RU

Qəbələ Zirvəsi - Türk dünyasında strateji həmrəyliyin və qlobal əməkdaşlığın yeni mərhələsi - DEPUTAT



XXI əsrdə beynəlxalq münasibətlər sistemi yeni geosiyasi reallıqlar, regional əməkdaşlıq mexanizmlərinin inkişafı və çoxtərəfli diplomatik təşəbbüslərin genişlənməsi ilə səciyyələnir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, mədəni və mənəvi dəyərlər əsasında formalaşan, eyni zamanda, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirən mühüm beynəlxalq platforma kimi fəaliyyətini uğurla davam etdirir.

TDT-nin fəaliyyəti Türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat-kommunikasiya infrastrukturunun inteqrasiyasına və ümumi təhlükəsizlik maraqlarının təmin edilməsinə xidmət edir. Bu baxımdan təşkilat artıq regional əməkdaşlıq çərçivəsini aşaraq qlobal səviyyədə strateji tərəfdaşlıq modeli kimi mövqeyini möhkəmləndirir.

2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə görüşü Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində mühüm mərhələ olmuşdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti və TDT-nin Baş katibi tərəfindən iştirak edilən toplantı təşkilat çərçivəsində siyasi həmrəyliyin və strateji əməkdaşlığın inkişafına yeni impuls vermişdir.

Bu prosesin məntiqi davamı kimi, 2025-ci ilin 7 oktyabr tarixində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin ali səviyyəli nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının rəhbər şəxsləri iştirak etmişlər.

Qəbələ Zirvəsində Türk dövlətləri arasında iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi, TDT-nin institusional imkanlarının artırılması və üzv ölkələr arasında strateji koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur.

Dövlət başçıları Türk dövlətlərinin qlobal iqtisadi və siyasi sistemdə vahid mövqedən çıxış etməsinin, qarşılıqlı dəstək və birgə inkişaf prinsipinin qorunmasının əhəmiyyətini vurğulamışlar. Toplantı zamanı qəbul edilən qərarlar Türk dünyasının regional sabitlik və beynəlxalq təhlükəsizlik sistemindəki rolunun daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının siyasi, iqtisadi və mədəni potensialının reallaşdırılmasının zəruriliyini qeyd etmiş, bu birliyin sülh, sabitlik və inkişafın təmin edilməsində mühüm rol oynadığını vurğulamışdır: “Bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir. Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir”.

Dövlət başçısı bəyan etmişdir ki, Azərbaycan TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi, nəqliyyat-kommunikasiya marşrutlarının genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal transformasiya proseslərinin həyata keçirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.

Prezident İlham Əliyevin çıxışında aşağıdakı istiqamətlər xüsusi vurğulanmışdır: Enerji və nəqliyyat sahəsində əməkdaşlıq: Zəngəzur dəhlizinin açılması və Transxəzər nəqliyyat dəhlizinin inkişafı Türk dünyasının iqtisadi və logistik əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İqtisadi və texnoloji tərəfdaşlıq: Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palatası kimi mexanizmlərin fəaliyyətinin gücləndirilməsi, yaşıl enerji və innovasiyalar sahəsində birgə təşəbbüslərin dəstəklənməsi vacib istiqamətlər kimi qeyd edilmişdir.

Təhlükəsizlik və müdafiə əməkdaşlığı: Prezident İlham Əliyev bölgədə sülhün və sabitliyin qorunması üçün ortaq təhlükəsizlik yanaşmalarının tətbiqinin vacibliyini diqqətə çatdırmışdır.

Humanitar və mədəni əməkdaşlıq: Gənclər siyasəti, təhsil, elm və informasiya mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının ortaq irsinin qorunması və təbliği prioritet istiqamətlər kimi göstərilmişdir.

Prezident İlham Əliyev, həmçinin qeyd etmişdir: “Türkmən qardaşlarımızın hədiyyəsi - bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

Beləliklə, Zirvə görüşünün sonunda qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir. Bəyannamədə üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya təşviqi, nəqliyyat və enerji layihələrinin birgə icrası, rəqəmsal transformasiya, eləcə də humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri təsbit olunmuşdur.

Qəbələ Bəyannaməsi Türk dünyasının vahid siyasi iradəsini, qarşılıqlı etimad və həmrəylik prinsipini təsdiq etməklə yanaşı, təşkilatın qlobal səviyyədə mühüm strateji aktor kimi mövqeyini daha da möhkəmləndirmişdir.

Nəticə etibarı ilə, Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk dünyasının inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Zirvə bir daha təsdiq etmişdir ki, Türk birliyi regionda sülhün, sabitliyin və davamlı inkişafın mühüm təminatçısıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Türk Dövlətləri Təşkilatı qarşıdakı dövrdə də ortaq tarix, mədəniyyət və maraqlar üzərində formalaşan vahid strateji vizyon əsasında üzv dövlətlər arasında əməkdaşlığı dərinləşdirəcək, beynəlxalq münasibətlər sistemində öz rolunu daha da gücləndirəcəkdir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri




Избранный
5
5
aia.az

6Источники