Çində 82 yaşlı qadın bel ağrısını müalicə etmək üçün qeyri-adi xalq üsuluna əl atdıqdan sonra xəstəxanaya yerləşdirilib. Təqaüdçü qadın ağrını azaltmaq məqsədilə səkkiz diri qurbağanı udub.
Editor.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Zhang soyadlı qadın uzun müddət disk yırtığından əziyyət çəkirmiş. O, eşidib ki, canlı qurbağa yemək bu xəstəliyə “dərman” ola bilər və oğlu ilə birlikdə bu üsulu sınaqdan keçirməyə qərar verib.
O, oğlundan kiçik qurbağalar tutmasını xahiş edib, lakin onlarla nə edəcəyini deməyib. Oğlu qurbağaları gətirdikdən sonra qadın əvvəlcə üç qurbağanı, ertəsi gün isə qalan beşini yeyib.
Bir gün sonra qadın şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Müayinə nəticəsində onun orqanizmində parazitlər aşkarlanıb.
Zhangın həkimi Vu Zhongven bildirib ki, bu kimi hallara son illərdə tez-tez rast gəlinir:
“Son vaxtlar xalq təbabəti ilə məşğul olanlar bizə tez-tez müraciət edir. Bəziləri canlı qurbağa yeməklə yanaşı, çiy ilan, balıq ödü qəbul edir və ya qurbağanı dərilərinə tətbiq edirlər”, – deyə həkim bildirib.
Vu Zhongven əlavə edib ki, bu cür pasiyentlərin əksəriyyəti yaşlı insanlardır və onlar yalnız vəziyyətləri ağırlaşdıqda həkimə müraciət edirlər.
//Gülnarə Abasova, Editor.az