RU

Pul verib həbsdən azad olmaq olarmı? - Vəkil danışır

“Pul ödəməklə həbsdən azad olunmaq” anlayışı qanunvericilikdə nəzərdə tutulmuş girov qismində qətimkan tədbirinin tətbiqi ilə bağlıdır. Bu məsələ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir".

Bunu Operativ Media-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 31 saylı Vəkil Bürosunun vəkili Aysel Əhmədova bildirib.

O bildirib ki, qanunvericiliyə əsasən bəzi hallarda şəxs girov qoymaqla həbsdən azad oluna bilər:

"Lakin bu, o demək deyil ki, istənilən şəxs sadəcə pul ödəməklə azadlığa buraxıla bilər. Girov yalnız qanunda nəzərdə tutulmuş şərtlər daxilində və məhkəmənin qərarı ilə tətbiq olunur. Məcəlləyə əsasən, həbs və girov hər ikisi qətimkan tədbiri sayılır və eyni vaxtda tətbiq edilə bilməz. Yəni bir şəxs barəsində ya həbs, ya da girov qətimkan tədbiri seçilə bilər. Girov məhkəmənin qərarı ilə pul, digər qiymətli əşya və ya daşınmaz əmlak formasında  təqsirləndirilən şəxsin özü, onun yaxın qohumları, eləcə də digər fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim oluna bilər".

Aysel Əhmədovanın sözlərinə görə, girov qismində qətimkan tədbiri yalnız müəyyən kateqoriyalı cinayətlər üzrə tətbiq edilir:

"Bu tədbir böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ictimai təhlükəliliyi yalnız maddi ziyanla bağlı olan və yaxud ehtiyatsızlıq üzündən törədilmiş ağır cinayətlərdə ittiham olunan şəxslərə münasibətdə tətbiq oluna bilər. Girov yalnız müdafiə tərəfinin  yəni təqsirləndirilən şəxsin və ya onun vəkilinin vəsatəti əsasında seçilir".

Vəkil əlavə edib ki, məhkəmə girovun məbləğini müəyyən edərkən onun həm ədalətli, həm də müvafiq olmasına diqqət yetirməlidir:

"Məcəlləyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə girov məbləği beş min manatdan, az ağır və ya maddi ziyanla bağlı və yaxud ehtiyatsızlıqdan törədilmiş ağır cinayətlər üzrə isə on min manatdan az olmamalıdır. Bununla yanaşı, məhkəmə girov məbləğini təyin edərkən cinayət nəticəsində vurulmuş ziyanın məbləğini və ya onun ödənilməmiş hissəsini də nəzərə almalıdır. Məsələn, əgər cinayət nəticəsində 15 000 manat ziyan vurulubsa, girov məbləği bu məbləğdən artıq müəyyən edilməlidir".

Aysel Əhmədova qeyd edib ki, girov qoymaqla həbsdən azad olunmaq qanunvericiliklə mümkündür, lakin bu proses avtomatik həyata keçirilmir. Girov yalnız müəyyən cinayət növləri üzrə, məhkəmənin qərarı əsasında və müdafiə tərəfinin vəsatəti ilə tətbiq edilir.

Ayşən Sadıxzadə

Избранный
53
operativmedia.az

1Источники