RU

“TDT+ modeli türk dövlətləri arasında yeni inteqrasiya mərhələsidir”

“TDT+ formatı türk dövlətlərinin əməkdaşlığını yeni səviyyəyə qaldıran siyasi və iqtisadi platforma kimi qiymətləndirilir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki,  bu format türk dünyasını yalnız mədəni bağlarla deyil, strateji maraqlarla da birləşdirməyi hədəfləyir:

“Türk Dövlətləri Təşkilatının genişlənməsi Mərkəzi Asiya, Qafqaz və Anadolu bölgələrində yeni güc mərkəzinin formalaşmasına şərait yaradır. TDT+ çərçivəsində enerji, nəqliyyat, təhlükəsizlik və ticarət sahələrində ortaq layihələrin reallaşması gözlənilir. Azərbaycanın bu formatdakı rolu xüsusi əhəmiyyət daşıyır. Çünki ölkə coğrafi mövqeyinə görə türkdilli dövlətlər arasında körpü funksiyasını yerinə yetirir. Bakı həm enerji marşrutlarının təhlükəsizliyində, həm də iqtisadi inteqrasiyada əsas həlqədir. Bu model Azərbaycan üçün yeni bazarlara çıxış, investisiya və logistika imkanlarını genişləndirə bilər”.

 O əlavə edib ki, TDT+ həm də türk dövlətlərinin Qərb və Şərq gücləri arasında balanslı siyasət aparmasına yardım edəcək:

“Bu əməkdaşlıq regional müstəqilliyi və təhlükəsizliyi möhkəmləndirəcək. Təşkilatın genişlənməsi Türkiyənin liderlik rolunu da daha qabarıq şəkildə ortaya qoyur. Bununla yanaşı, Mərkəzi Asiya ölkələri üçün də öz maraqlarını qorumaq baxımından yeni diplomatik alətlər yaradır. TDT+ çərçivəsində vahid iqtisadi məkan və ortaq ticarət qaydaları üzərində iş aparılması gözlənilir. Bu, türk dünyasının qlobal iqtisadi sistemdə bir blok kimi çıxış etməsinə şərait yaradacaq. Azərbaycanın geosiyasi çəkisi və diplomatik nüfuzu bu prosesdə daha da artacaq.  TDT+ türk dövlətlərinə qarşılıqlı asılılıqdan doğan güc, Azərbaycana isə strateji mövqeyini daha da möhkəmləndirmək imkanı verir”.

Leyla Turan 
Demokrat.az
Избранный
7
1
demokrat.az

2Источники