RU

Dövlət orqanlarına müraciət qaydalarını bilirikmi? - İZAH

Hər bir vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ vardır. Amma gəlin etiraf edək ki, çoxumuz bu hüququmuzdan necə istifadə etməyi, müraciəti hara, necə və hansı formada göndərməyi tam bilmirik. Nəticədə, bəzən problemimizi sadəcə “şikayətlənməklə” ifadə edirik, amma rəsmi yolla həllini tapmaq üçün düzgün addım atmırıq.

Hər kəs müraciət edə bilər

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, hər bir şəxs dövlət orqanlarına, bələdiyyələrə və ya vəzifəli şəxslərə ərizə, təklif və ya şikayətlə müraciət edə bilər.

Müraciət:

- şəxsi (yəni yalnız öz adından),
- kollektiv (bir neçə nəfər birlikdə),
- yazılı və ya elektron formada ola bilər.

Müraciət göndərmək üçün yaş məhdudiyyəti yoxdur, yəni hər bir vətəndaş istər gənc, istər yaşlı öz hüququnu tələb edə bilər.

Müraciət formaları hansılardır?

1. Yazılı müraciət

Ənənəvi üsuldur. Kağız üzərində ərizə hazırlanır, imza və tarix qoyulur. Ərizə aidiyyəti dövlət qurumuna poçtla, yaxud şəxsən çatdırılır.

2. Elektron müraciət

Bu gün ən rahat və tez üsul sayılır.

Müraciət üçün:

- e-gov.az (https://www.e-gov.az),
- my.gov.az (https://www.my.gov.az),
- asan.gov.az (https://www.asan.gov.az),
- eləcə də dövlət qurumlarının rəsmi saytlarından istifadə edilə bilər.

Bundan başqa, Prezident Administrasiyasına da müraciət etmək üçün president.az saytında (https://www.president.az) xüsusi bölmə mövcuddur.

3. Şifahi müraciət

Bu, adətən vətəndaş qəbulu, qaynar xətt və ya ASAN/DOST xidmət mərkəzlərində olur. Şifahi müraciət zamanı da vətəndaşın fikri rəsmi qaydada qeydə alınır.

Müraciət ünvanı problemin xarakterindən asılıdır.

Məsələn:

- Sosial məsələlər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə,
- Təhsil məsələləri üçün Elm və Təhsil Nazirliyinə,
- Yerli problemlər üçün icra hakimiyyətlərinə,
- Hüquq pozuntuları üçün Ombudsmana və ya məhkəmələrə müraciət etmək olar.

Müraciətə cavab müddəti

Qanunvericiliyə əsasən:

- Sadə müraciətlərə 15 iş günü,
- Əlavə araşdırma tələb edən müraciətlərə isə 30 iş günü müddətində cavab verilməlidir.

Əgər müraciət cavabsız qalarsa, vətəndaş həmin orqanın rəhbərliyinə və ya Ombudsmana təkrar şikayət verə bilər.

Müraciət zamanı nələrə diqqət edilməlidir?

1. Müraciət aydın və konkret yazılmalıdır.
2. Ad, soyad, ünvan, əlaqə nömrəsi mütləq qeyd edilməlidir.
3. Ərizə təhqir və emosional ifadələrsiz yazılmalıdır.
4. Problemi təsdiqləyən sənəd varsa (şəkil, çıxarış və s.), onu da əlavə etmək faydalıdır.
5. Elektron müraciət zamanı email və ya elektron imza düzgün göstərilməlidir.

Mövzu ilə bağlı Operativ Media-ya danışan hüquqşünas Şamil Paşayev bildirib ki, hər bir vətəndaş dövlət orqanlarına müraciət etmək hüququna malikdir:

"Vətəndaşların dövlət qurumları qarşısında hüquqlarının müdafiəsi və təminatı birbaşa olaraq qanunlara riayət etmələrindən asılıdır. Qanunvericilik çərçivəsi Azərbaycan Respublikasının Konstitusiyası və Milli Qanunvericiliyi ilə müəyyən olunur. Bu hüquqi baza dövlət-vətəndaş münasibətlərində qarşılıqlı məsuliyyət, şəffaflıq və hüquqi sabitliyin qorunmasını təmin edən əsas mexanizmdir.

Hər bir vətəndaş dövlət orqanlarına müraciət etmək hüququna malikdir və bu hüquq azad, könüllü və məcburiyyətsiz şəkildə həyata keçirilir.

Müraciət hüququnun reallaşdırılması zamanı digər şəxslərin hüquq və azadlıqlarının pozulmaması əsas prinsiplərdən biridir. Bu, hüquqi dövlətin əsas atributlarından sayılan qanun qarşısında bərabərlik və sosial ədalət prinsiplərinin təzahürüdür.

Azərbaycan qanunvericiliyi diskriminasiya hallarına qarşı ciddi qadağalar müəyyənləşdirib. Belə ki, şəxsin irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, siyasi və ya ideoloji baxışlarına, həmçinin ictimai birliklərə mənsubiyyətinə görə müraciət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Bu yanaşma həm də beynəlxalq insan hüquqları standartlarına uyğundur.

Qanunvericiliyə əsasən, vətəndaşların müraciətləri mahiyyəti üzrə araşdırılır. Müraciətlərə baxılma müddəti qanunla tənzimlənir: adi müraciətlər ən geci 15 iş günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlər isə 30 iş günü ərzində cavablandırılmalıdır. Hərbi qulluqçular və onların ailə üzvlərinin müraciətləri üçün bu müddət 15 gün olaraq müəyyən edilib".


Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;üzrə hazırlanıb.

Ayşən Sadıxzadə

Избранный
65
32
operativmedia.az

10Источники