaliyanın Baş naziri Ciorcia Meloni bildirib ki, ABŞ Prezidenti Donald Trampın sülh planının birinci mərhələsinin həyata keçirilməsi çərçivəsində Misirdə əldə edilən razılaşma Qəzzada atəşkəsə, bütün girovların azad edilməsinə və razılaşdırılmış xətt üzrə İsrail qüvvələrinin geri çəkilməsinə yol açan qeyri-adi xəbərdir.

“Qəzzadakı münaqişənin sona çatması üçün mühüm əhəmiyyət kəsb edən səylərinə görə Prezident Trampa, eləcə də vasitəçilərə – Misir, Qətər və Türkiyəyə bu uğurlu nəticəyə görə təşəkkür edirəm. Bu razılaşma və sülh planında nəzərdə tutulan daha geniş yol münaqişəyə son qoymaq üçün unikal imkan yaradır. Ona görə də mən bütün tərəfləri artıq razılaşdırılmış tədbirlərə tam hörmətlə yanaşmağa və sülh planında nəzərdə tutulan növbəti addımları sürətlə həyata keçirmək üçün çalışmağa çağırıram. İtaliya vasitəçilərin səylərini dəstəkləməyə davam edəcək və Qəzzanın sabitləşməsi, yenidən qurulması və inkişafına töhfə verməyə hazırdır”, - deyə Baş nazir qeyd edib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
14
azertag.az

1Источники